SON XƏBƏRLƏR

ŞAHÇISI, İNDİKİ İQTİDARI İLƏ SAXTA TEHRAN

2021.10.20, 07:36
ŞAHÇISI, İNDİKİ İQTİDARI İLƏ SAXTA TEHRAN

Gunaz.tv
Təbrizdəki idman yürüşünü bunların hərəsi öz istəklərinə uyğun təbliğ edib S.SƏDRƏDDİN "Ayna"nın ötən saylarından birində Tehran hakimiyyətinin "İranda demokratiya və ölkə bütövlüyünü qorumaq üçün Azərbaycan hərəkatı" adlı qurum yaratdığı barədə məlumat vermişdik. Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri Böyük Rəsuloğlu həmin qondarma qurumun yaranmasına münasibət bildirərək yazmışdı ki, Tehran hakimiyyəti belə təşkilatlar yaratmaqla Azərbaycan və dünya ictimaiyyətinin fikrini çaşbaş salmağa çalışır. "Fars şovinizminin hansı şəkildə - istər taxt-tac, istər əba altında, istərsə də qalstukunun düyünlərindəki demokratiya örtüyü altında özünü göstərməsindən asılı olmayaraq, Azərbaycan türk milləti üçün fərqi yoxdur, bunlar bizə yalnız zillət və xiffət gətirmiş, ölkəmizi (Güney Azərbaycanı nəzərdə tutur - S.S.) dünyanın ən geri qalmış bölgəsinə çevirmişlər". B.Rəsuloğlunun qənaətincə, Azərbaycan Milli Hərəkatı hakimiyyət tərəfindən yaradılan bütün çətinliklərdən keçərək siyasi-ideoloji və məfkurə baxımdan özünü yetişdirmiş, nəzəri cəhətdən iri addımlar atmış, siyasi təhlil gücünü aldadılmayacaq dərəcədə artırmışdır. "Ona görə də bu oyunlara qatılmayan gənclərimiz Azərbaycan mərkəzli düşüncə sistemi əsasında fəaliyyətlərini davam etdirəcəklər. Düşmənin böyüdərək millətimizə sırımaq istədiyi insanlardan Azərbaycanı qoruyacaqlar. Başqa bir tərəfdən qeyd etmək lazımdır ki, İranda demokratiyanın qarşısındakı ən böyük əngəl fars şovinizmidir. Onun qarşısında dura biləcək yeganə qüvvə isə hər nəsnədən öncə öz milli probleminin həllinə qərar vermiş Azərbaycan Milli Hərəkatıdır", - deyə komitə sədri vurğulayıb. Elə Milli Hərəkatın öz yolu ilə durmadan getdiyini görən İslam Respublikasının rəhbərliyi ölkə içində və dışında olan panfarsist və paniranist qüvvələr, o cümlədən şahçılarla birləşməkdən belə vaz keçə bilmir. İran daxilində və xaricində farsdilli informasiya mənbələrinin bu günlərdə yaydığı xəbərdə deyilir ki, guya, 200 min azərbaycanlı Təbriz şəhərinin küçələrinə çıxaraq "Fars körfəzi"nin "Ərəb körfəzi" adlandırılmasına qarşı etiraz aksiyası keçiriblər. Güney Azərbaycandan yayılan məlumatlara görə, bu xəbər kökündən yanlışdır. Mənbə gerçək olay haqda bunları bildirib: "Şərqi Azərbaycan əyalətinin idman idarəsi mayın 2-də təbrizliləri müəyyən zaman ərzində sağlamlıq yürüşü etməyə dəvət edib. İdarə dəvətlilərə onu da vəd edibmiş ki, bu qaçış marafonunda xüsusi fərqlənənlərə mükafat da veriləcək. O biri yandan isə xaricdə yaşayan bir neçə şahsevər azərbaycanlı bu yürüşü "İranın bütövlüyü və demokratikləşməsi uğrunda Azərbaycan hərəkatı"nın aksiyası adlandırıb. Təbrizdə idman idarəsinin bildirişi yayıldıqdan sonra adıçəkilən və şahçı azərbaycanlılara aid olan qrup bildiriş yayaraq yerli əhalidən istəyib ki, "Fars körfəzi"nin adının təhrifinə etiraz olaraq yürüş keçirsinlər. Həmin yürüşdən çəkilən fotoşəkillərə diqqətlə baxılarsa, burada heç bir siyasi və başqa yönlü şüarın olmadığı aydın görünür. Şahçılar və İranın Milli Təhlükəsizlik Nazirliyi kimi dövlət qurumlarının məmurları bu idman yürüşünə siyasi don geyindirmək məqsədi ilə tədbir iştirakçılarından kənarda bir neçə nəfərin əlinə plakat verərək şəklini çəkib və istəklərini həyata keçirməyə çalışıblar". Mənbənin bildirdiyinə görə, təəssüf ki, bu xəbəri Amerika Konqresi tərəfindən maliyyələşən, gecə-gündüz farsca yayımlanan "Fərda" radiosu da Tehran hakimiyyətinin istəyinə uyğun yayımlayıb. Həmin məlumatı İslam Respublikasının maraqlarına uyğun yayan "Fərda" radiosu əməkdaşının adı Peyman Pakmehrdir. Yeri gəlmişkən, xəbər qaynağı bildirir ki, bu jurnalistin atası fars, anası Azərbaycan türkü olsa da, o özünü fars millətindən sayır. Xaricdəki şahçılar isə bir qayda olaraq onu Təbrizdən olan Azərbaycan türkü kimi təqdim edir, verdiyi bütün saxta məlumatları məmnuniyyətlə yayırlar. Güneydən verilən xəbərə görə, "Fərda" radiosu və onun "azərbaycanlı" müxbiri Peyman Pakmehr Azərbaycan türklərinin Babək qalasına ənənəvi yürüşünü də Tehran hakimiyyətinə sərf edən şəkildə yayıb. Qeyd edək ki, həmin tədbir zamanı Azərbaycan türkləri milli-mədəni haqları barəsində çeşidli bəyanatlar verir, istəklərini dilə gətirirlər. Həmin yürüşləri əks etdirən minlərlə fotoşəkil və çoxlu sayda videogörüntü mövcuddur. Ötən il keçirilən bu mərasim haqda məlumatı Peyman radio vasitəsi ilə belə yaymışdı: "Bu tədbir ümumiran şənliyidir. İnsanlar ora dincəlmək üçün gedirlər". Yürüşdən çəkilmiş fotoların və videogörüntülərin olduğunu görüb fikrini dəyişən Peyman daha bir saxtakarlıq etmişdi: "Bu toplantı milli mahiyyətli deyil, İran mahiyyətlidir. Çünki buraya ölkənin bütün yerlərindən insanlar gəliblər". Mənbə bildirib ki, "Fərda"nın bu əməkdaşı 2006-cı ilin mayındakı məlum etiraz aksiyaları ilə bağlı yanlış məlumat yayaraq "bu hərəkat İran hakimiyyətinə qarşıdır və onun azərbaycanlılara heç bir aidiyyəti yoxdur" deyə bildirmişdi. Güneyli qaynağın məlumatına görə, xaricdə yaşayan şahçıların yaratdığı "İranın bütövlüyü və demokratikləşməsi uğrunda Azərbaycan hərəkatı" adlı qrup bir neçə ay öncə Amerikada yaşayan azərbaycanlı aktyor Bəhruz Vüsuqinin adından sui-istifadə edərək öz bildirişlərinin altından onun da adını yazmışdılar. Hadisədən xəbərdar olan aktyor buna etiraz edərək təkzib vermişdi. Əslən Güney Azərbaycandan olan, hazırda mühacirətdə yaşayan hüquqşünas soydaşımız Babək Azəri şahçılarla İran rəhbərliyinin bu saxtakarlığına münasibət bildirərək yazıb: "Ağır iqtisadi durum ucbatından milyonlarla azərbaycanlı dədə-baba yurd-yuvalarını buraxaraq, farsdilli bölgələrə iş, güzəran dalınca köç edir... İranın şiə, fars hakimiyyəti İraqın sünni rejimi ilə müharibəyə başlayanda Azərbaycan türkləri öz milli maraqlarını araşdıraraq bu suala - "Həmin savaşın bizə nə dəxli var? Bu müharibə bizim milli mənfəətlərlə üst-üstə düşürmü?" - cavab vermək yerinə, on minlərlə azərbaycanlı gənc savaş meydanında hədər yerə həlak oldu. İndi də İranın fars hakimiyyəti atom bombası düzəldərək "İsraili dünyanın siyasi xəritəsindən silmək" eşqinə düşüb. Elə indidən belə düşünmək olar ki, Azərbaycan gəncliyi ağılsız siyasətin qurbanı ola bilər". Bununla bağlı çoxsaylı örnəklər gətirməyin mümkünlüyünü yazan hüquqşünas B.Azəri daha sonra körfəzin adı ilə bağlı məsələyə toxunaraq bildirib: "Özlərini Azərbaycan türkü adlandıran bu anlamazlar, görəsən, heç özlərindən soruşubmular ki, körfəzin fars, yaxud ərəbin adına adlanmasının türkə nə dəxli var? Çox təəssüflə deməliyəm ki, azərbaycanlı ziyalıların əksəriyyəti bizim ağır siyasi, iqtisadi və mədəni durumumuzu görə-görə çıxış yolunu milli hakimiyyətin qurulmasında görmürlər. İranın fars hakimiyyətinə müxalifətdə duran qüvvələrin oyuncağı olan yurddaşlarımız hələ də yuxudadırlar. Onlara elə gəlir ki, bir gün fars mərkəzli sosial və ya liberal mahiyyətli siyasi bir sistem yaranacaq və Güney Azərbaycan türklərinin bütün problemləri birdəfəlik həll olunacaq. Bu sayaq möcüzələr və nağıllara inananlardan olmadığımız üçün bir suala cavab verməyə ehtiyac duyuruq: "Bu ağır vəziyyətimizin səbəbkarı kimlərdir?" Təbii ki, bu sualın cavabı suçun bir hissəsinin özümüzdə axtarılmasıdır. Amma bu da məsələnin tam mahiyyəti demək deyil. Məlum olduğu kimi, Güney Azərbaycan Milli Hərəkatı yer adlarının farslaşdırılmasına qarşı da çıxış edir. İran Ana Yasasında nəzərdə tutulmuş haqlarını tələb edənlər həbs olunur, təzyiqlərə məruz qalırlar. Ölkənin çeşidli həbsxanalarında saxlanılan hərəkat təəssübkeşlərini, ana dilində təhsil, farslaşdırılmış yer adlarına türk adlarının qaytarılması kimi tələblərlə çıxış edən həmin insanları İslam Respublikasının məhkəmə hakimiyyəti "pantürkçülük"də, "panturançılıq"da ittiham edir. Əslində İran rəhbərliyi bu su hövzəsinin "Fars" adlandırılması ilə bağlı bir neçə ay öncə dünya ictimaiyyətini xəbərdar etmişdi. Həmin xəbərdarlığa görə, körfəzin İran ərazisində yerləşən limanlarına gətirilən malların qablarında ünvan "Fars körfəzi" kimi göstərilməzsə, o zaman həmin mallar geri qaytarılacaq. Təbrizdə keçirilmiş həmin idman yürüşünün mahiyyətinin saxtalaşdırılması ilə İran hakimiyyəti dünyaya istəyinin ölkə ictimaiyyəti, fars olmayanlar, özəlliklə Azərbaycan türkləri tərəfindən "dəstəkləndiyini" nümayiş etdirməyə çalışır. Şahçılar isə belə bir izdihamın arxasına sığınaraq Azərbaycanın, xüsusən Təbrizin onları müdafiə etdiyini göstərməyə səy edir, bununla da beynəlxalq ictimaiyyətin rəyini öz xeyirlərinə dəyişdirməyə çalışırlar. Yeri gəlmişkən, ərəblərin və farsların iddia etdiyi körfəzin əsl adı Kəngər körfəzidir. Biz türklər bu tarixi gerçəkliyi ortaya qoyanda manqurtlar, panfarsçılar və panərəblər bizi "pantürkçülük"də ittiham edirlər...

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar