SON XƏBƏRLƏR

BMT-nin İran məsələləri üzrə xüsusi məruzəçisi Cavid Rəhman yeni hesabat yayıb

2022.08.24, 07:31
BMT-nin İran məsələləri üzrə xüsusi məruzəçisi Cavid Rəhman yeni hesabat yayıb

Gunaz.tv

O, yeni hesabatında vurğulayıb ki, İranın təhlükəsizlik qüvvələri may ayında Xuzistan (Əl-Əhvaz) və Çaharmahal və Bəxtiyari əyalətlərində nümayişlərin yatırılması zamanı ən azı 5 etirazçını birbaşa atəşlə öldürüb. 

Cari ilin ilk altı ayında edamların sayının iki dəfə artdığı bildirilən hesabatda, təcridxanalarda işçilərin, müəllimlərin, qadınların, vəkillərin saxlanmasının və işgəncələrin davam etdiyi vurğulanıb.

BMT-nin İrandakı İnsan Haqları üzrə Xüsusi Məruzəçisi BMT Baş Assambleyasına təqdim ediləcək yeni hesabatında bu etirazların görüntü və videolarından istifadə edildiyini vurğulayaraq, insanların hökumətin ərzaq subsidiyaları ilə bağlı siyasət dəyişikliyinə etiraz etdikləri üçün zorakılığa məruz qaldıqları qeyd olunub.

İran zindanlarında edam saylarının çoxaldığını və məhbuslara qarşı hüquq pozuntularının davam etdiyini deyən Cavid Rəhman, 2022-ci il yanvarın əvvəlindən 30 iyun tarixinə kimi 6-ı qadın, 5-i Əfqanıstan vətəndaşı olmaqla 251 nəfərin dar ağacından asılaraq edam edildiyini, bunun ötən ilin oxşar dövrü ilə müqayisədə iki dəfə çox olduğunu bildirib.

O, İranda etiraz aksiyalarının genişlənməsi ilə edam sayının artmasının eyni vaxtda təsadüf etməsindən nigaranlığını ifadə edib və may ayında 55 nəfərin edam cəzasının həyata keçirildiyini, bunun son 5 ildə bir ay ərzində icra edilən ən çox edam sayı olduğunu qeyd edib.

Bununla yanaşı xüsusi məruzəçi hal-hazırda İran zindanlarında 84 azyaşlı müttəhimin edam cəzasının tətbiq olunacağını gözlədiklərini deyib.

Altı ay ərzində edam edilən 251 nəfərin 25-nin etnik bəluç xalqının nümayəndələri olduğunu deyən Cavid Rəhman İran hökumətinin məhbusların tibbi müayinə, müalicə və dərman preparatları almasına məhdudiyyətlər qoyduğunu bildirib.

O, hesabatının davamında müəllimlərin, işçilərin, vəkillərin, hüquq müdafiəçilərinin, jurnalist və sosial media fəalları ilə yanaşı narazı sıravı vətəndaşların həbs edilməsinin geniş vüsət aldığını, internetə məhdudiyyətlər qoyulduğunu və insan haqları qurumlarının fəaliyyətlərinin qarşısının alındığını yazıb.

İran İnqilab Keşikçiləri Korpusunun zabiti Həsən Səyyad Xudayinin öldürülməsinə və başqa SEPAH zabiti Əli İsmayılzadənin müəmmalı ölümünə toxunan Cavid Rəhman İran hökumətinin bütün ölüm halları barədə şəffaf açıqlama verməsini tələb edib.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar