SON XƏBƏRLƏR

BMT İranda insan haqları ilə bağlı yeni hesabat yaydı

2022.06.22, 05:23
BMT İranda insan haqları ilə bağlı yeni hesabat yaydı

Gunaz.tv

O, İran hökuməti tərəfindən insan haqlarının pozulması ilə bağlı çoxsaylı halları sadalayıb və 2022-ci ilin ilk 3 ayı ərzində İran hökumətinin 100-dən çox məhkumu edam etdiyini deyib.

Nada əl-Naşif iyunun 31-də BMT baş katibinin İranla bağlı son hesabatını BMT-nin İnsan Haqları Şurasına təqdim edib.

 O, 2020-ci ildə İranda 260 məhkum edam edildiyini, bunun 2021-ci ildə 14-ü qadın olmaqla 310 nəfərə çatdığını söyləyib.

BMT Baş Katibinin İnsan Haqları üzrə müavini daha sonra bu artım tendensiyanın davam etdiyini və təkcə 2022-ci ilin birinci rübündə, yanvarın 1-dən martın 20-dək İslam Respublikasında ən azı 105 nəfərin edam hökmünün icra olunduğunu və onların bir çoxunun azlıq qruplarına mənsub olduqlarını bildirib. 

Hesabata görə, mart ayında narkotik ittihamı ilə ölüm cəzasına məhkum edilmiş 52 nəfər edam cəzalarının icra edilməsi üçün Şiraz mərkəzi zindanına köçürülüb. 2021-ci ilin avqustundan 2022-ci ilin martına qədər ən azı iki yetkinlik yaşına çatmayan məhkum edam edilib və 85-dən çox yeniyetmə məhkum edamını gözləyir.

“İran mühüm sosial, iqtisadi, ekoloji və siyasi problemlərlə üz-üzədir. İranda yüksək inflyasiya və geniş yayılmış işsizlik iqtisadi bərabərsizliklərin artmasına səbəb olub. 

Abort və ailə planlaşdırılması ilə bağlı məlumatlara çıxışın məhdudlaşdırılması siyasəti “kişilərin, qadınların və qızların cinsi və reproduktiv sağlamlıq hüquqları üçün zərərli nəticələrə səbəb olub.

2021-ci ilin yanvarında parlamentə təqdim edilən “Qadınlara qarşı zorakılıq haqqında” qanun layihəsinin qəbulu ilə bağlı heç bir irəliləyiş əldə olunmayıb”-deyə, hesabatda qeyd olunur.

Hesabatda deyilir ki, İslam Respublikası informasiya məkanını daha da məhdudlaşdırıb və beynəlxalq internet portallarına nəzarəti təhlükəsizlik və hərbi qüvvələrə həvalə edib. Bununla yanaşı senzura məqsədilə sosial media platformalarının təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etməsini tələb edən qanun layihəsi hazırlanıb.

BMT-nin hesabatında ötən ilin iyul ayında Xuzistan əyalətində su qıtlığına etiraz aksiyaları zamanı İran təhlükəsizlik və silahlı qüvvələrinin etirazçılara qarşı qəddarlığı qeyd olunub və ən azı 5 nəfəri birbaşa açılan atəş nəticəsində öldürüldüyü yazılıb.

Hesabatda həmçinin azlıqların, xüsusən də bəhai dininə mənsub şəxslərin əmlakının müsadirə edilməsi, pis rəftara görə məhbusların ölüm sayının çoxalması, azlıqların hüquqlarının tapdalanması, müəllimlərə, vəkillərə, əmək hüquqları müdafiəçilərinə, sənətçilərə və universitet işçilərinə qarşı həbslər və ittihamlar, vətəndaş cəmiyyəti təşkilatlarına qarşı davamlı repressiyalar öz əksini tapıb.

Nada Əl-Naşif bu günə kimi baş verən ölüm halları, həbslər, işgəncələr və keçirilən etiraz aksiyalarında törədilən qəddarlıqlarla bağlı İran hökumətinin məsuliyyətdən yayındığını, pozuntularla bağlı müraciətlərə cavab vermədiyini söyləyib. 

“Həbs edilənlər arasında ölüm sayının çoxalması nigəranlıq doğurur”-deyə, Nada Əl-Naşif xəbərdarlıq edib. 

Cavidan 
 


 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar