SON XƏBƏRLƏR

İnsan Hüquqları Şurası İranla bağlı beynəlxalq faktaraşdırıcı komitənin yaradılmasına səs verib

2022.11.25, 06:06
İnsan Hüquqları Şurası İranla bağlı beynəlxalq faktaraşdırıcı komitənin yaradılmasına səs verib

Gunaz.tv

İnsan Hüquqları Şurasının 25 üzvü bu qətnamənin lehinə, altı üzvü  əleyhinə səs verib və 16 üzv isə bitərəf qalıb.

Ermənistan, Çin, Kuba, Pakistan, Venesuela və Eritreya bu qətnamənin əleyhinə səs verib.

Çin iranlıların ümummilli qiyamını araşdırmaq üçün “fakt araşdırma komissiyası”nın yaradılmasını nəzərdə tutan qətnamə mətninin bir hissəsinin çıxarılmasını tələb edib.

Çinin təklif etdiyi bu düzəliş təklifi 25 əleyhinə, 6 lehinə səslə və 15 bitərəf olmaqla rədd edilib.

Qətnamədə bildirilir ki, Şura müstəqil faktaraşdırıcı missiya yaratmaq qərarına gəlib. Onun vəzifəsi 2022-ci il sentyabrın 16-da başlayan etirazlarla bağlı İranda insan hüquqlarının pozulmasını hərtərəfli və müstəqil şəkildə araşdırmaq olacaq. Missiya mümkün pozuntularla bağlı faktları və şəraiti müəyyən etməli, həmçinin sübutları toplamalı, təhlil etməlidir.

Şuranın 2023-cü ilin yayında baş tutacaq 53-cü sessiyasında bununla bağlı hesabat təqdim ediləcək.

Xüsusi iclasda iştirak edən Çin, Şimali Koreya, Venesuela və Kuba nümayəndələri İranda insan haqları ilə bağlı qəbul olunan qətnaməni bu ölkənin daxili işlərinə müdaxilə adlandırıblar.

İran prezidentinin Qadın və Ailə Məsələləri üzrə İdarəsinin beynəlxalq məsələlər üzrə baş direktoru Xədicə Kərimi BMT-nin İnsan Haqları Şurasının bu xüsusi iclasının keçirilməsini “aldadıcı hərəkət” adlandırıb.

Həmçinin, İslam Respublikasının məhkəmə sisteminin beynəlxalq məsələlər üzrə müavini və insan haqları qərargahının katibi Kazım Qəribabadi bu görüşün keçirilməsinə münasibət bildirərkən Almaniya xarici işlər nazirinin bu görüşdəki bəyanatını “fırıldaqçı” adlandırıb. .

Qeyd edək ki, bu qətnamənin təsdiqindən sonra Almaniyanın xarici işlər naziri Analena Berbuk öz twitter səhifəsində paylaşım edib.

“Qətnaməmizin lazımi səs çoxluğunu qazanacağına əmin olmasaqda hərəkət etdik və buna tərəfdarlar topladıq. İndi nəticə göz qabağındadır, ədalət və İran xalqı üçün birlik”,-deyə, Berbuk paylaşımında yazıb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar