SON XƏBƏRLƏR

İşçi hərəkatının fəalı Rza Şəhabi aclıq aksiyasını dayandırıb

2022.07.25, 08:33
İşçi hərəkatının fəalı Rza Şəhabi aclıq aksiyasını dayandırıb

Gunaz.tv

İyunun 13-dən aclığa başlayan Şəhabi aksiyanı ailəsinin, Tehran  Avtobus Şirkəti İşçilərinin Həmkarlar İttifaqının və Fransanın 5 həmkarlar ittifaqının israrlarından sonra iyulun 24-də sonlandırıb.

İşçi hərəkatı fəalının ailəsinin verdiyi məlumata görə, o 42 gün aclıqdan sonra kəskin arıqlayıb və sağlamlığında əlavə problemlər yaranıb.

Tehran Avtobus Şirkəti İşçilərinin Həmkarlar İttifaqı İdarə Heyətinin üzvlərindən olan Rza Şəhabi mayın 12-də həbs edildikdən sonra qeyri-müəyyən şəraitdə saxlanılmasına, ailəsi ilə əlaqəyə və vəkillə təmin olunmasına imkan verilmədiyinə görə aclıq aksiyasına başladığını demişdi.

Qeyd edək ki, Rza Şəhabi bundan öncə məruz qaldığı təzyiqlər, uzun illik zindan həyatı və işgəncələr üzündən iki dəfə infarkt keçirib və hər an həyatını itirmə təhlükəsi var.

Mayın 12-də həbs edilən fəal əslən Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərindəndir və Tehran Avtobus Sürücüləri Birliyinin fəal üzvüdür.

O, saxlanıldıqdan sonra təcridxanaya köçürülüb və təhlükəsizlik məmurları tərəfindən işgəncə edilərək dindirilib.
Rza Şəhabi bundan öncə dinc fəaliyyətlərinə görə 6 il məhkumluq həyatı yaşayıb. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar