SON XƏBƏRLƏR

Tehranda türk kitablarını çap edən nəşriyyatın müdiri saxlanılıb

2021.10.20, 07:36
Tehranda türk kitablarını çap edən nəşriyyatın müdiri saxlanılıb

Gunaz.tv

GünAz TV: Tehranda türk kitablarını çap edən “Əndişey-i Nov” Nəşriyyatının müdiri Yusif Fərzanə saxlanılıb.

 

Hadisənin şahidləri bu barədə tanınmış azərbaycanlı fəal İnsafəli Hidayətə məlumat veriblər: “Yusif Fərzanə saxlanılıb, ona Evin zindanında bir gün saxlandıqdan sonra bildirilib ki, kitabların müsadirə edilməsi, dindirilməsi, verilən suallar və ittihamlarla bağlı kütləvi informasiya vasitələrinə məlumat verilməməlidir.”

 

Evin zindanının müstəntiqləri nəşriyyatın müdirinə tapşırıb ki, “türk dilində olan 800-dən çox kitab, əlyazmalar, sənəd və kompüter hard disklərinin götürülməsi və müsadirə edilməsi haqda heç yerdə danışmasın. Əks halda ona qarşı tədbir görüləcək.”

 

“Əndişey-i Nov” Nəşriyyatı Tehranda keçirilən əksər kitab sərgilərinə qatılır. Bu nəşriyyat 31-ci Tehran Beynəlxalq Kitab Sərgisində də aktiv iştirak edib.

 

Bu il Tehranda keçirilən kitab sərgisində bir qrup paniranist türk dilində kitab sərgiləyən povilyonlara hücum etmişdir, hücuma məruz qalan povilyonlar arasında “Əndişey-i Nov” Nəşriyyatının da adı çəkilir. Məlumata görə, hücumçular arasında dövlət rəsmiləri də olub, onlar bütün qanunları ayaqlar altına alaraq irqçi mövqe sərgiləyib, türk dili və ədəbiyyatına olan nifrətlərini bir daha nümayiş etdiriblər.

 

Sərgidə paniranistlər təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə hücuma son versələr də, dövlət məmurları “Əndişey-i Nov” və digər türk nəşriyyatlarının çox sayda kitabını götürüb və həmin nəşriyyatların müdirlərinin yaşadıqları adresləri qeyd ediblər.

 

“Əndişey-i Nov” Nəşriyyatına İslami İrşad və Mədəniyyət Nazirliyindən lisenziya verilib, o qanuni şəkildə fəaliyyət göstərir. Nəşriyyatın müdiri cənab Yusif Fərzanə isə 40 ildir ki, bu işlə məşğuldur, o öz işi ilə bağlı bütün qanunları bilir. Bu nəşriyyat Tehranda türkcə kitab çap edən ən məşhur nəşriyyatlardan biridir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar