SON XƏBƏRLƏR

Ermənistan Təbrizdə konsulluq açır - O taylı-bu taylı Azərbaycanın qərarı nə olacaq?

2022.11.05, 13:51
Ermənistan Təbrizdə konsulluq açır - O taylı-bu taylı Azərbaycanın qərarı nə olacaq?

Gunaz.tv

Ermənistan 2023-cü ildə İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərində Baş Konsulluq açacaq. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdəki çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, Ermənistan 2023-cü ildə Uruqvayda səfirlik, Rusiyanın Şimali Osetiya Respublikasının mərkəzi Vladiqafqaz şəhərində konsulluq açacaq.

Nazir həmçinin bildirib ki, Ermənistan Kiprin yunanlara aid hissəsində və Serbiyanın paytaxtı Belqradda diplomatik missiyanın ofisini açmağı nəzərdə tutub.

Bəs Təbrizdə Ermənistanın Baş Konsulluğu hansı zərurətdən doğub? Bu, daha çox İrana, yoxsa İrəvana lazımdır?

Mövzu ilə bağlı Güney Azərbaycan televiziyasının (Günaz TV) qurucusu və rəhbəri  Əhməd Obalı “Yeni Müsavat”a danışıb:

ehmed-obali.jpg (27 KB)

“İlk öncə baxmaq lazımdır ki, Ermənistanın Təbrizdə konsulluq açmasına Ermənistan dövlətinin ehtiyacı var ya yox? İran və Ermənistan, arasındakı ticarətə də diqqət etsək, görərik ki, illik ticarət həcmi 450-500 milyon dollar civarındadır və bunu guya 3 milyard dollara qaldırmaq istəyirlər. 

Ticarətin də böyük hissəsi Ermənistanla İran arasında olan qaz və elektrik alveri ilə bağlıdır. Yəni Ermənistanın 3 milyonluq əhalisinin alıcılıq gücünü nəzərə alsaq, İranın Ermənistana satdığı malların həcmi nə qədərdir ki, Təbrizdə konsulluq açmaq istəsinlər. Onsuz da ticarət edənlər elə Tehranda öz işlərini görür. Sərhəddə belə bir konsulluğun yaradılmasına heç bir ehtiyac yoxdur. 

Buna görə də hesab edirəm ki, əgər Ermənistan orada konsulluq açarsa, həmin konsulluğun xərcini də İran ödəməli olacaq, çünki o konsulluq Ermənistana lazım deyil.

İkincisi, Təbriz Azərbaycan şəhəri olduğu üçün ermənilər orada qalmır. Doğrudur, daha əvvəllər, məsələn, Şah dövründə Təbrizdə erməni var idi və onların sayı təxminən 15-20 min nəfər ola bilərdi. Lakin sonralar, xüsusən də Xocalı faciəsindən sonra Təbrizdə ermənilərin sayı kəskin azalmağa başladı. 

İndi Təbrizdə demək olar ki, erməni qalmayıb. Bizim  bildiyimiz qədər çox olsa, 120 nəfər olar. Artıq məhəllələr boşalıb, orada onların əsas kilsələri var, ora gedən yoxdur. Bu haqda kiçik araşdırma aparmışdıq ki, bazar günü kilsəyə nə qədər insan gedir. Məlum oldu ki, kilsədə heç vaxt 50-60 nəfərdən çox insan görünməyib.

Beləliklə, Təbrizdə Ermənistan konsulluğunun açılması ilə bağlı məsələnin yalnız siyasi tərəfi var. İran guya bununla Quzey Azərbaycana mesaj verir ki, “biz istədiyimiz yerdə  Ermənistanın konsulluğunun açarıq, o cümlədən Təbrizdə”. Yəni bu  Azərbaycanın acığına edilən məsələdir. 

Hesab edirəm ki, Azərbaycan dövləti bunun qarşılığında İrana sərhəd olan ərazilərdə, o cümlədən Biləsuvarda, Zəngilanda və Astarada Türkiyənin, İsrailin, Amerikanın konsulluğunun açılmasına şərait  yaratmalıdır. Bu həm də Güney Azərbaycan üçün də yaxşı olardı. Yəni Ərdəbildən və yaxud Muğandan keçib konsulluq işlərinin görər, ticarət işlərinin həyata keçirib, geri qayıdardılar, daha oradan Tehrana getməyə ehtiyac olmazdı.

Bununla belə nə qədər ki, Təbrizdə Ermənistanın konsulluğu açılmayıb, bu məsələnin real olacağına inanmıram. Çünki İran Təbrizdə Ermənistan konsulluğunu açmaqla daha çox Güneydəki  azərbaycanlıları qıcıqlandıracaq. Bu isə bizim üçün çox yaxşı, əlverişli bir şərait yaradacaq ki, Təbrizdə  Ermənistan konsulluğunu qarşısında etirazlar, ciddi piketlər keçirilsin".

ferec-700x403.jpg (41 KB)
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev də qeyd etdi ki, Təbrizdə Ermənistan konsulluğunun açılması məsələsi Güney Azərbaycanda böyük təpki ilə qarşılanacaq: “Ümumiyyətlə, İran-Ermənistan münasibətlərini türk dünyasına, Azərbaycana qarşı köklənmiş əks münasibətlər kimi dəyərləndirirəm.

 Orada konsulluq açmaqla Azərbaycana bir növ göz dağı vermək, həm də konsulluğun özünün bir şəbəkə olaraq Güney Azərbaycanda müəyyən işlər görməsini təmin etmək istəyirlər. 

Əlbəttə ki, İran hakimiyyəti Güney Azərbaycan türklərini yaxşı tanıyır. Güneylilər Quzey Azərbaycanın problemlərini öz problemi, düşmənini öz düşməni hesab etdiyindən Təbrizdə Ermənistan konsulluğunun açılmağı ilə çox ciddi təpkilərə gətirib çıxaracaq. Biz özümüz də, xüsusən də ictimai, siyasi təşkilatlar, partiyalar dövlətin etmədiyi bəzi şeyləri etməliyik. 

Belə ki, Güney Azərbaycanlılara çox ciddi çağırışlar etməliyik ki, istənilən bu cür məsələlərə təpki göstərsinlər. Beləliklə, hesab edirəm ki, əgər Təbrizdə Ermənistan konsulluğu açılarsa, onun heç bir effekti olmayacaq və həmin konsulluğunun çalışmasının mümkünlüyü sual altındadır”.

Fərəc Quliyev həmçinin qeyd etdi ki, Ermənistan İrana sadəcə bir alət kimi lazımdır, hansı ki, bütün dünya ondan bu cür istifadə edir: “İran öz məqsədləri naminə Ermənistandan istifadə etməyə çalışır. Təbii ki, Təbrizdə Ermənistan konsulluğunu açmaq daha çox İranın istəyidir. Ermənistan isə bu məsələlərdə özü üçün  divident götürməyə çalışır. Düşünmürəm ki, Ermənistan hakimiyyəti bu gün İranla, Rusiya ilə və başqaları ilə bu cür çirkli oyunlarda iştirakçı olsun. Çünki bilirlər ki, bu gedişat Ermənistana heç də yaxşı bir şey vəd etmir. Yəni İranın və Rusiyanın gələcəyi məlumdur, ortadır. Ona görə də Ermənistan Qərbə inteqrasiya etməkdə daha çox maraqlıdır”.

dddddüüüü.jpg (24 KB)

Əslən Təbrizdən olan tanınmış milli-mədəni fəal Cəmşid Zareyi isə qeyd etdi:  “Ermənistanın Təbrizdə konsulluğunun açılması Ermənistan dövlətinin iradəsindən kənardır. Fikrimcə, İran bununla sırf Azərbaycan və Türkiyəyə göz dağı vermək üçün bu cür addım atmağa, Ermənistan üçün müəyyən imkanlar yaratmağa çalışır”.

Cəmşid Zareyi qeyd etdi ki, hələ 20-25 il bundan əvvəl də Təbrizdə Ermənistan konsulluğunun  açılması məsələsi ortaya atılıb: “Lakin Güney Azərbaycan millətinin qorxusundan heç bir zaman bu işə qol qoya bilməyiblər.  

Çünki özləri də bilir ki, Güney Azərbaycanın mərkəzi olan Təbrizdə Ermənistan konsulluğunun açılması millətimiz üçün bir bəhanə olacaq ki, daima etiraz və aksiyalar keçirsin. 

Əmin olun ki, Güney Azərbaycan xalqının qorxusu olmasaydı, çoxdan Təbrizdə, hətta Ərdəbildə, Urmiyada Ermənistan konsulluğunun açardılar. İran hakimiyyəti bunu istəsə də, xalqımız heç vaxt buna razı ola bilməz və İran iqtidarı bunun çox yaxşı bilir. İran hökuməti sadəcə, ortaya bu məsələni atıb, güneylilərin reaksiyasını yoxlamağa çalışır. 

Güney Azərbaycan xalqı ermənilərin Urmiyada, eləcə də Xocalıda törətdikləri cinayət və vəhşilikləri, vandalizmi heç vaxt unutmayıb və unutmayacaq.

Bir də ki, Ermənistanın Təbrizdə konsulluq açmasına ümumiyyətlə ehtiyacı yoxdur. Çünki kimsə ticarət etmək istəyirsə öz işini görür və bu 30-40 ildir ki, eyni qaydada davam edir. Yəni ticarətçilər vizasız şəkildə Ermənistana keçir, sərhədi onların üzünə açıqdır, buna görə də konsulluq açmağa heç bir lüzum yoxdur. 

Təbrizdə Ermənistan konuslluğunun açılması heç vaxt reallaşmayacaq və bu mümkün də deyil. Çünki artıq 45 gündür ki, İranın daxilində hakimiyyətə qarşı etiraz aksiyaları keçirilir, hökumət daxildəki vəziyyətə nəzarəti itirib. Üstəlik Güney Azərbaycanda Ermənistan konsulluğunu açmaqla dərdlərini daha da çoxaldacaq. Heç Ermənistanın özü də Təbrizdə konsulluğunun açmaq istəməz. 

Çünki Təbrizdə sayılı sayda erməni var, konsulluq açmaqla orada nə iş görəcək?" (musavat.com)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar