SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda ölkənin ən yaşlı öyrəncisi vəfat etdi

2021.10.20, 07:36
Şərqi Azərbaycanda ölkənin ən yaşlı öyrəncisi vəfat etdi

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycanın Əcəbşer şəhərində ölkənin ən yaşlı öyrəncisi olan Qənbər Heydəri Şişvani 89 yaşında vəfat edib.

 

İyulun 23-də dünyasını dəyişən Qənbər Heydəri Şişvani 1930-cu ildə Əcəbşerin Şişvan kəndində doğulub, onun bir qız övladı var.

 

Soydaşımız 39 il əvvəl 50 yaşında Əcəbşer Şəhər İcra Hakimiyyətinin qərarı ilə təqaüdə çıxdıqdan sonra ali təhsil almaq arzusunu gərçəkləşdirməyə çalışıb. O 25 il ardıcıl universitetə qəbul imtihanına qatılıb və nəhayət 2001-ci ildə humanitar elmlər üzrə Cəhrom Azad Universitetinə qəbul olunub.

 

Qənbər Heydəri Şişvani lisans pilləsində təhsilini başa vurduqdan sonra yenə də təhsilini davam etdirmək istəyib. O bu dəfə təhsil tədqiqatları ixtisası üzrə Əcəbşer Azad Universitetinə qəbul olunub və yüksək lisan pilləsini bu universitetdə başa vurub.

 

Qənbər Heydəri Şişvaninin arzusu təkcə ali təhsil almaqdan ibarət olmayıb. O prezident seçkilərində 4 dəfə namizədliyini irəli sürüb və ölkə prezidenti olmağa cəhd göstərib. Onun həyatı barədə Məhəmməd Hüseyn Şirvani tərəfindən sənədli film çəkilib. “Prezident Mir Qənbər” filmi mərhumun iştirakı ilə İsveçrə və Yaponiyada nümayiş etdirilib, film Yaponiyada mükafat da qazanıb.

 

Ölkənin ən yaşlı öyrəncisindən “Həyatımın eniş-yoxuşları” adlı kitab yadigar qalıb. 7 il əvvəl həyat yoldaşını itirdikdən sonra qızının evində yaşayan Qənbər Heydəri Şişvani çərşənbə axşamı günü 89 yaşında yaşadığı evdə vəfat edib.

 

 

 

 

 

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar