SON XƏBƏRLƏR

Tikəntəpə kəndlərinin sakinləri: “Bizi Zərəşoran qızıl mədəninin yaratdığı fəlakətlərdən xilas edin!”- FOTO

2021.10.20, 07:36
Tikəntəpə kəndlərinin sakinləri: “Bizi Zərəşoran qızıl mədəninin yaratdığı fəlakətlərdən xilas edin!”- FOTO

Gunaz.tv

GünAz TV: Yengi Kənd və Yarəziz kəndlərinin əhaliləri Tikəntəpə icra başçısına məktub göndərərək, bölgədə yaşayan insanları Zərəşoran qızıl mədəninin yaratdığı fəsadlardan xilas etməyə çağırıblar.

 

“Yengi Kənd və Yarəziz kəndləri yaxınlığında yerləşən Zərəşoran qızıl mədənində aparılan fəaliyyətlər, kəşfiyyat işləri və hasilat çayların, su quyularının və bulaqların çirklənməsinə səbəb olmaqla yanaşı, ekologiyanın pozulmasına, otlaq sahələrinin və kənd təsərrüfatına yaraqlı torpaqların sıradan çıxmasına və heyvanların tələf olmasına yol açır. Güclü partlayışlar və turşu ilə təmizlənmədən meydana gələn zəhərli tüstülər sakinlərin sağlamlığı və psixoloji durumlarına təsir göstərməkdən savayı, təhlükəsiz şəraitdə normal həyat sürdürmələrinə də əngəl olur”,- deyə icra başçısına ünvanlanmış məktubda qeyd edilir.

 

 

İnsanlar həmçinin bildiriblər ki, yuxarıda sözügedən çirklənmə nəinki əhalinin bölgədə yaşamasını çətinləşdirib, eləcə də bağçılıq, kənd təsərrüfatı və əkinçilik kimi sahələrlə məşğul olmağı qeyri-mümkün edib.

 

Zərəşoran qızıl mədəni insanlara böyük miqdarda zərər vurduğundan, kəndlərin sakinləri icra başçısından son çarə kimi xahiş ediblər ki, onlara dəyən zərəri hesablayıb ödəsin, onlar da bölgəni və əkin-biçinlə məşğul olduqları torpaqları mədənə verib, digər yaşamağa əlverişli olan yerlərə köçsünlər.

 

Digər tərəfdən, hər iki kəndin şura üzvləri Qərbi Azərbaycanın Tibb Elmləri Universitetinə mədənin meydana gətirdiyi faciələri araşdırması üçün məktub göndərib.

 

Tikab (Tikantəpə) Yaxın Şərqdə Zərəşoran və Ağdərə kimi iki ən böyük qızıl mədəni, həmçinin 80 daş mədəninə sahibdir. Lakin İran rejiminin ayrı-seçkilik siyasətləri nəticəsində bura ölkə üzrə ən ağır iqtisadi durumda olan bölgələrdən biridir. Tikabı əyalət mərkəzi ilə birləşdirən yol belə mövcud deyil.

 

Zərəşoran mədəninin səhmdarları və sahibləri ölkənin mərkəzində yerləşən, farsların üstünlük təşkil etdiyi əyalətlərdəndir. Onlar mədəndən hasil edilən xam məhsulu ölkənin mərkəzinə göndərirlər, beləliklə, ondan əldə edilən gəlirlərdən İsfahan, Kirman, Yəzd və Tehran kimi əyalətlər faydalanırlar.

 

Bir müddət əvvəl Tikabın imam-cüməsi də bölgənin qızıl mədənlərinin talan olunmasını tənqid etmişdi. O, qızıl külçələrin Tehrana daşınmasına diqqət çəkmiş, bunun əvəzinə Tikabda qızıl istehsalı zavodu açılmasını və şəhərin bu sanəyedə ixtisaslaşmasını, bununla da əhalinin gəlir yerlərinin olmasını istəmişdi.

 

Bir müddət əvvəl Tikabın icra başçısı Mahmud Zamani 120 ton istehsal potensiyalına sahib şəhər mədənlərinin ölkənin qızıl ehtiyatlarından 40%-ni özündə cəmləşdirdiyini demişdi.

 

 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar