SON XƏBƏRLƏR

Güneyli soydaşlarımızın oyanışı - Artıq dövlət qurmaq zamanıdır!

2022.11.06, 14:30
Güneyli soydaşlarımızın oyanışı - Artıq dövlət qurmaq zamanıdır!

Gunaz.tv

Artıq dözülməz qaydalardan usanan soydaşlarımız öz tarixi torpaqlarında müstəqil dövlət qurmaq barədə düşünür və bu məqsədə çatmaq üçün mübarizə aparacaqlarını bəyan edirlər. Bildirilir ki, əsas hədəf Cənubi Azərbaycan Cümhuriyyətini yaratmaqdır.

Mövzu ilə bağlı Modern.az-a danışan Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (CAMAC) İdarə Heyətinin üzvü, siyasi şərhçi Sadiq İsabəyli azərbaycanlı əhalinin İran rejimindən xilas olmaq üçün öz dövlətini qurmasının artıq dövrün tələbi olduğunu bildirib:

1667725476_e7e725d7-75f5-4a22-bd77-0a6283e4324f_cx0_cy4_cw0_w1200_r1.jpg

“İran adlanan məmləkətdə ayrı-ayrı mədəniyyətlər, millətlər var. İran hökumətinin yüzillik siyasətində əsas məqsəd odur ki, millətlərin dilləri və milli kimliklərini əllərindən alsın. Fars rejimi bir şüar ortaya atıb: “bir millət, bir dil, bir dövlət”. İllərlə davam etdirilən siyasət nəticəsində bəzi kiçik etnik qruplar öz dillərini itirib. 

Ancaq eyni assimilyasiya siyasətini güneyli azərbaycanlılara tətbiq etmək asan iş deyildi. Güney Azərbaycandan, Təbrizdən danışanda çoxminillik mədəniyyət və milli kimlikdən bəhs edirik. Soydaşlarımız millətləşmə və  dövlətçilik dönəmini yaşayıb. 

Ən azı min il ərzində Azərbaycan türkləri bu dövlətin idarə olunmasında əhəmiyyətli rol oynayıblar. Son olayların gedişinə diqqətlə baxdıqda görmək olar ki, güneyli azərbaycanlılar üçün həqiqətən bir vətən, bir dil və bir millət düşüncəsi var. Ancaq vətən Azərbaycan, dil Azərbaycan türkcəsi, milli kimlik isə türklükdür. Artıq İranda etiraz aksiyalarının 50 günü tamam olub. Bu vaxt ərzində azərbaycanlılar çox düşünülmüş hərəkət edib və öz şüarlarını ortaya qoyub.

Şüarlar belədir: “Azadlıq, ədalət və milli hökumət”, “Millətlərə istiqlal, qadınlara azadlıq”. Bunu digər etnik qruplar səsləndirməyib. Güney Azərbaycanda yaşayan azərbaycanlıların milli məfkurəsi, dövlətçilik məfkurəsi bu mədəniyyətlə formalaşıb ki, öz dövlətini bərpa edib, dövlətçiliyini qorumalıdır. Bütün proseslərə baxdıqda görürük ki, Güney Azərbaycan türkləri həm öz dövlətçiliyini bərpa etmək istiqamətində düşünülmüş iş görür, həm də digər qeyri-fars millətlərin diqqətini bu istiqamətə çəkir”.

S.İsabəyli hesab edir ki, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi cümhuriyyətin qurulması istiqamətinə fəaliyyətini sistemləşdirsə, digər qeyri-fars millətləri də oyanacaq:

“Özünü İran rejiminə alternativ görən bəzi qüvvələr deyirlər ki, "İran olduğu kimi qalsın, sadəcə rejim dəyişdirilsin”. Bu, mümkün deyil. 

Mümkün deyil ki, qeyri-fars millətlər öz milli müqəddaratını təyin etmə hüququnu əldə etməmiş vəziyyət dəyişsin”.

1666853177_fea0dc46-5ce4-43ce-a849-a05f2a002214_w1080_h608_s.jpg

Güney Azərbaycandan olan siyasi şərhçi Məhsa Mehdili isə bildirib ki, İranda yaşayan azərbaycanlılar öz torpaqlarında müstəqil dövlət quracaqlar və buna heç kimin şübhəsi ola bilməz.

“İranda Güney Azərbaycanın gücünə bələddirlər. İran bir gün həqiqətlə üz-üzə gələcək. Biz öz sözümüzü deməyə qadirik. 

Bir millətin özünü idarə edə biləcək bütün xüsusiyyətlər bizdə var. Mübarizə ümiddir, niyə biz İranda öz hakimiyyətimizi qurmayaq? Bizdən az nüfuzlu xalqlar mübarizə ilə öz rifahını, hakimiyyətini qurub. 

Bizim əsas məqsədimiz Güney Azərbaycanın istiqlalıdır, bir Vətənimiz Quzeydə, daha böyüyü isə ata-baba torpaqlarımız olan Güneydə olacaq. Bu iddia deyil, bir gün reallaşacaq, Təbriz də paytaxt olacaq”, - deyə Məhsa Mehdili vurğulayıb.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar