SON XƏBƏRLƏR

Culfa məhkəməsi milli fəal Əlirza Fərşinin şikayətinə baxmır

2022.04.16, 09:24
Culfa məhkəməsi milli fəal Əlirza Fərşinin şikayətinə baxmır

Gunaz.tv

O, naməlum şəxslər tərəfindən evinin oğurlanması ilə bağlı cinayət təqibinə qoyulan qadağaya etiraz edərək Culfa Cinayət Məhkəməsinin sədrinə məktub yazıb.

Məhkəmə oğurluq faktı ilə bağlı cinayət işinin bağlanmasını zərərçəkən tərəf Əlirza Fərşinin oğurluq faktı ilə bağlı yetərli sübutlar verə bilməməsi ilə əlaqələndirib.

Fərşi yazdığı məktubda evinə qanunsuz giriş və ev əşyalarının oğurlanması ilə bağlı bütün faktları yenidən qeyd edib və məsələnin araşdırılmasını istəyib.

Qeyd edək ki, yanvarın 9-da Tehranın “Fəşafuyə” zindanından tibbi müalicəyə buraxılan ana dili fəalı Əlirza Fərşinin Culfa şəhərində yerləşən evindən oğurluq olub.

Ona məxsus şəxsi əşyalar, o cümlədən mobil telefon, noutbuk, tar, televizor və digər əşyalar aparılıb.

Məsələ ilə bağlı Əlirza Fərşi qəti fikir bildirməyib. Lakin ona yaxın olan şəxslər bunun İran hökumətinin təhlükəsizlik məmurları tərəfindən edildiyini bildirirlər.

Culfa məhkəməsinin işə xitam verilməsi ilə bağlı çıxardığı qərar təhlükəsizlik orqanlarının milli fəala qarşı təzyiq göstərmək niyyəti ilə onun evinə girdikləri ehtimalını artırır.

Qeyd edək ki, Əlirza Fərşi 2014-cü ilin iyul ayının 21-də Tehran şəhərində beynəlxalq ana dili günü mərasimində iştirak etdiyi üçün digər milli fəallar ilə birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb, neçə gün saxlanıldıqdan sonra müvəqqəti olaraq məhkəmə iclasına qədər sərbəst buraxılıb.

Ə.Fərşi 2016-cı ildə, Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən "İranın milli təhlükəsizliyini pozmaq qəsdi ilə qruplaşmada iştirak etmək" ittihamı ilə 15 il həbs və İranın güneyində yerləşən Xuzistan vilayətində iki il sürgün həyatı keçirmə cəzasına məhkum edilib.

Bu cəza, daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri olan hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

Nəhayət 2020-ci ilin iyul ayının 21-də bu milli fəal yaxalanıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülüb.  

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar