SON XƏBƏRLƏR

Tariximizin Elçibəy səhifəsi . Yaşar Ağazadə: "Əbülfəz Elçibəy ideal insan olub"

2021.10.20, 07:36
Tariximizin Elçibəy səhifəsi . Yaşar Ağazadə: "Əbülfəz Elçibəy ideal insan olub"

Gunaz.tv
elchibey.jpg Tariximizin Elçibəy səhifəsi Mikayıl Rəhimli: "Son illərdəki araşdırmalar göstərir ki, Əbülfəz Elçibəyin vaxtilə yoldaşları, silahdaşlarının belə səhv saydığı hərəkətləri doğru və rasionalmış" Yaşar Ağazadə: "Əbülfəz Elçibəy ideal insan olub" Qarşıdan Milli Azadlıq Hərəkatının lideri, mərhum eks-prezident prezident Əbülfəz Elçibəyin 70 illik yubleyi gəlir. Bəs yaxın və uzaqdan tanıyanların yadında o, necə qalıb? Öncə BAXCP Ali Məclisinin sədri Mikayıl Rəhimliylə söhbətləşdik. Mikayıl bəy deyir ki, Əbülfəz Elçibəy dostlarının, yaxınlarının yaddaşında böyük insan, böyük ziyalı, əsl Azərbaycan vətəndaşı, şəxsiyyət kimi qalıb. Ramiz Mikayıloğlu Alim, şərqşünas, tarixi araşdırmaçı, böyük dövlət xadimi Mikayıl Rəhimli çox təəssüflənir ki, indi Əbülfəz Elçibəy aramızda yoxdur, onun haqqında xatirələrini danışır: "Ancaq Əbülfəz Elçibəy elə bir iz, nümunə qoyub getdi ki, silahdaşları, tanıyanlar hamısı onunla münasibətlərinin olmasından, ancaq fəxr duyurlar. Mən Əbülfəz Elçibəyi bir alim, ziyalı, şərqşünas, tarixi araşdırmaçı kimi xatırlayıram. O, Azərbaycan, ümumilikdə, Şərq tarixini gözəl bilən bir alim idi. Əbülfəz Elçibəy yaddaşımda çox cazibədar siyasi lider kimi qalıb. Ətrafındakılara çox diqqətlə, qaybıyla yanaşırdı". Mikayıl Rəhimli və dostları Əbülfəz Elçibəyi itirəndə çox üzülüb, narahatlıq keçiriblər. O, gözəl ziyalı, elm xadimi və dövlət adamı olub: "Əbülfəz Elçibəy Azərbaycan xalqını, dövlətini düşünən, dövlətimizin qurulmasında özünəməxsus fikri, mövqeyi, ideyası olan bir şəxsiyyət idi. Düzdür, bəzən onun Azərbaycanda prezidentliyi dövrünü çox tənqid edirlər. Özü də Xalq Cəbhəsi Partiyasının 1998-ci ildə keçirilən qurultayında öz fikirlərini ifadə etdi, əsl prezident kimi necə olacağı barədə danışdı. Allah bunu ona qismət etmədi. Əbülfəz Elçibəy bu istiqamətdə çox böyük fikirləri, ideyaları olan insan idi. 1992-93-cü illərdəki qarışıq dövrdə o ideyaları həyata keçirmək kifayət qədər müşkül məsələydi. Bəlkə də həmin ideyaların, Əbülfəz Elçibəyin düşüncələrinin həyata keçirilməsi üçün çox da uyğun olmayan bir vaxt idi. Amma bununla belə, Əbülfəz Elçibəy Azərbaycan dövlətçiliyinin problemlərini, onların həll yollarını bilən tarixi şəxsiyyət kimi yaddaşımda qalıb". Müstəqillik mücadiləsinin öndəri Mikayıl bəyin sözlərinə görə, Əbülfəz Elçibəyi fərqləndirən cəhətlərdən biri də o olub ki, o, hər bir Azərbaycan vətəndaşını tanıyıb: "Nə mənada? Əbülfəz Elçibəy insanlarımızın dünyagörüşünə bələd idi. Azərbaycan xalqının bütün zümrələrini, fəhlələrini, ziyalılarını, elm, incəsənət insanlarını çox gözəl tanıyan, onların hansı problemlərlə yaşadığını bilən və hər birinə qayğıyla yanaşan bir şəxsiyyətiydi. Əbülfəz Elçibəyin daha çox Azərbaycan Milli Azadlıq Hərəkatının qurulmasında, inkişafında və qələbə ilə nəticələnməsindəki rolunu xatırlayıram. Azərbaycanın müstəqilliyinin qazanılması üçün aparılan mübarizənin başında duran Əbülfəz Elçibəy idi. Əbülfəz Elçibəy bu keyfiyyətləriylə Azərbaycan tarixində yaşayır və yaşayacaq". Mikayıl Rəhimli hesab edir ki, Əbülfəz Elçibəyin elmi yaradıcılığı, siyasi fəaliyyəti ilə bağlı daha çox araşdırmalar aparılmalıdır. İndi Azərbaycanda siyasi arenada olanların əksəriyyəti Əbülfəz Elçibəylə bir siyasi təşkilatda, yaxud eyni siyasi, tarixi dövrdə siyasi mübarizəylə məşğul olmuş insanlardır. Zaman keçdikcə böyüklüyü daha çox dərk ediləcək şəxsiyyət Yeni siyasi nəsil siyasi arenaya daxil olduqca Əbülfəz Elçibəy daha çox öyrəniləcək, oxunacaq, hərəkətləri daha çox analiz ediləcək, qiymətləndiriləcək: "Biz, vaxtilə Əbülfəz Elçibəylə bir yerdə mübarizə aparmış insanlar bir mübarizə yoldaşı kimi ona qiymət veririksə, yeni nəsil Əbülfəz Elçibəyə Azərbaycan tarixində siyasi şəxsiyyət kimi qiymət verəcəklər. Əminəm ki, bu qiymətlərin hamısı müsbət olacaq. Əbülfəz Elçibəy elə bir irs qoydu ki, onun haqda nə vaxtsa kiminsə pis danışacağını təsəvvür etmirəm. Düzdür, yuxarıda da qeyd etdim, müəyyən hərəkətlərini nöqsan sayan, "filan fikir o zaman deyilməməliydi" söyləyənlər var. Bunları da tarix qiymətləndirəcək. Hesab edirəm ki, axırda Əbülfəz Elçibəyin hərəkətləri, söylədikləri doğru sayılacaq. Vəfatından çox keçməyib, allah rəhmət etsin, 8 il keçir, son 8 ildəki araşdırmalar göstərir ki, Əbülfəz Elçibəyin vaxtilə yoldaşları, silahdaşlarının belə bir vaxt səhv saydığı hərəkətləri doğru və rasionalmış. Bu gün bir çox məsələlərin üstü açılıb və o fikirlərin, hərəkətlərin doğruluğu təsdiqini tapıb və bəlli olub ki, o zaman elə də deyilməliydi. Bir neçə ildən sonra onun fəaliyyətinə daha ciddi yanaşılacaq". Ümumiləşdirilsə, Əbülfəz Elçibəy böyük türk kişisi, Azərbaycan xalqını düşünən, onun üçün mübarizə aparan, bu yolda hər cür fədəkarlığa hazır bir vətəndaş kimi Mikayıl Rəhimlinin yaddaşında yer alıb. Elçibəyi uzaqdan tanıyan Əbülfəz Elçibəyi uzaqdan tanıyan, yəni Mikayıl Rəhimli kimi onunla şəxsi münasibəti olmamış jurnalist həmkarımızın da fikirlərini öyrəndim. "Müxalifət" qəzetinin hüquq şöbəsinin redaktoru Yaşar Ağazadənin fikirlərini öyrənmək istəyimi bir məqam də şərtləndirir. Onu birinci dəfə rayonumuza dostum, qonağım qismində dəvət etmişdim. Təbii ki, qohum-qardaş da dostumun kimliyilə maraqlandığı üçün gəlmişdilər. Ancaq Yaşar Ağazadə həmin gün evimizdə cəmi yarım saat oldu. Süfrə kənarında yenicə əyləşdiyimiz zaman AzTV-dən Əbülfəz Elçibəyin vəfat etməsi xəbərini eşidib sakitcə mənə təcili Bakıya qayıtmalı olduğunu söylədi. Əbülfəz Elçibəyin dəfninə yetişmək istəyirdi. Mən də, ata-anam, qohum-qardaş da təkid etdi ki, artıq axşamdır, sonuncu avtobus belə bəlkə rayondan Bakıya çıxıb, qalsın, səhər tezdən yola salaq. Ancaq olmadı. Yəqin ki, düz də etdi. Sonuncu avtobusda yer olmadığından ayaqüstə Bakıya getməyə də razılaşdı və getdi. O zamana qədər onun Əbülfəz Elçibəyə sayğıyla yanaşdığını bilsəm də, o şəxsiyyətə sonsuz sevgisinin olduğunu həmin an anladım. Bəs Əbülfəz Elçibəyə belə sevginin nədəni nələrdi? Millətini sevən, sözün düzünü deyən Elçibəy Fikirlərini öyrəndiyim Yaşar Ağazadə dedi ki, bəzən deyirlər ki, həyatda ideal insan yoxdur. Ancaq o hesab edir ki, Əbülfəz Elçibəy ideal insan olub: "Əbülfəz Elçibəy daim siyasi rəqiblərinə qarşı insani münasibət bəslədi, rəqib kimi zamanında onları sıxışdırmadı. O, böyük şəxsiyyətdir. Hesab edirəm ki, mövcud hakimiyyətin dəyər verməməsinə, qiymətləndirməməsinə, adını əbədiləşdirməməsinə baxmayaraq, Əbülfəz Elçibəy tarixdə öz yerini almış şəxsiyyətdir və bundan sonra da insanların şüurunda müsbət bir insan kimi qalacaq". Yaşar Ağazadə Əbülfəz Elçibəyin millətini sevən insan olduğunu vurğulayır: "İkincisi, Əbülfəz Elçibəy səmimiliyilə seçilib və həmişə sözün düzünü deyib. Yaşımız az olsa da, o dövrdə prosesləri izləyirdik və bunun şahidi olmuşuq. Əbülfəz Elçibəy millətini həmişə özündən üstün tutub. Bu xüsusiyyətləriylə o mənim yaddaşımda həkk olub". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar