SON XƏBƏRLƏR

Bu gün güney azərbaycanlı şairə və müəllim Mərziyə Uskuyinin anım günüdür

2022.04.26, 20:30
Bu gün güney azərbaycanlı şairə və müəllim Mərziyə Uskuyinin anım günüdür

Gunaz.tv

Bu gün 26 aprel Güney Azərbaycanın tanınmış gənc şairəsi, müəllim və siyasi fəal Mərziyə Uskuyinin Pəhləvi rejiminin təhlükəsizlik məmurları tərəfindən güllələnərək öldürülməsinin ildönümüdür.

1941-cü ildə Şərqi Azərbaycan əyalətinin Üskü şəhərində anadan olan Mərziyə  şair, müəllim, inqilabçı, şah rejiminə qarşı müqavimət hərəkatının tanınmış qadın üzvlərindən biri, İran Xalq Partizanları-Fədailəri Təşkilatının üzvü olub.

Orta məktəbi bitirdikdən sonra Təbriz Pedaqoji Texnikumuna daxil olan Mərziyə Pedaqoji Texnikumda təhsilini başa vurduqdan sonra Üskü mahalının ibtidai məktəblərində müəllim kimi fəaliyyətə başlayır. 

Burada 3 il fəaliyyət göstərdikdən sonra Təbriz Universitetinə daxil olur və Təhsilini davam etdirməklə yanaşı o həm də pedaqoji fəaliyyətlə məşğul olur. 

Kənd məktəblərini gəzərək onlar üçün "kitab evləri" yaratmağa çalışan gənc müəllimə ilk şeirini "Dalğa" ləqəbi ilə çap edib.

O, bütün farsca yazdığı əsərləri türkcəyə, öz ana dilində qələmə aldığı bütün əsərləri isə fars dilinə tərcümə etmişdir. 

1970-ci ildə tələbələrin etiraz aksiyalarına rəhbərlik edən Mərziyə xüsusi xidmət orqanlarının diqqətini cəlb edir. Həbs edilərək Üsküyə sürgün olunur.Daha sonra bu günlər haqqında xatirələrini yazmışdır.

O, aprel 1974-cü ildə dəstənin iki üzvünün görüşündən xəbər tutan İran Xüsusi Xidmət Orqanı(SAVAK) məmurları haqqında məlumat alır. 

Yoldaşlarını xəbərdar etmək üçün görüş yerinə gedən Mərziyə yoldaşlarını xəbərdar etsə belə gec olur. Atışma başlayır və o, SAVAK ilə silahlı toqquşmada güllələnərək öldürülür.

33 yaşında öldürülən inqilabçı şairə yaxın dostları Behruz Dehqani və Əlirza Nabdil ilə Tehrandakı Behişti–Zəhra qəbiristanlığının 33 saylı guşəsində dəfn edilib. 

Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə Mərziyə Uskuyinin xatirəsinə “Mərziyə” adlı poema həsr edib.

Dalğa
Xırdaca, incə arx idim
Meşələrdən, dağlardan
Dərələrdən axırdım
Bilirdim durğun sular
Öz içində boğular
Bilirdim dəryalarda
Dalğalar qucağında
Xırdaca arxlar üçün
Yeni həyat doğular.
Nə yolun uzaqlığı
Nə qaranlıq çuxurlar
Nə durğunluq həvəsi
Məni yoldan qoymadı.
İndi qarışmışam mən
Qurtulmaz dalğalara
Varlığımız çalışmaq
Yoxluğumuz dayanmaq!

Mərziyə Uskuyi (Dalğa)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar