SON XƏBƏRLƏR

“Oxu, tar, səni kim unudar”-Məhəbbət şairi Müşfiqin anım günüdür

2022.01.06, 12:35
“Oxu, tar, səni kim unudar”-Məhəbbət şairi Müşfiqin anım günüdür

Gunaz.tv

Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya göz açıb. 


1915-1920-ci illərdə rus-Azərbaycan məktəbində, 1920-1927-ci illərdə əvvəlcə Bakı Darülmüəllimində, sonra isə 12 nömrəli ikinci dərəcəli məktəbdə, 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxuyub. 

Əmək fəaliyyətinə müəllimliklə başlayıb, Bakı məktəblərində yeddi il dərs deyib.
1930-cu ildən həm də “Azərnəşr”də redaktor işləyir. 

Onun ilk şeiri 1926-cı ildə mətbuatda yer alır. 1930-cu ildə “Küləklər” adlı ilk kitabı çıxır. Mikayıl Müşfiq şeir yazmaqla yanaşı rus və fars dillərindən tərcümələrlə də məşğul olub.

Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilib.

Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” kitabları nəşr olunub.

 

1957-ci ildən başlayaraq “Seçilmiş əsərləri”, “Əsərləri”, “Duyğu yarpaqları”, “Əbədiyyət nəğməsi”, “Könlümün dedikləri”, “Həyat sevgisi” və digər adlar altında kitabları çap edilib. 

Mikayıl Müşfiq tərcümə ilə də məşğul olub. Ö.Xəyyamın və başqa şairlərin irsindən nümunələri, eləcə də M.F.Axundzadənin “Şərq poeması”nı Azərbaycan dilinə çevirib.


Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir.

O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb.
Mikayıl Müşfiq poeziyası şifahi xalq və yazılı klassik ədəbiyyatımızdan bəhrələnib. 

Rəngarəng mövzuları əhatə edən Mikayıl Müşfiq poeziyası milli və bəşəri keyfiyyətlərə malikdir.

Milli musiqi alətlərimizdən olan tarın konservatoriyada tədrisi qadağan ediləndə, şair cəsarətlə məşhur “Oxu, tar!” şeirini yazıb. 

Bu şeir hər bir azərbaycanlının qəlbini riqqətə gətirməyə, onu mübarizəyə ruhlandırmağa qadirdir. 

Oxu, tar, oxu, tar!
Səsindən ən lətif şeirlər dinləyim,
Oxu, tar, bir qadar,

Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu, tar!
Səni kim unudar?

Bu saat qarşında
Nə qədər adam var!
Utanma, oxu, tar!

Mədənli Bakımın
Pambıqlı Gəncəmin,
İpəkli Şəkimin

Acısı, şərbəti
Alovlu sənəti.
Oxu, tar, oxu, tar!
Səni kim unudar?

Məhəbbət şairi Mikayıl Müşfiq 1937-ci il iyunun 4-də həbs olunur. Ona qarşı, millətçilik, əks-inqilabi fəaliyyət, Müsavata rəğbət kimi ittihamlar irəli sürülür. Bir müddət sonra həyat yoldaşı da həbs edilir, amma psixi sarsıntılara məruz qaldığından Əsəb xəstəlikləri xəstəxanasına düşür. 

1938-ci il yanvarın 6-da cəmi 20 dəqiqə davam edən “məhkəmə” Mikayıl Müşfiqi güllələnməyə məhkum olunur və elə həmin gün güllələnir. 

Onun cəmi 29 yaşı vardı. 
Tanrı nakam şairimizin ruhunu şad etsin.

CE
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar