SON XƏBƏRLƏR

Seyid Cəfər Pişəvəri(Cavadzadə)

2021.10.20, 07:36
Seyid Cəfər Pişəvəri(Cavadzadə)

Gunaz.tv
"O ağır gündə anadan olmuşdu,onu ağır tale gözləyrdi" Seyid Cəfər ailədəki beş uşaqdan ikincisi idi. Səfər ayinin 13-də doğulmuşdu. Kəndin başbiləni mir Əhməd (onun qabaqcadan hər şeyi görmək qabiliyyəti vardı) atama demişdi ki, bu uşaq çox ağır gündə dünyaya gəlib. Uşağı qada-baladan uzaq eləmək uçun, yeddi il onun özü ağırlığında sədəqə paylanmalıdır. Gələcəkdə onum başına nələr gələcəyini, yalnız Allah bilirdi. Təzə doğulmuş övlad haqda bu sözləri eşidən atam-anam çox mütəəssir olmuşdular. Yeddi yaşına qədər hər il onu tərəzinin bir gözünə çıxarır , o biri gözünə isə özü ağırlığında düyü, buğda və s. qoyurdular və yoxsullara paylayırdılar." (Suğra xanım Azər -Cavadzadə). Azərbaycan milləti tarix boyu güclü yaşamışdır. Pişəvəri millətimizin gücsüz dövründə dünyaya göz açdığından ağır taleli olmasını duymaq çətin deyil. Onun taleyi millətinin taleyi idi, deyirəm Suğra xanım. Millətini düşünən insan onun taleyindən başqa tale yaşaya bilməz. Suğra xanım xoş bir təbəssümlə sözümü təsdiqləyir. Sonra Seyyid Cəmalləddin Əsədabadinin "milliyyət xaricində xoşbəxtlik yoxdur" fikrini özəl ifadə ilə xatırlayır. Pişəvərinin bacısı Suğra xanımdan aldığımız bilgiyə görə Pişəvəri 8 yaşında ikən Güney Azərbaycandan, Quzey Azərbaycana göturulmuşdur. Onlar ailəliklə Xalxaldan, Bakının Bülbülə qəsəbəsinə köçmüşlər. İlk təhsilini Zeyvədə və Bakının Bülbülə qəsəbəsində almışdır. Sonralar Bülbülə və Xırdalan məktəblərində müəllim işləmişdir. Pişəvəri Bakı mədənlərində işləyən Güneyli fəhlələri toplayıb, onlara öz hesabına gecə kursları düzənləmişdir. Beləliklə Güney Azərbaycanın Xalxal mahalının Zeyvə kəndi və Bakının Bülbülə qəsəbəsindən başlanan ömür yolu, 11 il Tehran zindanından, Kaşan sürgünündən keçmiş və Gilan Sosialist Respublikasının iç işlər vəzirliyi, Azadlıq Cəbhəsinin yaradılması, Azərbaycan Demokrat Firqəsinin sədrliyi, nəhayət Güney Azərbaycan Milli Dövlətinin Baş Vəziri səviyyəsinə yüksəlmişdir. 1947-ci il Quzay Azərbaycandan vətənə qayıtmaq uçun, hərbi hazırlıq görən fədailərin görüşünə tələsərkən bir yol olayında "həlak" olduqdan sonra, elə Bülbülə qəsəbəsində də, dəfn olunaraq sona yetdi. Sonu azadlıq sorağında Fədailərin görüşünə tələsən yolda başa çatan ömrün, məcrasına sığmayan su kimi təlatümlü axarı məni elə çəkib apardı ki, tale yüklü bir çox zəruri məqamları qeyd etməyi belə, unutdum. Onsuzda biz onun borcunu qaytarmamışıq. Hələ görüləsi işlərimiz çoxdur. Onun gördüyü işlər, yazdığı əsərlər, danışdığı sözlər hələ sıralanmayıb, lazımınca araşdırılmamışdır. Onun fəaliyyətinə və həyatına kölgə salmaq məqsədilə qələmə alınmış, "yazılar", atılan böhtanlar hələ lazımınca cavablandırılmamışdır. Uzun illər bu mövzuya toxunmaq yasaq olsa da, azda olsa, görülən işlər, tarixin onun haqda verdiyi hökmü üzə çıxarmışdır. Bu hökm milli mübarizə tariximizdə Pişəvərinin Güney Azərbaycan Milli Dövlətçilik simvolu olmasıdır. Pişəvərinin vəfatı ilə 20-ci əsrin əvvəllərindən, Milli Azadlıq və Milli Dövlətçilik uğrunda başlanmış böyük bir tarixi mərhələyə son qoyulsa da, onun sorağına düşmək təsəllisi və yolunu davam etdirmək məsuliyyəti bizə qaldı. Ondan sonra Tanrı sanki bizi sınağa çəkirmiş kimi ağır günlər yazdı taleyimizə. Talenin ağrısını da, acısını da dözüm və mətanətlə qarşılayan millət, uzun illər ovsunlanmış kimi yaşadı. Milli Dövlətin çöküşündən sonra aldığı ağır zərbədən, uzun illər başına nə gəldiyini bilməsə də, səksəkəli yaşadı, dan yerinin sökülməsini gözlədi. Taqətdən düşsə də həvəsdən düşmədi. Müqəddəs amalını unutmadı. Səttar Xandan üzü bəri fədailər nəsli bir-birini əvəz etdi. "Fədailər Atası" kimi şəhid olan Pişəvərinin bayrağı yerdə qalmadı. Beləliklə, həyatımızın nizami pozulmadı. Bu nizam Pişəvəri kimi, alim hakimlərin tədbiri sayəsində qurulmuşdur. Pişəvəri alim hakimlərdən idi. Pişəvəri Milli Dövləti zamani Azərbaycan, sakitlik, azadlıq və xoşbəxtlik dövrünü yaşamışdır. Azərbaycanlı bir fəhlə demişdir: "Ömrümdə bir il borcum olmamışdır, yayda işləmişdim, qışda həmkarlar birliyindən almışdım". Bu bir il Pişəvərinin qurduğu Azərbaycan Milli Dövlətinin dövrü idi. Azərbaycan Milli Dövlətinin bir illik fəaliyyəti haqda, Arvand Ibrahimyanın “ iki inqilab ərəfəsində" kitabından bir cümləni xatırlamaq istərdim. Ibrahimyan yazır: "Hətta Firqənin müxalifləri belə bu bir il də iyirmi illik Riza şah dövründən çox iş görüldüyünü etiraf etməli oldular". Pişəvərinin başçılığı ilə yaranan Azərbaycan Demokrat Firqəsi, yarandığı vaxtdan qısa zaman içində millətin siyasi dayağına çevrildi. Pişəvəri və Azərbaycan Milli Dövlətinin tarixi əməlləri Azərbaycan kəndlisinin həyata küskün baxışlarına son qoydu. Həyatını millətinin taleyinə qurban verən Pişəvəri, həyati güldürən əməlləri ilə Azərbaycan tarixində əbədiləşdi. Vətən ağrısına köksünü gərən insanların ön sırasında duran Pişəvəri, bu gün də, tarixi əməlləri və ölməz əsərləri ilə, yenə ön sıramızdadır. O, əlinə qələm alanda millətimizin taleyi gülmüşdür. Onun qələmə aldığı sətirlər bu gün də yolumuza işıq salır. Ona qarşı ardıcıl və qərəzli təbliğatın əsas məqsədi onun fəaliyyətinə kölgə salmaq olmuşdur. Bütün təbliğatlara baxmayaraq, Pişəvəri, heç vaxt düşmənləri və yalançı dostları qarşısında aciz olmamışdır. Bütün şayiələr siyasi məqsəd daşdığı kimi, Pişəvəri və Azərbaycan Milli Dövlətinə qarşı görülən işlər, yayılan şayiələr, Azərbaycan millətinə qarşı nəzərdə tutulan məqsədyönlü və qərəzli tədbirlərin ayrılmaz hissəsidir. Hər qara fürsətdən məharətlə istifadə etməyə çalışanlar, tarixin övladlarının bədnam etmək cəhdləri ilə, əslində zamanın ahənginə qarşı çıxmaq istəmişlər. Nə qədər acınacaqlı olsa da, qeyd etmək istərdim ki, bellərinin taleyi də, əməlləri kimi uqursuz olmuşdur. Eyni qaynaqdan qidalanan təbliğatçıların əməlləri, arasında "planlı ardıcıllığın" görünməsi, bu oyunçuların bir havaya oynamasından xəbər verir. Bu hava Riza xan "orkestr qrupunun" ziddi türk notları üzərində quraşdırdığı pan farsizm havasıdır. Bu not üzərində formalaşmış "ziddi Türk" cəbhəsi, fars "aydınlarını" millətimizə qarşı saqdan sola qədər birləşdirmişdir. Yazıqlar olsun ki, bəzən bu təbliğatın əsirinə çevrilənlərimizə də rast gəlirik. Bütün bunlara baxmayaraq, bu gün, ayağımız altında ləngər vuran "Azadlıq" gəmisi, millətin ruhunda yaşayan, Pişəvəri dühasından yoğurulan ideyalarla silahlanaraq, sahilə doğru yan almaqdadır. Tariximizin bir çox sahəsi kimi, tarixi şəxsiyyətlərimizin də, ictimai-siyasi fəaliyyəti yetərincə öyrənilməmişdir. Daha doğrusu, bunlar bir-biri ilə tam bağlı mövzular olduğu üçün, bütöv öyrənilməli və bütöv yazılmalıdır. Güney Azərbaycan Milli Dövlətinin banisi Seyid Cəfər Pişəvərinində siyasi-ictimai fəaliyyəti bir çox nədənlər üzündən tam öyrənilməmişdir. Bu nədənlər hər hansı səhlənkarlıq və yaxud laqeyd münasibətlə deyil, tam siyasi xarakter daşımışdır. Güney Azərbaycanda Milli Dövlət yenildikdən bu günə qədər, Pişəvəri irsinin öyrənilməsi yasaq edilmişdir. Quzey Azərbaycanda isə, son illərə qədər vəziyyət bir o qədərdə Güneydən fərqlənməmişdir. Bu haqda "Pişəvərinin həyatı, mühiti və yaradıcılığı" adlı kitabın müəllifi Əhməd Vüqar yazır : "M.C Pişəvərinin adı vəfatından sonrakı illərdə müəyyən dərəcədə kölgədə qalmışdır. Doğrudur Quzey Azərbaycana mühacirət etmiş həmvətənləri arasında onun həyati, faciəli ölümü haqda gizli söz-söhbətlər gəzmişdir. İstilinin ölümü və Bağırovun məhkəməsindən sonra Mir Cəfər Pişəvəri haqqında, onun ədəbi bədii, publisistik irsi, ictimai-siyasi fəaliyyəti barədə yazılar mətbuatda görünməyə başlayır ".(Səh.9). Pişəvərinin ictimai-siyasi, özəlliklə dövlətçilik fəaliyyəti haqda son illərə qədər yazılanların obyektivlikdən uzaq və qərəzli olduğunu xüsusi vurğulamaq lazımdır. Bu yazılarda ən yaxşı halda Pişəvəri fəaliyyətinə və adı çəkilən mövzulara aid, dünya görüşünə kölgə salmağa cəhd göstərilib. 21 Azər hərəkatının sənədləri və Pişəvərinin əsərləri tam mənada işıq üzü görmədiyindən, dünya ictimaiyyətində bəzən qeyri obyektiv fikir formalaşmışdır. Başqa sözlə desək, uzun illərin birtərəfli və qərəzli təbliğatı dünya ictimaiyyətini çaşdırmaqda etgisiz olmamışdır. 2001-ci il BMT-nin İran üzrə, İnsan Haqları üzrə sorumlusu Muris Copithorn Azərbaycanın ictimai-siyasi qurumlarının nümayəndələri ilə görüşərkən "21 Azər" təşkilatının Amerika təmsilçilərindən Məhəmməd Riza Xəştiyə: "Güney Azərbaycan 45-ci il hərəkatında sol qüvvələrin rolu haqda" verdiyi sual, hərəkatın mahiyyətinin dünya ictimaiyyətinə tam aydın olmadığından xəbər verir. Düşmən qüvvələrin bu məsələ üzərində az da olsa təbliğat üstünlüyünü boynumuza almalıyıq. Bu iş farsların dövlət imkanlarından faydalanması və sağlı-sollu fars qüvvələrinin eyni mövqedən çıxış etməsi ilə mümkün olmuşdur. Sağ qüvvələr sırasında Məhəmməd Riza Pəhləvi və onun komandası, Azərbaycan Milli Dövlətinin devirmə məsuliyyətini daşıyır. Bu tayfa eyni halda həlak olmuş 33-min insanın qatilidir. Sol qüvvələr sırasında aparıcı rol oynamış Tudə partiyası, 21 Azər nehzətını və Pişəvəri şəxsiyyətini kölgədə saxlamağa cəhd etmişdir. Söz deməyə məcbur olduqları halda isə, bəzən onu "özünunkuləşdirməyə" cəhd edərək Pişəvəri etibarından və adından öz xeyrlərinə faydalanmağa çalışmışlar. 1963-cü il Tudə partiyasının təklifi ilə, Azərbaycan Demokrat Firqəsini Hizbi Tudəyə birləşdirmək məqsədilə Moskvada "Vəhdət Konfransı" keçirilmişdir. Konfransda Tudəçilərin Azərbaycan Demokrat Firqəsinin ünvanına söylədikləri yalanların cavabında Firqənin sədri Qulam Yəhya demişdir: "Düşmənlərimiz bizimlə belə davranmağa və bizə qarşı bu "töhmətləri" vurmağa cürət etmir, heç olmasa düşmən mövqeyində durun". Qulam Yəhya sözünə əlavə etmişdir: "Əyər bu dediklərinizə inanırsınızsa nədən bizimlə birləşmək istəyirsiniz"? (Q.Yəhyanın xatirə kitabından). Qeyd etməliyəm ki, işin gedişi və sənədlərin hazırlanması, Qulam Yəhyanın düz mövqedə olduğunu sübut etdi. Hadisələrin gedişatından aydın oldu ki, Hhizbi Tudə Firqə ilə birləşmək yox, bəlkə, "birləşmək" adı altında, rusların yardımı ilə Firqənin adını tarixdən silmək istəmişdir. Buna nail olmadıqda, Firqəni Hizbi Tudənin əyalət komitəsi səviyyəsinə endirməyə müvəffəq olmuşlar. (Baxmayaraq ki Qulam Yəhya Firqənin sədri olduğu dövrdə bu plan faktiki olaraq həyata keçmədi). Hizbi Tudəyə toplaşmış fars şovinistləri, Firqə yaranan gündən ona qarşı mənfi münasibətdə olmuşlar. Bu münasibət sağlam sol təfəkkürlü soydaşlarımız arasında bəzən, 21 Azər hərəkatına və Pişəvəri şəxsiyyətinə də, ilıq münasibətə nədən olmuşdur. Seyid Cəfər Pişəvərinin ictimai-siyasi fəaliyyəti ! S.C. Pişəvərinin, yaşının yetkin çağlarında yazdığı əsərləri göstərir ki, uşaqlıq illərindən yaddaşında həkk olunmuş hadisələr onun sonrakı fikir qatlarının formalaşmasında nə qədər güclü təsirə malik olmuşdur. Uşaqlıq illərində, şahidi olduğu hadisələri "Nə üçün qaçırdılar", "Ayrı bir dəhşətli mənzərə" Nə üçün öz vətənlərini tərk edirdilər" başlığı ilə 48 yaşında qələmə alsa da, bu hadisələrin onun dünya görüşünün formalaşmasında güclü təsirini sezməmək olmaz. Cəmiyyət və ətrafında baş verən hadisələrə qayğılı münasibət onu ömrünün axırına qədər izləyərək ictimai-siyasi olayların qaynar nöqtəsinə atmışdır. S.C. Pişəvəri siyasi fəaliyyətə qəzetçilikdən başlamışdır. 1917-ci ildən Açıq söz qəzetində "Mir Cəfr Seyid Cavadzadə" imzası ilə çıxan yazıları, onun həmən dövr ictimai mühitdə aktivliyindən xəbər verir. O, həmən dövr Qafqazda "İran Sosial Demokrat Firqəsinin" toplantılarına qatılır. Pişəvəri, Sosial Demokrat Firqəsi haqda yazır: "Qafqazdakı İran Sosial Demokratlarının təşkilati yüz fayız həmən firqənin Azərbaycan əyalət komitəsinə tabe olaraq, müstəqil surətdə Təbrizdən göstəriş alır və gördüyü işlər haqda oraya raport verirdi". Pişəvəri ictimai hadisələrin təhlilinə son dərəcə məsuliyyətli və ehtiyatlı yanaşdığından 1918-ci ilə qədər geniş qəzetçilik fəaliyyəti olsa da, heç bir siyasi təşkilatla ilgili olmamışdır. O 1918-ci il İsmiliyə binəsinin məşhur olayını açıqlayarkən, o vaxt hələ bitərəf olduğunu qeyd edərək yazır " O vaxt mən bitərəf idim . Ədalətçilərin Konsul haqda dediklərini hissiyyatım üzündən doğru sayırdım". Bir sıra müəlliflər onun həmən il Mart ayında Əsədulla Qafarzadənin rəhbərlik etdiyi "Ədalət Firqəsinin Bakı təşkilatına" üzv olduğunu söyləyirlər. Pişəvəri "Ədalət Firqəsi"nin orqanı "Hürriyyət " qəzetinin baş redaktoru İşləmişdir. S.C.Pişəvəri 1920-ci ilin May ayında Gilana getmişdir. 1920-ci ilin İyun ayında "Gilan Sosialist Respublikasının” yarandığı elan olundu. Pişəvəri Gilan Respublikasının xarici işlər vəziri seçilir. Gilan hərəkatı sona çatar çatmaz Tehrana yollanır. Tehranda Həmkarlar Birliyinin orqanı olan "Həqiqət" qəzetinin nəşrinə başlayır. 1930-cu il dekabr ayında Riza xan polisi tərəfindən həbs edilir. 11 il qanunsuz, hətta məhkəməsiz həbsdə qalan Pişəvəri, dözülməz və dəhşətli işgəncələrə dözərək, polisə heç bir sirr vermir. O "Zindan Xatirələri" əsərində bələ bir cümlə işlətmişdir " Amma bəziləri bizi satıb azad oldular". 1940-cı il, Qəsr zindanından buraxılsa da, Kaşan şəhərinə sürgün edilir, orada qısa müddət göz altında saxlanılır, sonra yenidən həbs edilir. 1940-cı il sentyabr ayında zindandan çıxır. Zindandan çıxdıqdan sonra "Ajir" qəzetinin nəşrinə başlayır. Az vaxtdan sonra, 44 qəzeti birləşdirən "Mətbuatın Azadlıq Cəbhəsini" yaradır. Bu vaxt İranın 13-cü məclisinin vaxtı bitdiyindən, 14-cü məclis seçkilərinə hazırlıq gedirdi. Pişəvəri "Azadlıq cəbhəsi" tərəfindən Güney Azərbaycanın mərkəzi, Təbrizdən İranın 14-cü məclisinə aday olur. Pişəvəri "Azadlıq Cəbhəsi tərəfindən aday göstərilən kimi, İranın mürtəce qüvvələri ona qarşı ciddi fəaliyyətə başlayır. Səsləri parçalamaq uçun 100 nəfərdən artıq şəxsin adaylığını irəli sürdülər. Bütün bu cəhdlərə baxmayaraq Təbriz əhalisi Pişəvəriyə böyük etimad göstərərək onu özünə vəkil seçdi. Bura da qeyd etmək istərdim ki, öncə vurğuladığım kimi, Tudə Partiyasi Pişəvəri, və bütünlüklə, 21 Azər hərəkatı haqda sükutla ötüşsə də, ara-sıra Pişəvəri etibarından öz xeyrinə faydalanmağı da, unutmamışdır. Hizbi Tudənin iddiasına görə, guya Pişəvəri İranın 14-cü məclisinə bu partiya tərəfindən aday göstərilmişdir. Hizbi tudə bu yalan iddiasını sübut etmək əvəzinə bir başa təsdiqdən başlamışdır. Hizbi Tudənin bu iddiasını sübut edən heç bir sənəd yoxdur. Başqa sözlə desəm, Pişəvərinin bu hizblə heç bir ilgisi olmamışdır. Pişəvəri Təbriz əhalisinin 16000 səsi ilə 14-cü məclisə seçildikdən sonra, Cəfər Kaviyana yazdığı məktubda yazır: "Biz Azadlıq Cəbhəsinin Fraksiyasında olmağı məsləhət gördük. Hizbi Tudə üzvlərinin xoşuna gəlməsə də bizim bundan başqa yolumuz yox idi. Aqyə Müctehədidən başqa Təbriz millət vəkillərinin hamısı bizimlə bir fraksiyadadır. Ümidvaram ki, Təbrizin Qəyur əhalisinin arzusunu və istəklərini yerinə yetirəm. Sərtipzadə də, "Azadlıq Fraksiyasındadır ", münasibətimiz rəsmidir. Aramızda qarşı durma yoxdur". (21 Azər dərgisi N-1.Səh 9). Məktubdan göründüyü kimi Pişəvəri Hizbi Tudənin fraksiyasında deyil, "Azadlıq Cəbhəsinin" fraksiyasında olmuşdur. Bu Tudeyilərin xoşuna gəlməsə də Pişəvəri onlarla əməkdaşlıq etməmişdi. İranın 14-cü məclisində Tudəyilərin hamısının etibarnaməsi təsdiqlənir və üç vəzirlə kabinədə də iştirak etdilər. Seçkilər zamanı hakimiyyət orqanlarının maneələrini uğurla keçən Pişəvərinin etibarnaməsi isə, Azərbaycan millətinin qatı düşməni Məmməd Riza Pəhləvinin göstərişi və bütün mürtəce qüvvələrin əlbirliyi ilə 47 müvafiq səs qarşılığında 50 müxalif səslə rəd olunur, beləliklə ona Tehranda vəkillik etibarnaməsi verilmir. Bu haqda Pişəvəri yazırdı: "İrticaçılar 50 qərəzli səslə 16000 sadə və pak Təbrizlinin səsini puça çıxartmaqla, şursuzluq üzündən, özlərinin əleyhinə və bizim xeyrimizə böyük bir addım atmışlar”. (Ajir qəzeti. N, 169. 1323-cü il) Pişəvəri "Azadlıq Cəbhəsin " yaradarkən, eləcədə məclisə seçkilər kompaniyasında Azərbaycanı qarış-qarış gəzmiş və əhalinin istəkləri ilə tanış olmuşdur.(Bu haqda onun özəl qeydləri var). Pişəvəri Azərbaycanda yaranmış inqilabi vəziyyəti duyan ilk şəxsiyyətlərdən olmuşdur. Etibar naməsi rədd edildikdən sonra öz seçki bölgəsinə, Təbrizə qayıdır. Azərbaycan Demokrat Firqəsini (A. D. F) yaratmaq üçün hazırlıq işlərinə başlayır. Firqənin yaradılması haqda, ilk müzakirəni Hizbi Tudənin təşəbbüsü ilə ruslar tərəfindən ləğv edilmiş "Azərbaycan Cəmiyyətinin" sədri Hacı Əli Şəbustəri ilə aparmışdır. Şəbustərilə Pişəvərinin 3 günlük müzakirəsi olumlu nəticələnmişdir. Sonralar bu müzakirələrə Hizbi Tudənin əyalət komitəsinin sədri Sadiq Padiqan da dəvət olunur. Sadiq Padiqan Hizbi Tudə rəhbərlərinin razılığı olmadan, Şəbustəri və Pişəvərilə Azərbaycan Demokrat Firqəsinin yaradılması haqda razılığa gəlir. Burada qeyd etməliyəm ki, həmən dövr Azərbaycan Sovetlər Birliyi tərəfindən tutulmuşdur. Azərbaycanı işğal etmiş rus qüvvələri Azərbaycanda Milli təşkilatların yaranmasına qarşı çıxır, onları Hizbi Tudə ilə birləşməyə çağırırdılar, niyyətləri baş tutmadıqda isə, təşkilati ləğv edib üzvlərini sürgün edirdilər. Milli Hərkatdan öncə Azərbaycanda yaranmış və qısa müddət fəaliyyət imkanı bulmuş "Azərbaycan Cəmiyyətinin" taleyi bu dediklərimi sübut edir. "Azərbaycan Cəmiyyəti" 1940-cı il Hacı Əli Şəbüstəri, İsmayıl Şəms, Sadiq Padiqan, Məhəmməd Biriya və başqalarının təşəbbüsü ilə yaranmışdır. Az vaxt keçmədən Cəmiyyətin fəaliyyəti genişlənir. Cəmiyyət Azərbaycandan çıxarılan malları göz altına alır. Özəlliklə Azərbaycandan özbaşına taxıl daşınmasının qarşısını alır. Cəmiyyət üçüncü dövr "Azərbaycan" qəzetinin nəşrinə başlayır. İsmayıl Şəms qəzetin sorumlusu seçilir. Azərbaycan millətinin mənafeni qoruyan Cəmiyyətin ləğv edilməsi haqda təşəbbüs, ilk dəfə Hizbi Tudə tərəfindən qaldırılır. Hizbi tudə tərəfindən Riza Rusta Təbrizə gəlir. Cəmiyyətin sədri Hacı Əli Şəbustəri və rəhbər üzvlərdən, İsmayıl Şəms və Sadiq Padiqanla görüşərək, Cəmiyyətin ləğv edilməsini təklif edir. O eyni halda təklif edir ki, Cəmiyyət ləğv edilsin və üzvləri Hizbi Tudəyə qoşulsun. Bu haqda İsmayıl Şəms Deyir: "Mən və Hacı Əli Şəbustəri bu təklifə qarşı çıxaraq dedik : "İranın inqilabi hərəkatı həmişə Azərbaycandan başlanmışdır və başçıları ya Tehrana aparılıb öldürmüşdür ya da, Təbrizdə üzdən iraq Demokrat Prtiyasının üzvü Müxbirul-Sltənə tərəfindən öldürülmüşdür. Sadiq Padiqan isə, Riza Rustanın təklifi ilə razılaşdı. Cəmiyyət ləğv edildikdən sonra, Sadiq Padiqan Azərbaycanda Tudə Partiyasının katibi oldu. Hizbi Tudə ilə razılaşmayanlar isə, Sovetlər Birliyinə sürgün edildi ". ("21 Azər"jurnalı N;2). Sürgün prosesi haqda İsmayıl Şəms yazır: "Onlar (ruslar) məni qara maşına mindirib dəmir yolu vağzalına apardılar. Orada Hacı Əli Şəbustəri, Mir Mehdi Etimad və Məhəmməd Biriyanı gördüm. Hamımızı qatara mindirib Bakıya göndərdilər".(Həmən qaynaq). Azərbaycanı işğal etmiş rusların Milli Hərəkata qarşı çıxdığı bir şəraitdə, Pişəvəri, Milli Hərəkata başçılıq edəcək Azərbaycan Demokrat Firqəsinin yaranmasında böyük çətinliklərlə rastlaşır. Lakin o bu çətinliklərə qalib gəldi. Rusların və onların himayəsində olan Hizbi Tudənin, eləcədə İran rejiminin, Firqənin yaranmasına qarşı dirənişini qırdı. Firqənin yaranma prosesi uğurla başa çatdı. Firqənin yaranmasına qarşı ilk mənfi reaksiya göstərən yenə Hizbi Tudə oldu. Bu haqda, "İran iki inqilab ərəfəsində" əsərin müəllifi Arvand Ibrahimyan yazır: "Azərbaycan Demokrat Firqəsinin yaradılma xəbəri Tehrana çatan kimi Hizbi Tudənin Katibliyi təcili olaraq Mərkəzi Komitənin və Təftiş komissiyasının ümumi toplantısını çağırdı. İclas başlandıqdan sonra, müzakirələr gecə səhərə qədər davam edir. Sonda Xəlil Məlikinin hazırladığı bəyanat təsvib olur. Bəyanatda Hizbi Tudənin əyalət komitəsinin, Tudədən ayrılaraq Firqəyə birləşməsi pislənilir. Bəyanatda Azərbaycan Demokrat Firqəsi sözü sadəcə "Firqə" sözü ilə əvəz olunur. Bununla da Hizbi Tudə Azərbaycan Demokrat Firqəsinın milli kimliyini qəbul etməkdən yayınır. Tanımadığımız bir nəfər bu bəyanatla ilə razılaşmır və həmən gecə Tehranı tərk edərək Təbrizə gəlir. Azərbaycan Demokrat Firqəsinın yaydığı bəyanatda, MILLƏT sözü işlənilsə də, Hizbi Tudənin orqanı olan "Rəhbər" qəzeti həmən bəyanatdan danışarkən, MILLƏT sözünü MƏRDOM sözü ilə dəyişmişdir ". (Arvan Abrahimyan. İaran iki inqilab ərəfəsində. Səh 495). Bütün bu faktlar Rusların və onların himayəsində olan Hizbi Tudənin Azərbaycan Milli Hərəkatına, eləcə də Azərbaycan Demokrat Firqəsinin yaranmasına qarşı olduğunu göstərir. Rusların milli hərəkata qarşı çıxması haqda ciddi faktların olmasına baxmayaraq, Azərbaycan Demokrat Firqəsinin tarixini saxtalaşdırmağa cəhd edənlərin, qərəzli mövqedə olduqlarını sübut etməyə ehtiyac yoxdur. Milli Hərəkatın və Milli Təşkilatların formalaşması qarşısında ciddi maneələrin olduğuna baxmayaraq, Azərbaycan Demokrat Firqəsinin birinci qurultayı keçirildi. Azərbaycanın Milli Konqresi işə başladı. Nehzət qələbə çaldı. Azərbaycanın Milli Məclisi Seyid Cəfər Pişəvərini Azərbaycanın Baş Vəziri seçdi. S. C. Pişəvərinin dünya görüşü ! İnsanların dünya görüşü, toplumun inkişaf qanuna uyğunluqları üzərində formalaşır. Başqa sözlə desəm, insanın dünya görüşü, yaşadığı ictimai mühitin ciddi etgisinə məruz qalır. Tarixi şəxsiyyətlərin dünya görüşünü araşdırarkən, İctimai hadisələrin təhlilində səhvə yol verilərsə, şəxsiyyət haqqında obyektiv qənaətə gəlmək imkansızdır. Tarixi şəxsiyyətlərin dünya görüşünü və düşüncə tərzini yalnız ictimai hadisələrin axarında izləmək gərəkdir. Tarix elmi, onu bilməyənlər qarşısında, qarışıq faktlar toplusuna çevrilir. Bunun üçün tarixə qarışıq faktlar toplusu kimi deyil, tarixin hərəkat qanunu çərçivəsindən yanaşmaq lazımdır. İctimai hadisələrin təhlilində nəzərə alacağımız önəmli faktorlar haqqında Pişəvəri yazır: "İctimai məsələlərin həll olunmasının ən yaxşı yolu şubhəsız ki, səbəbləri tapıb onları təhlil etməkdən ibarətdir. İş təkcə səbəbləri tapıb təhlil etməklə qurtarmır. Cəmiyyət daimən dəyişir, hərəkət edir, bir hal digər halı əvəz edir. səbəblər özüdə dəyişir və əvəz olunur. Zaman və məkan ictimai məsələlərdə insanı gicəldən böyü bir bəladır. İctimai məsələləri araşdıran bir adam, tarixin təkamül və sıçrayışını, zaman və məkanın mövcud şəraitini və onların təsirini nəzərə almalıdır". (Seçilmiş əsərləri, səh. 409). Təbii ki, zaman və məkan amili S. C. Pişəvərinin də, dünya görüşünün formalaşmasında etgisiz olmamışdır. Pişəvəri dünya görüşünü araşdırarkən, yaşadığı mühitin ictimai-siyasi görüntülərini özündə əks etdirən, tarixin sınağından çıxmış, bu gün qurtuluş şüarımıza çevrilmiş fikirlərlə rastlaşırıq. Zaman və məkan amili artıq təsbit olunmuş bu nəzəriyyələrin formalaşmasına öz təsirini göstərsə də, Pişəvəri təfəkkürünün onurğa sütunu dəyişməmişdir. O , demokratik yollarla ictimai ədalətin qurulmasına çalışan və "Avropa mədəniyyətinin bütün yaxşı cəhətlərini ölkəyə tətbiq etməklə" cəmiyyətimizi çağdaş mədəniyyətə qovuşduracaq tarixi şəxsiyyət olmuşdur. S. C. Pişəvəri hələ, 1920-ci ildə İranın Baş Naziri Seyid Ziya ilə müzakirə zamanı, Seyid Ziyanın: Ölkəni bu vəziyyətdən necə çıxararsınız, sualına: "İşləri vətənpərvər və azadxah gənclərə tapşırıb, onları birləşdirmək yolu ilə, Avropa mədəniyyətinin bütün yaxşı cəhətlərini ölkəyə tətbiq edib, xalqın öz əlilə millətimizi bu dünkü fəlakətdən və bədbəxtlikdən xilas edərik" demişdir. ( Seçilmiş əsərləri səh. 519.nəşr: 1965). Pişəvərinin gənc yaşlarında, daha dəqiq desəm iyirmi yaşında söylədiyi bu fikir, onun yüksək elmi-nəzəri hazırlıq səviyyəsindən, ölkə ilə yanaşı dünyanın siyasi durumunu düzgün analiz etmə qabiliyyətindən xəbər verir. Pişəvəri fəlakət bürümüş ölkəni, düşdüyü durumdan çıxartmaq üçün Avropa mədəniyyətinin ən yaxşı cəhəti sayılan demokratik prinsipləri tətbiq etməkdə görürdü. 80-il öncə söylənmiş bu fikrin, bu gün nə qədər aktual olduğunu sübut etməyə ehtiyac yoxdur. Biz bu gündə Pişəvəri dühasından qaynaqlanmış düşüncəyə əsaslanaraq, ölkəmizin, mütərəqqi bəşəriyyətin əldə etdiyi ən yüksək nailiyyətlərə yiyələnməsinə çalışır və problemlərimizin hər hansı gözlənilməz yollarla deyil, yalnız demokratik prinsipləri tətbiq etmək yolu ilə, həll etmək arzusu və təşəbbüsündəyik. Pişəvəri dühasından doğrulan fikirlər, zaman və məkan amillərinin eləcə də cəmiyyətin dəyişməsinə baxmayaraq, tarixin gündəmə çıxartdığı problemləri hədəf götürdüyündən, bu problemlər öz həllini tapana qədər aktual olaraq qalacaqdır. Pişəvəri demokratik yollarla əldə edilmiş uğurlardan yararlanaraq, millətin potensial imkanlarını üzə çıxartmaq və onu çağdaş mədəniyyətə qovuşdurmağa çalışmışdır. Milli Hərəkatdan öncə, fərdi azadlıqlar uğrunda başlanmış dağınıq mübarizə, Pişəvərinin təşkilatçılıq bacarığı nəticəsində , Milli Dövlət quruculuğu uğrunda mübarizəyə çevrildi. Pişəvərinin qurduğu Milli Dövlət dövründə fərdi azadlıq şüarı, insan haqları proqramı ilə uzlaşaraq həyata keçirilirdi. O dəyirdi: "Qələm azadlığı, dil azadlığı, vicdan və əqıdə azadlığına, ictimai və cəmiyyət azadlığına toxunmaq olmaz, bunlar xalqın namusudur. Ona əl atanların əlləri kəsilər və özləri məhv olar ". (Azərbaycan qəzeti 1324.N.31) İqtisadi sahədə sosializm şüarlarından bollu istifadə edərək sinfi sərhədlərin ləğv edilməsi ilə, ictimai ədaləti qurmağa cəhd edənlərdən fərqli olaraq, Pişəvəri milli mənafeyi təmin etmək üçün, millətin iradəsinə əsaslanan, milli demokratiya ideyasını əsas götürmüşdür. İctimai ədaləti hədəf götürən milli demokratiya xətti əsasında, Azərbaycan millətinin istəklərini ödəyən proqram hazırlamış və həyata keçirmişdir. Azərbaycanın Milli Demokratik Dövləti, hər hansı sinfin hakim olduğu dövlət deyildir. Pişəvəri deyirdi: "Bizim hökumətimiz demokratik hökumətdir, butun təbəqələrin hökumətidir". Azərbaycan ruznaməsi N; 109.1324 cü il). Azərbaycan milli Hökuməti, Azərbaycan fəhləsinin və əkinçisinin mənafeni qoruduğu kimi, Azərbaycan Milli burjuaziyasının və tacirinin də mənafeni qorumuşdur. Pişəvəri Amerika konsulu ilə müsahibəsində, İrandan Azərbaycana gətirilmiş keyfiyyətsiz malların yandırılmasına göstəriş verildiyin deyərək, bu işdə Azərbaycan tacirlərinə dəymiş ziyanın Milli Hökumət tərəfindən ödənilməsini vurğulamışdır. Məsləyə bələ münasibət, bizə belə bir qənaətə gəlməyə imkan verir ki, Azərbaycanın müstəqilliyi Azərbaycan milli burjuaziyasının və Azərbaycan tacirinin müstəqilliyidir. Azərbaycan milli dövləti demokratiya üsulunu gözlədiyindən və sinfi hakimiyyəti qəbul etmədiyindən, " internasyonal-komunizim " şüarı ilə çıxış edən rusların və Milli Hökumətin həyata kəçirtdiyi demokratik islahat nəticəsində siyasi avtoritetini itirmiş İran hakimlərinin xoşuna gəlmədi. Tarixdə dəfələrlə şahidi olduğumuz kimi, Azərbaycanda da, demokratlar sağ və sol cütlüyünün birgə hücumuna məruz qaldı. Pişəvərinin başçılıq etdiyi Azərbaycan Milli Dövlətinin amacı, millət dühasından yoğurulan, milli hədəfə çatmaq olmuşdur. Pişəvəri deyirdi: "istiqlaliyyətə çatmaqla iş bitmir. Milli müstəqillik millətin müstəqilliyini əbədi qoruyacaq gücə və qaranta malik olmalıdır ". Pişəvəri milləti qurtaracaq gücü, millətin ruhundan doğan milli şüurun və milli hissin olğunlaşmasında görürdü. O, millətçiliyi sözdə deyil, əməldə millətin yaşam tərzinə çevirmişdir. Pişəvəri deyirdi: "Başladığımız böyük hərəkətin milli rəng və milli mahiyyətini dəyişdirmək istəyənlər xalqımızın silahını əlindən almağa çalışırlar. "(Az,Q.N;109.1324). Dünyəvi prinsiplər əsasında qurulmuş hakimiyyətin, xalqa məxsus olduğunu qəbul edən yeganə prinsip millikdirsə, Pişəvəri: "Bizim hökumətimiz xalq hökumətidir" deməklə, ictimai ədaləti tənzimləyən milliçilik ideologiyasını həyatın bütün sahələrinə tətbiq etmişdir. O deyirdi: "Hökumətimiz xalq hökuməti olduğuna görə, əxlaq və davranışığımız, xalqın səliqə və adət-ənənəsinə uyqun olmalıdır".(Az.Q.No;97.1324.cu il). Pişəvərinin milli azadlıq hərəkatına rəhbərlik etdiyi dövrdə, Azərbaycan Demokrat Firqəsinin və şəxsən özünün xalq arasında böyük nüfuza malik olmasına baxmayaraq, Pişəvəri millətin inam bəslədiyi və inanc qaynağı olduğu "dövlət daxilində millətdən yüksəkdə dayanan heç bir şey yoxdur" , prinsipinə dayanaraq deyirdi :" Axırıncı söz isə millətindir. Millət öz sözünü Məclisi Müəssisan vasitəsilə deyəcəkdir. Biləxərə "Azərbaycan Azərbaycanlılarındır" şüarı gərək əməli olsun. Biz özgə millətin qəyyumluğun qəbul etməyəcəyik. Qoy bu şüarlar millətimizin tarixində səbt edilsin. Dövlət və Firqənin qarşısında duran böyük vəzifə bu şüarları həyata keçirməkdir ". ( Azərbaycan ruznaməsi. N, 110.1324-cu il). Milli Azadlıq Hərəkatından öncə baş vermiş hərəkatların yenilmə nədənlərinə aid bir çox siyasi dəyərləndirmələrlə çıxış edən Pişəvəri, öz gücümüzə arxalanmağı tövsiyə etmişdir. O deyirdi: "Əyər Sərdare Milli Tehrana inanmasaydı, əyər Şeyx Məhmməd Xiyabani xain, yalançı və min üzlü mÜşavirlərin sözünə əhəmiyyət verməsəydi, əyər lahutiyə xəyanət edən yalançı pəhlivanlar dara çəkilsəydi, indiyədək Azərbaycan, bəlkə də bütün İran, dünyanın ən demokrat və mütərəqqi ölkələrindən biri olmuşdur. Bu səhvlər daimən nəzərə alınmalı, qorxaq və yalançı adamların sözünə qulaq asmadan öz gücümüzə inanmalıyıq". (Az.qəzəti.N,3). S.C. Pişəvəri bÜtün yazılarında olduğu kimi, bu yazısında da öz gücümüzə olan inamını bizə aşılamaq istəyir. S.C.Pişəvəri, hər sözü və yazısında ,bizə gündəlik problemlərdən çıxış yolunu göstərərək, çəkdiyimiz əsarətin acılarını unutdurur. Onun rəhbərliyi ilə qısa bir zaman içində, Azərbaycan millətinin böyük quruculuq uğurları, millətimiz də daha güclü potensial imkanların olmasından xəbər verir. Bütün bunlar onun rəhbərliyi sayəsində mümkün olmuşdur. Milli ruh və bəşəri dəyərləri, yüksək meyar kimi realizə edən Pişəvərinin 80-il öncə söylədiyi: "Avropa mədəniyyətinin bütün yaxşı cəhətlərini (demokratiyanı) ölkəmizə tətbiq edərək, millətimizi düşdüyü fəlakətdən qurtarmalıyıq” fikri bu gündə siyasi çalışmamızın ana xətini düzənləyir. Burda Pişəvəri hərəkatının yenilmə nədənlərini araşdırmaq istəməsəmsə, bu haqda bir neçə cümlə demək istərdim. Pişəvəri tarixdə yenilmiş ilk demokrat deyildir. O özünün bütün hesablamalarında, haqlı və zəfərə inamlı idi. Lakin ikinci dünya savaşından sonra, yeni dünya düzəninin formalaşma dövründə, ona müstəqil dövlət qurmaq imkanı verilmədi. Azərbaycan Şərqlə, qərbin mənafenin kəsişdiyi nöqtədə yerləşdiyindən, daha ciddi çətinliklərlə rastlaşdı. Şərq qonşumuz Stalin, demokratiyanın düşməni idi. Qərb dövlətləri isə, onlarla bir-başa hesablaşmayan, demokratlardansa, onlara tabe olan diktatorlara üstünlük verirdilər. Təsadüfi deyil ki, 1946-cı il təhlükəsizlik şurası yarandıqdan sonra, müzakirə etdiyi ilk məsələ Güney Azərbaycan milli dövlətinin mövzusu olmuşdur. Orada məsəliyə hüquqi baxımdan deyil, siyasi məsləhət baxımından münasibət bildirilmişdir. Semed Niknam 26. Avqust. 2002

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar