SON XƏBƏRLƏR

Güney Azərbaycan təşkilatları Ukraynaya dəstək bəyanatı yaydı

2022.03.14, 08:12
Güney Azərbaycan təşkilatları Ukraynaya dəstək bəyanatı yaydı

Gunaz.tv

Bəyanatda deyilir: 

Ukrayna Prezidenti zati-aliləri Volodimir Zelenski! Sizə və cəsur Ukrayna xalqına salamlar və uğurlar!

Təəssüf ki, dünyamız demokratiya və insan haqlarının aktual olduğu dövründə diktator bir insanın törətdiyi zülmə və faciəyə şahidlik edir. 

Günlərdir ki, cəsur Ukrayna xalqı Rusiya prezidenti Vladimir Putinin başçılıq etdiyi rus ordusunun işğalına məruz qalıb. Milyonlarla ukraynalı öz evindən və vətənindən didərgin düşüb.

Təəssüf ki, hər keçən gün faciənin dərinliyi daha da artır və qarşı tərəf öz hərbi gücünə arxalanaraq daha çox cinayət törədir. 

Hər gün mülki ərazilər, xüsusilə müdafiəsiz uşaq və qadınlar bombalanır, insan haqları və beynəlxalq hüquq ayaqaltı edilir.  Ancaq Ukrayna xalqı azadlığı, ədaləti, insan haqlarını və demokratiyanı müdafiə etmək, böyük bədəl bahasına vətənini qorumaq üçün hər gün daha çox mübarizə aparır"-bəyanatda belə deyilir.

Bəyanatda qeyd olunur ki, son bir neçə ildə Ukrayna xalqı minlərlə vətəndaşının həyatını qurban verib, bu faciəvi təcrübəni dəfələrlə yaşayıb, lakin dünya bu ədalətsizliyi, zülmü və təcavüzü ancaq seyr edib.

"Vladimir Putinin Krım yarımadası və Donbasdakı aqressiyasına və işğalına qarşı bu laqeydlik və hərəkətsizliyin nümunələrini gördük.

Cəsur Ukrayna xalqının prezidenti zati-aliləri Vladimir Zelenski!
Azərbaycan xalqı da dəfələrlə rus imperializminin işğalına məruz qalıb və rus təcavüzü nəticəsində Azərbaycan quzey və güney hissələrinə parçalanıb, xalqımız əzab-əziyyətlə dolu bir tarix yaşayıb. 

Quzey Azərbaycan nəhayət Rusiya işğalından qurtulsa və müstəqilliyini qazansa da, Güney Azərbaycan hələ də Putinin yaxın müttəfiqi olan və onu dəstəkləyən İranın müstəmləkəsi, fars şovinistlərinin əsarəti altındadır.

Məhz buna görə də işğal, təcavüz, məcburi köç, müstəmləkəçilik və müəyyən mənada öz müqəddəratını təyin etmək hüququndan məhrum edilmə əzabları bizim, Güney Azərbaycan xalqının və qəhrəman Ukrayna xalqının ortaq dərdidir.

Biz hesab edirik ki, Putin rejimi beynəlxalq hüququ kobud şəkildə pozaraq Ukraynanın ərazi-milli və siyasi müstəqilliyini pozub, Ukraynada qeyri-qanuni olaraq hərbi güc tətbiq etməklə, habelə mülki hədəfləri hədəfə almaqla insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törədib"-Güney təşkilatlarının bəyanatında qeyd olunur.

Güney Azərbaycan təşkilatları və partiyaları sonda Ukrayna xalqının haqq savaşını dəstəklədiklərini bəyan edib:

"Ukrayna xalqının işğalçı Rusiya ordusuna qarşı qəhrəmancasına müqavimətini dəstəkləyir, bütün dövlətləri, təşkilatları və insan haqları qurumlarını Ukraynaya dəstək və yardım etməyə çağırırıq. 

Biz inanırıq ki, Ukrayna xalqının müqaviməti vətənin müdafiəsi və öz milli müqəddəratını təyin etmək hüququdur. Hörmətli Volodimir Zelenski, sizin müdrik rəhbərliyinizlə yaxın gələcəkdə bu işğal müharibəsində Ukrayna xalqının qələbəsini görəcəyik.

Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibəyə İranın faşist və diktatura rejiminin dəstəyini də pisləyirik və qınayırıq.

Yaşasın Ukrayna!
Yaşasın Azərbaycan və Ukrayna xalqlarının dostluğu!"

Bəyanatı aşağıdakı təşkilatalr imzalayıb:
 

1. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC)
2. Azərbaycan Mərkəz Partiyası (AMP)
3. Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
4. Azərbaycan Öyrənci Hərəkatı (AZOH)
5. Güney Azərbaycan Demokrat Partiyası (GADP)
6.  Güney Azərbaycan İstiqlal Partiyası (GAİP)
7. Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)
8. Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH)
9. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)
 
Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar