SON XƏBƏRLƏR

Tehran prokuroru azərbaycanlı alim haqda irəli sürülən uydurma ittihamları təkrar dilə gətirib

2021.10.20, 07:36
Tehran prokuroru azərbaycanlı alim haqda irəli sürülən uydurma ittihamları təkrar dilə gətirib

Gunaz.tv

GünAz TV: İran rejimi tərəfindən əsassız şəkildə İsrailə casusluq etməkdə günahlandırılan azərbaycanlı araşdırmaçı-alim Prof. Dr. Əhmədrza Calali yaxın gələcəkdə edam oluna bilər.

 

Tanınmış alimin edam olunma ehtimalı Tehran prokuroru Abbas Cəfəri Dolətabadi ona qarşı irəli sürülən ittihamları təkrar dilə gətirdikdən sonra daha da artıb.

 

Prokuror mətbuata verdiyi açıqlamada azərbaycanlı alimi növbəti dəfə İsrail kəşfiyyatına casusluq etməkdə ittiham edib. Ə.Calali həmin ittiham əsasında İnqilab Məhkəməsi tərəfindən edam cəzasına məhkum edilib, hökm ölkənin Ali Məhkəməsi tərəfindən də təsdiqlənib.

 

“Mizan” xəbər agentliyinin yaydığı məlumata görə, Abbas Cəfəri Dolətabadi edam hökmünə edilən beynəlxalq etirazlara işarə etmədən azərbaycanlı alimə qarşı bir sıra ittihamlar sadalayıb. O son günlərdə Ə.Calali ilə zindanda görüşdüyünü də deyib. “Müttəhim görüş zamanı xarici kəşfiyyat məmurları ilə 8 dəfə görüşdüyünü etiraf edib və bunun üçün pul aldığını bildirib”- deyə prokuror qeyd edib.

“O, Müdafiə Nazirliyi və Atom Enerji Təşkilatının binaları və müdirləri, atom enerji saytları, Təşkilatın tabeliyində olan qurumlar, həmçinin bəzi plan və layihələr barədə İsrailin Kəşfiyyat Orqanı “Mossad”a məlumat ötürüb”- deyə Abbas Cəfəri Dolətabadi açıqlayıb.

 

Prokuror müttəhimin necə bu məlumata əl tapdığı barədə heç bir məlumat verməyib.

 

Ötən günlərdə müttəhimin həyat yoldaşı Vida Mehranniya İran prezidenti Həsən Ruhaniyə məktubla müraciət edərək ondan həyat yoldaşının dosyesinə müdaxilə etməsini istəyib. O bildirib ki, gec olmadan Ə.Calalinin Ettelaat Nazirliyi tərəfindən hüquqlarının pozulmasını araşdıran komitə yaradılsın.

“Etiraflar” filminin İran televiziyasından yayılmasına işarə edən Vida Mehranniya qeyd edib ki, Ettelaat məmurları zindanın 209-cu korpusunda həyat yoldaşını uşaqlarının təhlükəsizliyi ilə bağlı təhdid edərək ondan yalan etiraflar alıb və film çəkiblər.

 

Ə.Calali ötən günlərdə televiziyada yayılan etiraflarının etibarsız olduğunu bildirmişdir.

 

Azərbaycanlı alim bu barədə yayılan Səs Faylında danışıb. Onun yaxınları dekabrın 19-da BBC-nin müxbiri ilə danışıqda Səs Faylının həqiqətən də Ə.Calaliyə aid olduğunu, onun həbsxanada yazıldığını təkidlə təsdiq ediblər.

O İran televiziyasında yayılan video ilə bağlı danışarkən etirafların qeyri-adi psixoloji durumda, təzyiq altında və azadlığa buraxılma vədi ilə alındığını deyib.

 

Ötən günlərdə İran televiziyasında yayılan videoda Ə.Calali İranın qətlə yetirilmiş nüvə alimləri haqda guya İsrail kəşfiyyatına məlumat ötürdüyünü etiraf edib.

 

İki ay öncə də Ə.Calaliyə aid bir Səs Faylı yayılmışdır. O həmin Səs Faylında bildirib ki, təknəfərlik kamerada saxlandığı zaman iki dəfə müstəntiqlər tərəfindən hazırlanan bəyanatları kamera qarşısında oxuyaraq müəyyən etiraflar etməyə məcbur edilib.

 

Bundan öncə Əhmədrza Calalinin həyat yoldaşı Vida Mehranniya  “Radio Fərda”ya bildirib ki, ona 3 ay təknəfərlik kamerada saxlandığı müddətdə ailəsi ilə ayda bir dəfə, o da bir dəqiqəlik söhbət icazəsi verilib. O həmçinin aylarca vəkili ilə əlaqə saxlaya bilməyib.

“Həbsxanada ona bildirilib ki, sənin övladların öldürüləcək. Lakin etiraf etsən bu məsələ öz həllini tapacaq və azadlığa buraxılacaqsan”- deyə müttəhimin həyat yoldaşı əlavə edib.

 

Müxtəlif qurum və şəxslər, o cümlədən İnsan haqları Təşkilatları, Avropada yaşayan azərbaycanlı alimin İranın kəşfiyyat və təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etməkdən imtina etdiyinə görə edama məhkum edildiyinə inanır.

 

Qondarma ittihamla üzləşən azərbaycanlı alim islam inqilabından 7 il öncə Təbrizdə dünyaya göz açıb. O bir neçə il əvvəl İsveçin (Sued) Stokholm şəhərinə gedib. Təbii fəlakətlər üzrə doktorluq dərəcəsini İsveçin Karolinska İnstitutundan alan Ə.Calali həyat yoldaşı və iki övladı ilə birlikdə İsveçdə qalmalı olub, o İtaliya və Belçika kimi ölkələrdə elmi-tədqiqat müəssisələrində də çalışıb.

 

Tehran və Şiraz universitetlərinin dəvəti ilə İrana səfər edən Ə.Calali 2016-cı il aprelin 24-dən Tehranın Evin zindanında həbsdədir. O İran kəşfiyyatının uydurduğu saxta ittihamla edam cəzasına məhkum edilib.

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar