SON XƏBƏRLƏR

Urmu gölünün bərpası qəsdən gecikdirilir-Göl yatağında zəngin litium ehtiyatı var

2022.09.18, 17:25
Urmu gölünün bərpası qəsdən gecikdirilir-Göl yatağında zəngin litium ehtiyatı var

Gunaz.tv

Bununla bağlı İranın rəsmi xəbər agentliyi "İRNA" sentyabrın əvvəllərində dərc etdiyi yazıda Urmu gölünün yatağında zəngin litium ehtiyatının olduğubu bildirib.

Yazıda iddia olunub ki, gölün quruması ölkə üçün faydalı ola bilər.

Yazıda  “media xəbərlərinə” istinadən qeyd edilir ki, İran hökumət orqanlarının gölü canlandırmaqda süründürməçiliyə yol vermələri bəlkə də bu gölün dibində litiumun olması ilə bağlıdır.

Məqalədə İranda qurumaqda olan bir neçə gölün adı çəkilib və bildirilib ki, 2014-cü ildə aparılan geoloji kəşflərə görə Urmu gölünün də dibində litium yataqlarının olması bəlli olub.

"Əgər bu materialların hasilatı və istehsalında nailiyyət əldə etmək mümkün olarsa, onlar praktikada yüksək əlavə dəyərə malik olacaqlar, çünki litium kimi metalın “yüksək texnologiyalı” sənayelərdə çoxlu istifadəsi var və 2015-ci ildən bu yana dünya bazarında hər kiloqramının dəyəri 160 dollar olan litiumun istifadəsi 10 dəfə çoxalıb"-deyə, İranın dövlət agentliyi bildirib. 

Bundan əvvəl, 2016-cı ilin noyabr ayında "İSNA" xəbər agentliyinin rəsmi saytında Urmu gölündə litiumun olması ilə bağlı məqalə dərc edilmiş və Qərbi Azərbaycan əyalətinin Sənaye, Mədən və Ticarət Təşkilatının mədən və mədən sənayesi üzrə müavini Əbdülhəmid Sərtipi "Urmu gölündəki litium ehtiyatı əyalət üçün xüsusi iqtisadi imkandırmı?"-deyə, sual etmişdi.

O, dünya bazarında litium karbonatın hər tonunun qiymətinin 20 min dollar olduğuna toxunaraq, Argentina, Çili və Boliviya kimi ölkələrin öz bataqlıq və şoranlıqlarında litiumun çıxarılmasına böyük sərmayələr qoyduqlarını demişdi.

"Dünyada litium kerosin kimi tanınır. Bu maddə iqtisadi ehtiyacları ödəyə bilən strateji bir elementdir və buna görə də bu bölgənin duzlu sularında əyalətin böyük imkanlarından biri litiumun çıxarılması məsələsidir"-deyə, Sərtipi bildirmişdi.

Bu məmurlar tərəfindən litiumun gölün digər təbii və mineral materialları ilə iqtisadi dəyəri arasında heç bir müqayisə aparılmadığı halda, yalnız litiumun iqtisadi dəyəri vurğulanır.

Onlar göldə mövcud olan artemiya, yosun, duz kimi digər ehtiyatlarından, habelə turizmdən və keçmişdə bu sahədə mövcud olan çoxsaylı iş yerlərindən bəhs etmədikləri üçün vətəndaşlar litium hasilatı üçün gölün qurudulmasının faydalı olub-olmayacağı barədə dəqiq məlumat əldə edə bilmirlər.  

Bu arada, ötən bir neçə ildə Urmu Gölünün Bərpası Qərargahının Planlaşdırma və İnteqrasiya İdarəsinin o zamankı direktoru Məsud Təcrişi də Urmu gölündə litium kimi elementin mövcudluğundan bəhs edib. 

Hətta Ətraf Mühitin Mühafizəsi Təşkilatının müavini İsa Kəlantəri o zaman bu göldə litium kimi çox qiymətli elementlərin olduğunu vurğulamışdı.

"Əgər onu çıxarmaq niyyəti varsa, konsentrasiya elə olmalıdır ki, onun iqtisadi əsaslandırması olsun, lakin Urmiya gölündəki litiumun miqdarının çıxarılması üçün heç bir iqtisadi əsaslandırma yoxdur"-deyə, İsa Kəlantəri bildirmişdi.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar