SON XƏBƏRLƏR

“İranda səfalətin əsas səbəbi sanksiyalar deyil, yanlış siyasətdir”- Əhməd Obalı Amerikanın CBS televiziyasına  müsahibə verib

2022.05.22, 11:38
“İranda səfalətin əsas səbəbi sanksiyalar deyil, yanlış siyasətdir”- Əhməd Obalı Amerikanın CBS televiziyasına  müsahibə verib

Gunaz.tv

Güney Azərbaycan Televiziyasının (Günaz.TV) təsisçisi Əhməd Obalı Amerikanın CBS televiziyasına  müsahibə verib. Əhməd Obalı Güney Azərbaycanda  keçirilən etiraz aksiyaları və Təbrizin “Traxtur-Azərbaycan” futbol klubunun “Səhənd” stadionunda son oyunu zamanı baş verən hadisələrdən və səslənən milli şüarlardan danışıb.

Verilişin aparıcısı Con Bettler əvvəlcə özünün əslən azərbaycanlı olduğunu, baba və nənəsinin Urmu şəhərindən olduğunu xatırladıb.

O, “Traxtur” və “Persepolis” klubları arasında keçirilən son görüşdə səsləndirilən şüarların idmandan daha çox azadlıq və üsyan məzmunlu olduğunu bildirib.

Verilişin qonağı Əhməd Obalı İranın çox millətli ölkə olduğunu və burada bir neçə millətin vahid coğrafiyada yaşadığını bildirib.

“İran çoxmillətli ölkədir, o cümlədən farslar, Azərbaycan türkləri, kürdlər, ərəblər, bəluçlar və digər millətlər vahid coğrafiyada yaşayır. Azərbaycan türkləri İranın ümumi əhalisinin üçdə birini və ən azı 30-35%-dən çoxunu təşkil edir və daha çox ölkənin şimalında və Güney Azərbaycan adlanan Araz çayının cənub sahilində yaşayır. 

Türkləri təmsil edən Təbrizin “Traxtur” klubu və farsları təmsil edən “Persepolis” komandasının son oyununda hökumət ciddi təhlükəsizlik tədbirləri görüb, maneələr yaradıb, həbslər həyata keçirərək vəziyyətə nəzarəti əldən verməmək üçün bir çox milli fəalın stadiona girişinə imkan verməyib”-deyə, Əhməd Obalı vurğulayıb.

Günaz.TV-nin rəhbəri deyib ki, stadionun tutumunun 70 min nəfər olmasına baxmayaraq, hökumət etiraz aksiyalarının keçirilməsindən qorxduğu üçün stadionun dolmasının qarşısını alıb. “Dediyiniz kimi, şüarlar idman məzmunlu olmayıb və daha çox etiraz və üsyan məzmunlu olub. 

Tərəfdarların qaldırdıqları banerlərdə yazılan şüarların əksəriyyəti türkcə, bəzi hallarda isə fars dilində olub. Mən onları ingiliscəyə tərcümə edərək tvitterdə yaymışam”-Əhməd Obalı belə deyib.

Əhməd Obalı matç zamanı vaş verən gərginlikdən bəhs edib.

“Oyunun birinci yarısında stadionda sakitlik hakim idi, ikinci yarıda isə gərginlik yarandığı üçün oyun yarımçıq saxlanıldı. Hökumət oyun bitdikdən sonra tərəfdarların şəhərə axışıb və etiraz aksiyaları keçirəcəklərindən, aksiyaların qarşısını ala bilməyəcəyindən qorxurdu. 

Oyun zamanı səsləndirilən şüarlar əsasən dövlət idarələrində də qadağalara məruz qalmış türk dilində təhsilin tələbi və milli hökumətin qurulması istəyini əks etdirib”-deyə, GünazTV-nin təsisçisi qeyd edib.

Əhməd Obalı aparıcının tərəfdarların əllərində daşıdıqları qırmızı rəngli parçanın üzərində yazılmış şüarlar barədə sualına cavab olaraq bildirib ki, o baneri Ərdəbildən gələn tərəfdarlar qaldırıblar: 

“Ərdəbil Təbrizin şərqində yerləşir və mən özümdə orada dünyaya gəlmişəm. İran hökuməti hər zaman başqa qeyri-fars xalqların arasında düşmənçilik yaratmağa çalışdığı kimi təbrizlilər və ərdəbillilər arasında da kin-küdurət yaratmaq istəyib. Güney Azərbaycan şəhərləri olan Ərdəbil və Təbriz əhalisinin 95 faizi türkdür. 

Hakimiyyət həmişə bu iki şəhər arasında ixtilaf yaradaraq onları bir-birlərinə qarşı qoymağa çalışıb. Ancaq Ərdəbildən gələn tərəfdarlar böyük baner qaldıraraq hökumətə onlarla başqa Azərbaycan şəhərləri arasında düşmənçilik yarada bilməyəcəyinə dair mesaj vermək istəyiblər. 

Banerin üzərində “Ərdəbil canımdır, Təbriz isə damarlarımda axan qanımdır” şüarı yazılıb. Yəni bizi bir-birimizdən ayıra bilməyəcəksiniz deyiblər”.

Əhməd Obalı İrana qarşı tətbiq edilən sanksiyalara və İranda hökm sürən dərin iqtisadi böhrana toxunub.

Onun sözlərinə görə, İran xalqının çətinlikləri və iqtisadi vəziyyətlərinin ağırlığının əsas amili sanksiyalar deyil. 

«Əsas səbəb hakimiyyətin yanlış siyasətidir. Sanksiyaların tətbiqinə baxmayaraq İran hökuməti özünün əlaltı terror qruplarını, o cümlədən “Hizbullah”ı, “Husilər”i, “Həmas”ı, Suriyada Bəşər Əsəd rejimini, Pakistanda və İraqda şiə qruplaşmalarını maliyyələşdirir və bölgədə terror, qeyri-sabitliyi yayır. 

Əsas məsələ bundan ibarətdir ki, İranda bütün etniklər iqtisadi çətinliklərdən əziyyət çəkirlər. Ancaq mərkəzi əyalətlərdə və Farsistandan başqa Azərbaycan türkləri, bəluçlar, kürdlər və ərəblər ikiqat iqtisadi məhrumiyyətlərə məruz qalırlar. 

Bunun nəticəsidir ki, stadionlarda idman məzmunlu şüarlar yerinə siyasi və etiraz məzmunlu şüarların verilməsinin şahidi oluruq”-deyə, Əhməd Obalı müsahibədə bildirib.

Müsahibənin sonunda “Traxtur” tərəfdarlarının həbs edilməsi və etiraz videolarının yayılmasına toxunan Əhməd Obalı İranda həbs qorxusunun hər zaman olduğunu, son oyunda da tərəfdarların saxlanıldığını söyləyib.

“Həbslər çıxış yolu deyil. Etirazçılar həbsdən qorxmurlar”-deyə, o, bildirib.

 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar