SON XƏBƏRLƏR

Güney Azərbaycanda qadın yazarlar repressiya və senzura siyasətinə etiraz edir

2022.10.06, 08:30
Güney Azərbaycanda qadın yazarlar repressiya və senzura siyasətinə etiraz edir

Gunaz.tv

Günaz.TV "Amerikanın səsi"-ə istinadən xəbər verir ki, Kəbiri və Ahəni sosial mediada ayrı-ayrı açıqlamalar yayımlayaraq bundan sonra İranın Mədəniyyət və İrşad Nazirliyinin nəzarəti altında çap və nəşr fəaliyyəti göstərməyəcəklərini vurğulayıblar.

Türk dilində bir çox roman və hekayə toplusunun müəllifi olan Rüqəyyə Kəbiri öz "İnstagram" hesabında paylaşımında xüsusilə Təbriz Universitetində aksiya keçirən tələbələrə qarşı tətbiq edilən zorakılığı qınayıb.

Kəbiri açıqlamasında Təbriz Universitetinin tələbələri və vətən övladlarının zorakılığa məruz qalmasına və bu hadisələr ilə bağlı xəbərlərin senzura olunmasına etiraz bildirib.

O, etiraz əlaməti olaraq bundan sonra heç bir əsərini İranın Mədəniyyət və İrşad Nazirliyinin icazəsi və nəzarəti altında çap etməyəcəyini yazıb.

Təbrizdə nəşr edilən türkcə-farsca "Ban" dərgisinin sahibi və baş redaktoru Mehdiyə Ahəni isə "İnstagram" səhifəsində "Ban" dərgisinin nəşr lisenziyasını yandırdığını göstərən bir video paylaşıb.

"Mən "Ban" dərgisinin sahibi Mehdiyə Ahəni çalışırdım ki, dərgimizdə qadın haqlarına toxunam.

Küçələrdən qovulmuş qadınlar və cinsi azlıqların haqqını vurğulamağa çalışırdım. Ancaq bu gün şəhərlərimiz və küçələrimiz əvvəlki vəziyyətdə deyil.

Bu gün küçələri məndən daha cəsarətli bacılarımız ələ keçirib"-Ahəni paylaşdığı videoda bildirib.

O, söhbətinin davamında digər qadınlardan cəsarət aldığını vurğulayıb:

"Mən də hər kəs kimi qorxuram. Məndə də qorxular var. Ancaq qorxularıma sahib çıxmaq istəyirəm.

Aldığım nəşr lisenziyasına baxıb iyrənirəm. Zorla başımı örtüblər (sənədin üzərindəki fotoşəkili göstərir). Ondan tut lisenziyanın ideoloji mətninə qədər, qondarma "azəri" adına qədər.

Mənim türk kimliyimi danan, təhrif edən bir mətndir. Bu an əlimdən gələn iş bu lisenziyanı yandırmaq olar".

Yazar və feminist fəal Mehdiyə Ahəni videonun sonunda "Ban" dərgisi üçün aldığı rəsmi nəşr lisenziyasını yandırıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar