SON XƏBƏRLƏR

Urmu Gölünü Canlandırma Mərkəzinin rəsmisi gölün canlandırılması ilə bağlı layihələrin icrasının ləngidiyini etiraf edib

2021.10.20, 07:36
Urmu Gölünü Canlandırma Mərkəzinin rəsmisi gölün canlandırılması ilə bağlı layihələrin icrasının ləngidiyini etiraf edib

Gunaz.tv

GünAz TV: Qurumaqda olan Urmu gölünün canlandırılması ilə bağlı nəzərdə tutulan layihələrin heç biri istifadəyə verilməyib, icrasına başlanılan bəzi layihələr isə yarımçıq qalıb.

 

Mövzu ilə bağlı Urmu Gölünü Canlandırma Mərkəzinin Planlaşdırma və Əlaqələndirmə işləri üzrə müdiri Məsud Təcrişi sentyabrın 15-də “İsna” xəbər agentliyinə danışıb.

 

Gölün bərpası üçün ayrılan büdcə vəsaitinin təhvil verilmədiyindən şikayətlənən M.Təcrişi təmsil etdiyi mərkəzin vəsait çatışmazlığı ucbatından ləng fəaliyyət göstərdiyini deyib.

 

“Urmu gölündə suyun səviyyəsini sabitləşdirmək üçün 3 il müddət nəzərdə tutulmuşdur. Canlandırma mərkəzi bu müddətdə iki ilin büdcəsi ilə fəaliyyət göstərib. Bu günədək mərkəzə 400 milyard tümən ödənilib. Qeyd etmək lazımdır ki, 2016-ci ildə (hicri şəmsi təqvimi ilə 1395-ci il – İranda yeni il Novruz bayramında başlayır) Urmu gölünün canlandırılması üçün 800 milyard tümən vəsait ayrılmışdır. Lakin bu məbləğin yarısı, o da 2017-ci ildə (1396-ci ilin sonunda) Canlandırma Mərkəzinə təhvil verildi. 2017-ci ildə isə Canlandırma Mərkəzinə büdcə vəsaiti ayrılmadı. Həmçinin dövlət maliyyə qanunlarının 10 və 12-ci maddələrinə uyğun olaraq Canlandırma Mərkəzinə təxminən 2000 milyard məbləğində vəsait ödənilib. Bütün hallarda vəsaitin çatışmazlığı ucbatından layihələrin icrası məsələsində geridə qalmışıq”- deyə o bildirib.

 

M.Təcrişi Urmu gölünə su çatdırmaq üçün nəzərdə tutulan layihələrin icra olunmamasına da işarə edib.

“Kanalizasiya suları və sənaye tullantılarının saflaşdırma və təmizləmə layihəsi nəzərdə tutulan kimi icra olunmayıb. Ümumiyyətlə Urmu gölünə su çatdırmaq və  suların təmizlənmə və saflaşdırılma işləri ilə əlaqədar 13 layihədən yalnız ikisinin icrasına başlanılıb. Bu layihələr böyük ehtimalla ilin sonunadək istifadəyə veriləcək və bu vasitə ilə gölə su axıdılacaq. Əslində gölə su intiqal etmək üçün bir çox layihə icra olunmalı idi, lakin büdcə vəsaiti çatışmazlığı nəticəsində bu mümkün olmadı.

Biz şəraitə uyğun bir şəkildə fəaliyyət etməyə çalışdıq. Ona görə də az miqdarda vəsait tələb edən layihələri icra etdik”- deyə Urmu Gölünü Canlandırma Mərkəzinin Planlaşdırma və Əlaqələndirmə işləri üzrə müdiri əlavə edib.

 

Qeyd edək ki, İran rejiminin həyata keçirdiyi yanlış və qərəzli siyasətin nəticəsində artıq Urmu gölünün 95 faizi quruyub. Gölün quruması nəticəsində bölgənin ətraf mühitində baş verən dəyişikliklər 15 milyondan çox insanın həyatını təhdid edir. Bütün bunlara baxmayaraq  rejim gölün qurtarılması ilə bağlı hər hansı əməli tədbir həyata keçirməyib.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar