SON XƏBƏRLƏR

Qoşaçayın millət vəkili İran mediasından türklərin əleyhinə işlətdikləri aşağılayıcı sözlərə görə üzr istəmələrini tələb etdi

2021.10.20, 07:36
Qoşaçayın millət vəkili İran mediasından türklərin əleyhinə işlətdikləri aşağılayıcı sözlərə görə üzr istəmələrini tələb etdi

Gunaz.tv

GünAz TV: Qoşaçayın (Miyandab) yeni seçilmiş millət vəkili Məhdi İsazadə İranın rəsmi “İRNA” və “Fars” xəbər agentliklərinə koronavirus böhranı ilə bağlı türklərin əleyhinə dərc etdikləri irqçi və aşağılayıcı ifadələrə görə etirazını bildirib.

 

 

O, həmin agentliklərdən istifadə etdikləri ifadələrə görə üzr istəmələrini tələb edib.

 

 

M.İsazadə öz teleqram kanalında yazıb ki, “cəmiyyət arasında etibarlı olan və ölkənin rəsmi xəbər qaynağı kimi tanınan kütləvi informasiya vasitələrinin səs-küy yaradan ifadələrdən istifadə etmələri qəbul edilməzdir”.

 

 

O, bu qəbil yazıların daha öncə də dərc edildiyinə diqqət çəkərək, belə hərəkətlərin təkrarının qarşısının almasını, yazını dərc edənlərin üzr istəmələrini tələb edib.

 

 

M.İsazadə həmçinin İran məhkəmə sistemindən belə anti-türk rəftara qarşı tədbir alınmasını istəyərək, vurğulayıb ki, bu şəxslərin xoşagəlməz hərəkətlərinə göz yummaq və məsələyə səhlənkar yanaşmaqla gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrə zəmin yaradılmamalıdır.

 

 

Qeyd edək ki, adıgedən agentliklər koronavirusun geniş yayılma təhlükəsini izah edərkən “torktazi” sözündən istifadə etmişdilər.

  

 

“Torktazi” sözü dilçilik nöqteyi-nəzərindən fərqli mənalar daşıya bilər. Lakin irqçiliyə dəlalət edən bu söz hər zaman türk millətinə qarşı aşağılayıcı bir ifadə kimi qəbul olunub. “Torktazi” sözü əsasən “vəhşicəsinə hücum”, “talançılıq” və s. kimi məna olunur.

 

 

Martın 31-də “Sepah”a bağlı “Fars” xəbər agentliyi rəsmi Twitter səhifəsində bu ifadədən istifadə edərək koronavirusun dünyanı bürüdüyünü yazmışdır. Lakin bu xəbər bir neçə saat sonra səhifədən silinib.

 

İran dövlətinin rəsmi xəbər agentliyi olan “İRNA” da ötən günlərdə “korona dünyanı bürüdüyü vaxtda mediaya daha çox ehtiyac yaranır” xəbər başlığında bu aşağılayıcı sözə yer vermişdir.

 

İranda türk millətinin təhqir olunması yeni hadisə deyil. Təhqir faktlarına ölkənin mediası, stadionlar, dərsliklər və hətta dini mərkəzlər kimi yerlərdə rast gəlinir. Sistemli şəkildə həyata keçirilən təhqiramiz hərəkətlər hər zaman Güney Azərbaycan türklərinin etirazına səbəb olub. Lakin təəssüflər olsun ki, bu istiqamətdə hər hansı dəyişiklik yoxdur.

 

 

 

Ü.F 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar