SON XƏBƏRLƏR

Vida sözü

2021.10.20, 07:36
Vida sözü

Gunaz.tv
Vida sözü Dünya Çingizsiz qaldı... H. Mirələmov Dünya şöhrətli yazıçı mənim qəlbimi neçə on illər əvvəl "Cəmilə", "Əlvida Gülsarı", "Köşək gözü" povestləri ilə fəth etmişdi. O vaxtlar təsəvvürümə gətirə bilməzdim ki, milyonların sevimlisinə, qəlb sirdaşına, könül dünyasına çevrilmiş yazıçı ilə nə vaxtsa dostluq edəcək, sevincimizi, kədərimizi bölüşəcək, qloballaşan dünyanın problemlərindən, böyük ədəbiyyatın dünənindən, bu günündən danışacağıq. Çingiz Aytmatovla ilk görüşüm Brüsseldə, Qırğızıstan səfirliyində olmuşdu. Dağ cüssəli, peyğəmbər simalı müdrik ədəbiyyat ağsaqqalı, türk dünyasının böyük oğlu məni səmimiyyətlə, Asiya xalqlarına məxsus qonaqpərvərliklə qarşıladı. Həyat yoldaşı ilə birlikdə şam süfrəsi ətrafında onu Azərbaycanla, türk dünyası ilə bağlayan tellərdən danışdı. Mənim Qarabağ müharibəsindən bəhs edən "Xəcalət" povestimi oxuduğunu və qırğız dilinə tərcümə olunmasını qırğız yazıçılarına tövsiyə etdiyini söylədi. Özünün son əsərlərindən birini Azərbaycan oxucularına öz ləhcələrində çatdırılması arzusunda olduğunu bildirdi. Yaxşı ki, ustadın bu istəyini yerinə yetirdim və həmin əsəri Səyavuş Məmmədzadənin tərcüməsində "Ədəbiyyat qəzeti"ndə çap etdirdim. Çingiz Terekuloviçlə növbəti görüşlərimin biri 2005-ci ilin mart ayının əvvəllərində oldu. Xeyli söhbətdən sonra "Qarabağa aparan yol" qəzetinin baş redaktoru Əli Mahmudun ondan müsahibə almaq istəyini bildirdim. Etiraz etmədi. "Azərbaycan" qəzetində "İlham Əliyev qloballaşan dünyanın lider etalonudur", "Qarabağa aparan yol" qəzetində isə "Biz nəhəng türk ağacının qolları, budaqlarıyıq" adlı müsahibələr maraqla qarşılandı. Böyük yazıçının dostluğumuzu yüksək qiymətləndirməsi mənə ruhi qida verir, mənən rahatlıq bəxş edirdi. Əli Mahmudun adı çəkilən müsahibələrinin sonuncusunda ölməz ustadın dediklərini xatırlayıram: "Mən dostluqda dəqiqliyə, həssaslığa və təmənnasız münasibətlərə xüsusi qiymət verən adamam. Bu mənada Hüseynbala Mirələmovla oxşarlığımız çoxdu. Həmfikir olduğumuza görə tale bizi qovuşdurub. Biz hər bir mövzuda fikir mübadiləsi aparanda eyni məxrəcə gələ bilirik. Yeni yazdığım romanı tamamlamışam. İlk variantını Hüseynbala oxumuşdu, iradlarını, təkliflərini demişdi. İndi 300 səhifəlik sonuncu variantını bu gün verəcəyəm ki, səbrlə gözdən keçirsin. İnanıram ki, boyun qaçırmayacaq. Ümumiyyətlə, məlumat üçün deyim ki, Hüseynlə hər görüşəndə ondan müsbət enerji qəbul edirəm, mənən bəhrələnirəm". Ustadla bağlı xatirələrin bir qisminə çıraq tutmağım yəqin ki, məni tanıyanlara qəribə gəlməz. Məqsədim dostluğumuzun hansı təməllər üstündə qurulmasını xatırlatmaq oldu. Düz səksən il əvvəl Qırğızıstanın Şəkər kəndində, Terekulun ailəsində Nazimə adlı xanım-xatın tatar qızı dünyaya bir oğul bəxş etdi. Bəxş etdi ki, sözün qüdrəti ilə dünyanı şər-böhtandan qorusun, insanları mənəvi paklığa, dostluğa, qardaşlığa çağırsın. Bəşəriyyətin mənəvi dünyasına, ədəbiyyat xəzinəsinə "Cəmilə", "Əsrə bərabər gün", "Edam kötüyü", "Dəniz kənarı ilə qaçan alabaş", "Dağlar yıxılanda", "Ağ gəmi", "Əbədi gəlin" kimi şedevr əsərlərini bəxş etsin. Etdi də! Dünyaya gəldi ki, özünün dediyi kimi, tatarlı, qırğızlı, özbəkli, qazaxlı, türkmənli, azərtürklü, qaraqalpaqlı, başqırdlı nəhəng türk ağacının kökünü daha möhkəm, qol-budaqlarını daha şaxəli etsin. Və etdi də! Dünyanı qarış-qarış gəzən, demək olar ki, bütün xalqlarla öz ana dillərində ünsiyyətdə olan söz sərkərdəsi Çingiz Terekul oğlu Aytmatov göz bəbəyi kimi qorumağa çalışdığı və canından çox sevdiyi dünya ilə vidalaşdı. Beləcə dünya söz atasını itirməklə Çingizsiz qaldı. Allah rəhmət eləsin! 525

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar