SON XƏBƏRLƏR

İranın 50-dən çox şəhərində müəllimlərin keçirdiyi dinc etirazlarda 3 nəfər həbs edilib - VİDEO

2022.01.14, 12:57
İranın 50-dən çox şəhərində müəllimlərin keçirdiyi dinc etirazlarda 3 nəfər həbs edilib - VİDEO

Gunaz.tv

Yayılan məlumata görə, Təhsil İşçiləri Koordinasiya Şurasının yaydığı xəbərə görə, müəllimlərin dünən Buşehr şəhərində keçirdiyi etirazlarda 2 müəllim Möhsün Omrani və Mahmud Məlaki, Əhvaz etirazlarında isə Xuzistan müəllimlərinin peşə ocağının rəyasət heyətinin rəhbəri Piruz Nami polis və mülki geyimli təhlükəsizlik qüvvələrinin zoraklığına məruz qaldıqdan sonra tutularaq naməlum istiqamətə aparılıb.

Həbs edilən etirazçı müəllimlərin hazırda harada saxlanılması və onların konkrt nədə günahlandırılması barədə hər hansı bir məlumat yayılmayıb. 

Xatırladaq ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, yanvarın 13-də İranın 50-dən çox şəhərində müəllimlərin dinc etiraz aksiyaları keçirilib. 

Tehranda müəllimlər İran Parlamentinin binası qarşısında toplaşaraq, hökumətin müəllimlərin acınacaqlı durumuna və onların hüququna laqeyd yanaşmasına etiraz bildiriblər.

“Məhbus müəllimlər azadlığa buraxılsın” və “Müəllim, fəryad qopar haqqını tələb et” şüarları səsləndirən etirazçılar rejimin təhsil işçilərinin tələblərini yetinə yetirməsini tələb ediblər.

Dünən həmçinin İranın digər şəhərlərində, o cümlədən də Məşhəd, Neka, Kirmanşah, Sari, Təbriz, Rəşt, Yəzd, İsfahan, İzə və Mərivan şəhərlərində də müəllimlər etirazlara qatılaraq, maaşların artırılmasını və təhsil işçilərinin hüquqlarının təmin olunması üçün şüarlar səsləndiriblər.

“Mənim silahım qələmimdir” və “Qələm tüfəngə qalib gələcək” şüarları səsləndirən müəllimlər hökumətin təhsil işçilərinə qarşı tətbiq etdiyi repressiyalara son qoymasını və ölkənin üz-üzə qaldığı ağır iqtisadi durumunda müəlimlərin haqlı istəklərinə cavab verməsini tələb ediblər.

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar