SON XƏBƏRLƏR

İran gündəmi: “Şahçıların planı baş tutmadı”- Əhməd Obalı-VİDEO

2022.09.22, 08:35
İran gündəmi: “Şahçıların planı baş tutmadı”- Əhməd Obalı-VİDEO

Gunaz.tv

“Prime TV Azerbaijan” internet televiziyasının “Qırmızı masa” proqramına qonaq olan Güney Azərbaycan Televiziyasının qurucusu və rəhbəri Əhməd Obalı baş verən hadisələrə münasibət bildirib. 

Əhməd Obalı bildirib ki, əvvəlki aksiyalardan fərqli olaraq artıq 5-ci gündür ki, narazılıq davam edir.

“Tehran, İsfahan, Kirman, Şiraz şəhərlərində izdihamlı aksiyalar baş tutub.  Güney Azərbaycan şəhərlərində Təbriz, Ərdəbil, Urmuda, kiçik şəhərlərdə etiraz eyləmləri keçirilir. Məhsa Əmini məsələsindən öncə icitmai rəyi öyrənilmişdi. 

Ölkə əhalisinin 70 faizi etiraz aksiyalarına çıxmağa hazır olduğunu bildirmişdi. Məhsa Əmini əxlaq polisi tərəfindən öldürüldükdən sonra bu narazılıq çılpaqlığı ilə ortaya çıxdı”-deyə, Əhməd Obalı bildirib.

Son zamanlar xaricdə fəaliyyət göstərən İran müxalifləri fəallaşıb. Özəlliklə 1979-cu ildə devrilmiş şahın oğlu Rza Pəhləvi ölkə əhalisinə müraciət edib, aksiyaları davam etdirməyə çağırıb. Onların planı nədir?

Əhməd Obalı bildirib ki, şahçıların İranda baş verən hadisələrlə bağlı planı başa tutmayıb: “Özəlliklə şahçıların planı yerlə-yeksan oldu, tutmadı. Hadisələr başlanan gün-bazar günü şahın Amerikada yaşayan oğlu bəyanat verdi. 

Dedi ki, ay millət, gedin, Məhsa Əminiyə evdə yas tutun, əzadarlıq edin. Kürd təşkilatları dedi ki, işə getməyin, tətil edin. Amma xalq onların sözünə əməl etmədi. Əksinə şahçılara qarşı daha aqressiv yazılar yazıldı ki, milləti üsyana çağırmaqdansa, deyirsiz gedin, əzadarlıq edin.

Əzadarlıq nədir, Ərbəin yürüşü deyil ki?”

Günaz.TV-nin rəhbəri bildirib ki, Güney Azərbaycan milli təşkilatlarının baş verən hadisələrlə bağlı mövqeyi dəqiq və aydındır: “Milli təşkilatlar arasında ümumi xəttdə xırda istisnalarla ciddi bir ixtilaf yoxdur. Hamı etirazları dəstəkləyir, aksiyalarda milli şüarların səslənməsini istəyir.

Milli təşkilatların birgə bəyanatında da 4 əsas nöqtə var. 

Birinci, milli dövlətçilyiin qurulması tələbidir. İkincisi odur ki, aksiyalarda Urmu gölü ilə bağlı şüarlar səsləndirilməlidir. Üçüncü qadın hüquqlarının müdafiəsidir. Dördüncü tələb odur ki, bu rejim bütövlükdə getməlidir. Bu, əslində Azərbaycan türklərinin tələbidir”.

Əhməd Obalı Güney Milli Hərəkatının hədəflərinə də toxunub:

“Millətimiz milli dövlətçiliyin qurulmasını istəyir. Hərəkatımız azadlıq hərəkatıdır. Milli dövlətçilik əsas şərtdir. Bunun əsas şərti isə istiqlaldır. Sonra quzeylə bütövləşməyə doğru getməliyik”.

Günaz.TV-nin rəhbəri bildirib ki, bu gün Güney Azərbaycan Milli Hərəaktının de-fakto rəhbəri Abbas Lisanidir: “O, bunu öz mübarizəsi ilə qazanıb. 

Hazırda o, həbsdərir. Xaricdə fəaliyyət göstərən insanlarımız var. Millət əsas xəttə baxmalıdır. Biz istəklərimizdən geri durmamalıyıq. Biz Turana Bütöv Azərbaycandan sonra çata bilərik. İlk addım Güney Azərbaycanın azadlığı, sonra bütöv Azərbaycanın qurulması əsas hədəfdir”.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar