SON XƏBƏRLƏR

Urmu gölü ətrafında duz qasırğası əhalini təşvişə salıb-VİDEO

2021.12.02, 10:25
Urmu gölü ətrafında duz qasırğası əhalini təşvişə salıb-VİDEO

Gunaz.tv

Sosial mediada yayınlanan foto və videolardan qasırğanın gölün hər iki tərəfində yerləşən yol və kəndləri bürüdüyü aydın görünür.

Yerli əhali, xüsusilə kənd təsərrüfatı sahəsində çalışanların məsələ ilə bağlı narahatlıqlarına cavab olaraq əlaqədar qurumlar fərqli açıqlamalar veriblər.

 Şərqi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin rəhbəri Həsən Abbasnejad mediaya verdiyi açıqlamada məsələyə münasibət bildirib.

Hətta bir sıra rəsmi mətbuat orqanlarının məsələni işıqlandırmasına, "Urmu gölü ətrafında qorxulu duz fırtınası" başlığı ilə xəbərlər yaymasına baxmayaraq o, duz qasırğasının baş verdiyini təkzib edib.

“İndiyə kimi Təbriz-Urmu yolunda duz qasırğasının baş verməsi ilə bağlı hər hansı məlumat almamışıq. Göl ətrafında yerləşən istansiyalar qasırğa qeydə almayıblar”-deyə, Həsən Abbasnejad bildirib.

Abbasnejadın iddiasının əksinə olaraq, yerli əhali sosial mediada duz qasırğası barədə görüntülər paylaşıb və durumun acınacaqlı olduğunu bildirib, əhalinin sağlamlığının təhlükədə olduğu barədə narahatlıqlarını ifadə ediblər.

Qeyd edək ki, bir neçə həftə bundan öncə Urmu şəhərinin İran parlamentindəki nümayəndəsi Vəhid Calalzadə duz Urmu gölünün quruyacağı təqdirdə duz qasırğalarının baş qaldıracağı barədə xəbərdarlıq etmişdi.

Göl quruyacağı halda yaranacaq fəsadlardan danışan millət vəkili hökumət orqanlarına və əlaqədar qurumlara xəbərdarlıq edib.

“Gölün quruması nəticəsində milyonlarla ton duz əmələ gələcək.

Duz fırtınalarının baş qaldırması ekosistemin dəyişilməsi, canlıların məhv olması ilə yanaşı milyonlarla insanın bölgədən köç etməsinə səbəb olacaq”-deyə, Urmunun nümayəndəsi durumun təsəvvür olunduğundan daha acınacaqlı olmasına diqqət çəkib.

Bununla yanaşı hakimiyyətin durumun ciddiliyinə əhəmiyyət vermədiyini bildirən Azərbaycan İnkişaf Evi bəyanat yayaraq təhlükə barədə xəbərdarlıq edib.

“6 milyondan çox sakini olan bu bölgənin əhalisi ciddi təhlükə altındadır. Onlar gölün quruması nəticəsində yaranan fırtınaların yaratdığı toz və iqlim dəyişikliyinin zərərli təsirləri ilə üz-üzədir”-deyə, bəyanatda qeyd olunub.

 

C.E


 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar