SON XƏBƏRLƏR

Təhlükəsizlik bölümü azərbaycanlı fəala qarşı sui-qəsd cəhdində əli olmadığını iddia edib

2021.10.20, 07:36
Təhlükəsizlik bölümü azərbaycanlı fəala qarşı sui-qəsd cəhdində əli olmadığını iddia edib

Gunaz.tv

GünAz TV: Xoy Şəhər Polis İdarəsinin təhlükəsizlik bölümünə çağırılan Cavad Əhmədi Yekanlı oktyabrın 8-də təyin olunan yerə müraciət edib, onun 2 saat dindirildiyi bildirilir.

 

Dindirilmə zamanı azərbaycanlı fəal özünə qarşı sui-qəsd cəhdi ilə əlaqədar təhlükəsiz qüvvələrinin suallarını cavablandırıb. O “hücumla bağlı kimdən şübhələnirsiniz?” sualına belə cavab verib: “Mən bir türk siyasi fəalam və yalnız mədəni fəaliyyətlə məşğul oluram. Hesab eliyirəm ki, belə məsələlərdə siz cavabdehlik daşıyırsız və hər şeyə aydınlıq gətirməlisiniz.”

 

Məlumata görə, fəalı dindirən məmurlardan biri təhqir yol verib. O azərbaycanlı fəalın sərt reaksiyası ilə qarşılaşdıqdan sonra məsullarının göstərişi ilə dindirmə otağını tərk edib.

 

Cavad Əhmədi Yekanlı “nə üçün çağırış vərəqəsini İnstaqram səhifəsində yayıbsan?” sualının cavabında qeyd edib ki, mən bir mədəni fəal kimi açıq fəaliyyət göstərirəm, şəffaflıq olsun deyə həmin vərəqəni paylaşdım.

 

Sonda fəalı sorğu-suala tutan məmurlar hücumda təhlükəsizlik qüvvələrinin əli olmadığını bildiriblər.

 

Mədəni fəallarla terrorçu cərəyanlar arasında fərq qoyduqlarını iddia edən təhlükəsizlik məmurları baş verən hadisəyə görə narahat olduqlarını və fəala hücum edən şəxslərin araşdırıldığını da diqqətə çatdırıblar.

 

Cavad Əhmədi yekanlı son aylarda iki dəfə naməlum şəxslərin hücumuna məruz qalıb. O oktyabrın 3-də gecə saatlarında atası evindən piyada gəzintiyə çıxdığı zaman iki motosikletçinin hücumuna məruz qalıb. Onlar fəala ağır zərbə endirərək onu yerə yıxıb və dərhal hadisə yerindən qaçıblar.

Hadisə nəticəsində baş nahiyyəsindən yaralanan fəalın üz-gözünü qan bürüyüb, onun kürək nahiyyəsindən də cüzi xəsarət aldığı bildirilib.

 

Cavad Əhmədi Yekanlı həmçinin Babək qalası yürüşü ilə əlaqədar saxlandığı Kəleybər zindanından azadlığa buraxıldıqdan sonra iyulun 9-da Xoyda 3 naməlum şəxsin hücumuna məruz qalaraq yaralanmışdır.

 

Cavad Əhmədi Yekanlı may ayında Sulduz şəhidlərinin məzarı başında keçirilən mərasimə qatıldığı üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq işgəncə edilib. O həmin dosyesinə görə 100 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıb. Sulduzda keçirilən mərasim 2016-cı ildə azərbaycanlıların Milli Qiyamı zamanı canlarını fəda etmiş şəhidlərin xatirəsinə həsr edilmişdir.

 

Son iki il müddətində Xoy Şəhər Ettelaat İdarəsinin əməkdaşları adı çəkilən azərbaycanlı fəal və ailəsi ilə dəfələrlə telefon əlaqəsi saxlayaraq onun mədəni fəaliyyəti ilə bağlı xəbərdarlıq ediblər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar