SON XƏBƏRLƏR

Güney Azərbaycanda şovinist fars hakimiyyətinə qarşı "May qiyamı"dan 16 il ötür

2022.05.22, 10:25
Güney Azərbaycanda şovinist fars hakimiyyətinə qarşı "May qiyamı"dan 16 il ötür

Gunaz.tv

“May qiyamı” 2006-cı il mayın 22-də baş verib. O zaman fars millətçilərinə məxsus “İran” qəzetində türklər təhqir edilmişdi. Qəzetdə tarakan karikaturası verilmiş və onun dilindən “nəmənə” sözü yazılmışdı. 
Bu karikaturanın yayınlanmasından 5 gün sonra Azərbaycan türkü olan tələbələr Tehran Universitetində hadisəyə etiraz etmək məqsədilə nümayiş təşkil etdilər.

Öz dillərinə edilən təhqiri pankartlar və şüarlarla protest edən türk tələbələr ədalət anlayışını hər fürsətdə dilə gətirən hökuməti qınadılar, “Haray, haray, mən türkəm”, “Türkün dili ölməz, fars dilinə dönməz”, “Azərbaycan əyilməz, Türkün beli bükülməz”, “Ya azadlıq, ya ölüm”, “Rədd olsun fars faşizmi” şüarlarını səsləndirdilər.

Təbriz, Ərdəbil, Meşkin, Xoy, Zəncan, Sarab və digər şəhərlərdə bir neçə gün davam edən yürüş-mitinqlər rejim qüvvələrinin zorakılığı ilə dayandırıldı. Yüzlərlə milli fəal həbs edildi, polislə toqquşmada onlarla insan ağır xəsarət aldı. 

“İran” qəzetinin karikaturasına etiraz mitinqlərində polisin xalqa atəş açması nəticəsində ən az 30 etirazçı öldürüldü, yüzlərlə insan isə yaralandı. 
 “Amnesty İnternational” təşkilatının bildirdiyinə görə də yüzlərlə etirazçı İran hakimiyyəti tərəfindən həbs edildi, onlarla Azərbaycan türkü öldürüldü.

Rəsmi hakimiyyət isə etirazlar zamanı 330 nəfərin həbs edildiyini, 4 etirazçının isə öldüyünü bildirmişdilər.

Cənubi Azərbaycanlı etirazçıların bildirdiyinə görə isə 5 mindən artıq etirazçı həbs edilərək işğəncə görmüş, 150 nəfər öldürülmüş və itkin düşmüş, bir çox adam isə şikəst qalmışdır. 
Güney Azərbaycan fəallarının bildirdiyinə görə, İran hakimiyyəti etirazçıların bir qismini diri-diri ya yandırmış ya da Urmiya gölünə atmışdı. Buna görə də hökumət qüvvələri tərəfindən öldürülənlərin tam siyahısını tərtib etmək mümkün olmayıb.

İran xüsusi xidmət orqanları hadisədən sonrakı aylarda da kütləvi həbsləri davam etdirdi. Kütləvi etirazlar “İran” qəzetinin təhqirə yol verməsi ilə başlasa da, əslində fars şovinizminin illər boyu yerli azərbaycanlılara qarşı təzyiqlərilə əlaqədar idi. Şərhçilərin fikrinə görə, hakimiyyətin 100 ildir Azərbaycana qarşı mənəvi təzyiq və təhqirləri əhalinin şiddətli qəzəbinə səbəb oldu və türk xalqı bununla öz ictimai-siyasi mövqeyini nümayiş etdirdi: uzun illərdir sıxılmış həyəcanın bir vulkan kimi püskürməsinə bir təhqiramiz karikatura yetərli oldu.
 
Bir həftə boyu Azərbaycan türklərinin yaşadığı şəhər və qəsəbələrdə davam edən etiraz mitinqləri, nəhayət, İslami Şura Məclisində - parlamentdə də əks-səda tapdı. Türk soylu millət vəkillərindən Əkbər Aləmi, Rza Rəhmani, Kərim Şafei, Eşrat Şayeğ və s. İslami Şura Məclisində nitq söyləyərək qəzetin adı keçən yayını sərt şəkildə qınadılar, mövzu ilə bağlı ölkə prezidenti, Mədəniyyət və İslami İrşad nazirliyinin məsuliyyət daşıdığını bildirdilər.

İlk əvvəllər adı çəkilən qəzetin rəsmiləri və karikaturaçı Azərbaycan türklərinə qarşı edilən bu alçaldıcı hadisəni səhv başa düşülmə kimi şərh etdilər. Lakin artan təzyiqlər nəticəsində, hekayənin yayımlandığı tarixdən 9 gün sonra - 21 may 2006-cı ildə qəzet rəsmiləri üzr istədi və karikaturanı çəkən şəxs olan Mana Neyestaninin işdən qovuldu. 

O və baş redaktor Mehrdad Qasımfar həbs edildilər.
 
Etiraz nümayişlərinin artdığı günlərdə Mətbuat İzləmə Komissiyası hüquqi imkanlarından istifadə edərək qəzetin nəşrini müvəqqəti olaraq dayandırdı və sənədləri məhkəməyə göndərdi. Eyni zamanda, dövrün Təbriz prokuroru Yusif Firuzi qəzetin bu yayınına görə məhkəməyə müraciət etdi. 

6 il sonra Tehranın 76 nömrəli məhkəməsi səs çoxluğu ilə qəzetin cümə günü xüsusi redaktorlarını ölkədəki etnik varlıqları alçaltma, ictimaiyyəti narahatedici və reallığa zidd yayım etməkdə günahkar bildi.

Artıq illərdir ki, azərbaycanlılar və xüsusilə də Güney Azərbaycan fəalları dünyanın hər yerində, olduqları ölkələrdə bu tarixi günü - 1 Xurdad hadisələrini 22 mayda müxtəlif formalarda keçirir və şəhidləri yad edirlər. 

Sosial şəbəkələrdə də həmin günlərdə canları fəda olmuş şəhidlərin şəkilləri paylaşılır, onların həyatı barədə məlumat verilir, bu qiyamın təfərrüatı müzakirə edilir və bəyanatlar yayılır.
Azərbaycan tarixinin həm qanlı, həm də şərəfli səhifəsi olan 22 May hadisələrindən illər keçsə də, bu günlər türk millətinin yaddaşından silinməyəcək.


Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar