SON XƏBƏRLƏR

Şərqi Azərbaycanın qızıl mədəninə xüsusi təyinatlı qüvvələr yerləşdirilib

2022.08.27, 06:15
Şərqi Azərbaycanın qızıl mədəninə xüsusi təyinatlı qüvvələr yerləşdirilib

Gunaz.tv

Əyalətin Sənaye, Mədən və Ticarət Palatasının verdiyi məlumata görə, bu, əyalət valiliyinin rəsmi müraciəti əsasında həyata keçirilib.

Məlumatda bildirilir ki, bu, bölgədə qanunsuz qazıntı aparanların və qızıl oğrularının qarşısını almaq üçün edilib.

Şərqi Azərbaycanın Vərziğan və Xarvana bölgəsində mövcud olan Əndiryan qızıl mədəni istismar üçün xarici şirkətlərə verilib.

Məsullar yerli əhalini bölgədə yerləşən qızıl mədənlərindən qanunsuz və gizli şəkildə qızıl konsentratı əldə etdiklərini bildirib.

Onlar bunun xəyanət və oğurluq olduğunu deyib, hüquq-mühafizə orqanlarını daha ciddi addımlar atmağa çağırıblar.

Bundan öncə də hökumətə bağlı olan media qurumları və bir sıra rəsmilər qızıl mədəni ətrafında işləyən yoxsul əhalini təhqir edib, onları “qaçaqmalçı” adlandırıblar.

Şərqi Azərbaycanda yerləşən Əndiryan qızıl mədəninin ümumi ehtiyatının 30 milyon ton civarında olduğu bildirilir.

Əndəryan kəndi və bölgə əhalisi işsiz olduğu halda İran rejimi sözügedən mədəndə Çin, Rusiya, Gürcüstan və Ermənistan ölkələrinin vətəndaşlarını çalışdırır.

Mədənin fəaliyyətindən bölgə əhalisinə çatan isə yalnız ətraf mühitin korlanmasıdır. 

Qeyd edək ki, Əndiryan qızıl mədənində qızıl hasilatı üçün qeyri-standart və köhnə üsuldan istifadə olunur.

Mədənin fəaliyyətinin ətraf mühitə ziyan vurması  ilə bağlı dəfələrlə etirazlar olsa da, İran rəsmiləri faktları gizlədib, mədənin fəaliyyətinin davam etməsinə şərait yaradıblar.

Ekspertlərin fikrincə, mədəndə hər gün təxminən bir ton natrium sianid istehlak olunur.

Bu, çox təhlükəli və zəhərli maddədir. Həmin maddə havanı çirkləndirir və sonda yağıntılar zamanı torpağa daxil olur.

Həmin maddə sonralar yeraltı suları da çirkləndirir.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar