SON XƏBƏRLƏR

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəalın məhkəməsi olub

2021.10.20, 07:36
İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəalın məhkəməsi olub

Gunaz.tv

44 günlük ikinci Qarabağ savaşı zamanı Azərbaycan ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz aksiyalarında saxlanılan 12 Güney azərbaycanlı fəalın Ərdəbil şəhərinin 2-ci Cinayət Məhkəməsinin 102-ci bölməsində məhkəmə iclasları keçirilib.

Sentyabrın 26-da Ərdəbil şəhərinin 2-ci Cinayət Məhkəməsinin 102-ci bölməsində milli-mədəni fəallar Pərviz Siyabi Gürcüan, Hüseyn Balaxani İsalu, Mürtəza Pərvin Cuda, Hamid Heydəri Barıs, Məhəmməd Colani Ocaq, Mustafa Pərvin Cuda, Sübhan Bəxşi, Mehdi Huşmənd, Bəhmən Xeyrcu, Müctəba Pərvin Cuda, Əsgər Əkbərzadə Xızrabadi və Səccad Colani Ocaqın ittihamlarının bir qismi ilə bağlı məhkəmə iclası keçirilib.

Məhkəmədə fəallara qarşı qaldırılmış “hay küy salmaqla ictimai asayişi pozmaq” və “vəzifə başında olan dövlət məmuruna tabe olmamaq” ittihamlarına baxılıb.

Bundan öncə sentyabrın 20-də adı çəkilən fəallar “ölkə rəhbərini təhqir etmək” və “ölkənin milli təhlükəsizliyinə qarşı əlbir olmaq” ittihamları ilə bağlı mühakimə olunmuşdular.

Onlar bu ittihamları rədd edib və bildirmişdilərki, bu təhlükəsizlik orqanlarının məhkəmə sistemindən fəallara qarşı vasitə kimi istifadə etdiyini göstərir.

Ərdəbilli fəallar barələrində irəli sürülən ittihamların qondarma olduğunu və məsələnin mahiyyətinin dəyişdirilməsi üçün təhlükəsizlik qurumları tərəfindən ortaya atıldığını bildiriblər.

Qeyd edək ki, yuxarıda adı sadalanan fəallar sentyabrın 28-də Ərdəbilin Ciral parkında Qarabağın azadlığı üçün hərbi əməliyyatlar aparan Azərbaycan Ordusuna dəstək verdiklərinə görə İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs edilmişdilər. Sonrakı günlərdə də oxşar məqsədlə Güney Azərbaycanın müxtəlif şəhərlərində və Tehranda aksiyalar keçirən fəallar da həbs edilmiş və mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılmışdılar.

İran rejiminin təhlükəsizlik qüvvələrinin fəalları fiziki zor tətbiq etməklə həbs etməsi və onlarla xoşagəlməyən tərzdə davranması həm güney azərbaycanlıların, həm də bir sıra insan haqları təşkilatlarının kəskin etirazlarına səbəb olmuşdu. "Amnesty İnternational" yaydığı bəyanatda İran rejimindən son aksiyalarda tutulanların hamısının dərhal və qeyd- şərtsiz azad etməsini tələb etmişdi. 

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar