SON XƏBƏRLƏR

“Sepah” komandanından Trampa kəskin cavab: “İran milləti öz məsullarının böyük şeytanla görüşməsinə icazə verməyəcək”

2021.10.20, 07:36
“Sepah” komandanından Trampa kəskin cavab: “İran milləti öz məsullarının böyük şeytanla görüşməsinə icazə verməyəcək”

Gunaz.tv

GünAzTV: “Sepah”ın baş komandanı Məhəmmədəli Cəfəri iyulun 31-də ABŞ prezidenti Donald Trampa yazdığı bir açıq məktubda onun İran prezidenti Həsən Ruhani ilə görüşə hazır olması ilə bağlı səsləndirdiyi bəyanatına kəskin reaksiya verib.

 

Öz məktubunda Trampı “siyasət aləmində qeyri-peşəkar bir prezident” adlandıran Cəfəri bildirib ki, Amerikanın nə hazırkı prezidenti, nə də ondan sonra gələcək prezidentlər, İran rəhbərləri ilə görüşün reallaşacağı günü görməyəcəklər: “İran Şimali Koreya deyil ki, sizin görüşlə bağlı istəyinizə müsbət cavab versin. İran rəsmiləri sizin populist ssenarilərinizə yaxşı bələddir və bunu dəfələrlə təcrübə edib.

 

Siz, İran İslam Respublikası rəsmilərinin sizə görüşmək təklifi edəcəyi ilə bağlı arzunuzu gora aparacaqsınız. Çünki İran milləti öz məsullarının böyük şeytanla görüşməsinə heç vaxt icazə verməyəcək. Siz heç vaxt o günü görməyəcəksiniz. Yaxşısı budur ki, siz Ağ evinizdə oturub İran rəhbərləri ilə görüşmək xülyasında seyr edəsiniz. Bilin, bu elə bir arzudur ki, prezidentlik müddətiniz başa çatana qədər sizinlə qalacaq və hətta Amerikanın sizdən sonrakı prezidentləri də bu yuxunun çin olması gününü görməyəcəklər. Bilin ki, İran milləti hakim hegemon sistemin qəti məğlubiyyətinə qədər dünya zülmkarları qarşısında dayanacaq, son qələbəyə qədər müqavimət göstərəcək”.

 

Xatırladaq ki, prezident Tramp iyulun 30-da Ağ evdə İtaliyanın baş naziri Cüzeppe Konte ilə danışıqlardan sonra onunla birgə keçirdiyi mətbuat konfransında İran prezidenti ilə görüşməyə hazır olduğunu bildirib.

 

 

O, jurnalistlərdən birinin verdiyi “Siz rəsmi Tehranla yaşanan çaxnaşmanı azaltmaq üçün İran prezidenti Həsən Ruhani ilə görüşə hazırsınızmı” sualını belə cavablandırıb: “Mən, heç bir ilkin şərtsiz hər kəslə, o cümlədən də İran rəsmiləri ilə istənilən vaxtda görüşməyə hazıram. Bunun üçün heç bir şərtim yoxdur. Əgər onlar istəsələr bir-birimizlə görüşərik. Bu, həm onlar və bizim üçün, həm də dünya üçün yaxşıdır. Lakin güman etmirəm ki, indiki şəraitdə onlar buna hazır olsun.

 

Bu kimi görüşlərin keçirilməsi müsbətdir. Bunda pis heç nə yoxdur. Bizim Şimali Koreyanın rəhbəri Kim Çen İn və Rusiya prezidenti Vladimir Putinlə görüşümüz buna bir misaldır. Hər iki görüşün müsbət nəticələri oldu və aramızda yaşanan problemlər qismən də olsa azaldı”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar