SON XƏBƏRLƏR

Rəfsəncaninin qızı: “Hakimiyyətin yürütdüyü siyasət, ölkəni birbaşa uçuruma doğru aparır”

2021.10.20, 07:36
Rəfsəncaninin qızı: “Hakimiyyətin yürütdüyü siyasət, ölkəni birbaşa uçuruma doğru aparır”

Gunaz.tv

 GünAzTV: İranda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun keçmiş rəisi Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi, iyunun 10-da Tehranda qatıldığı bir iftar süfrəsində çıxış edərək, hakimiyyətin ölkəni məhvə doğru aparan səriştəsiz xarici siyasətindən gileylənib.

 

Faizə Haşimi bildirib ki, islam respublikasının xarici düşmənə ehtiyacı yoxdur, çünki hakimiyyətin özü, müxtəlif sahələrdə yürütdüyü düşünülməmiş siyasəti ilə ölkəni sürətlə uçuruma doğru aparır: “Hesab edirəm ki, ölkədə yaşanan mövcud problemlərin nüvə sazişi (“Bərcam”la) ilə heç bir əlaqəsi yoxdur. Əslində isə bu problemlər, bizim Suriya və Yəməndə yürütdüyümüz siyasətimizdən, digər ölkələrlə münasibətlərimizi necə qurmağımızdan və digər ölkələrə qarşı düşmənçilik siyasətimizdən irəli gəlir.

 

Çox qəribə haldır ki, biz böyük maddi və mənəvi itkilər hesabına hansısa bir ölkəyə daxil olur, beynəlxalq imicimizə ləkə gətiririk. Lakin siyasi durumdan bəhrələnmə vaxtı gələndə, bizi faktiki olaraq girdiyimiz ölkədən qovurlar. Suriya və İraqda baş verən son olaylar buna bir misaldır. Bununla da biz, getdiyimiz ölkədə heç bir uğur qazanmadan, sərf etdiyimiz pullar da kül olub havaya sovrulur. Axı bu səriştəsizliklər nə vaxta qədər davam etməlidir və biz haçan keçmişdən dərs alacağıq. Hələ bu qalsın bir kənarda, getdiyimiz ölkələrin əhalisi də bizi sevmirlər. Onların rəhbərləri də beynəlxalq səhnələrdə adətən bizim əleyhimizə çıxır, yürütdüyümüz siyasətimizə qarşı fərqli mövqe sərgiləyirlər.

 

Düşünürəm ki, ölkənin inkişafına mane olduğu üçün xalqın etirazı ilə qarşılanan bu kimi hallar barədə, eləcə də ölkədə yaşanan problemlərin aradan qaldırılması üçün əhali arasında konkret mövzular barədə referendum keçirilməlidir. Qoy, ölkə əhalisi ümumi bir səsvermədə hər məsələ barədə öz fikrini ortaya qoya bilsin. Axı insanlar nə vaxta qədər maddi və mənəvi zərər-ziyana məruz qalmalıdır”.

 

Xatırladaq ki, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun keçmiş rəisi, Əkbər Haşimi Rəfsəncani 2017-ci il, yanvarın 8-də Tehranın Təcriş məntəqəsində hovuzda üzərkən səhhətində yaranmış qəfil nasazlığa görə müəmmalı şəkildə 82 yaşında vəfat edib. Rəfsəncani ailəsinə yaxın mənbələrin isə bildirdiyinə görə, o, İranın dini lideri axund Əli Xamneyinin tərəfdarı olan bəzi radikal qüvvələr tərəfindən öldürülüb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar