SON XƏBƏRLƏR

Xalq Cümhuriyyəti qurucularının başına gətirilən fəlakətlər

2021.10.20, 07:36
Xalq Cümhuriyyəti qurucularının başına gətirilən fəlakətlər

Gunaz.tv
Xalq Cümhuriyyəti qurucularının başına gətirilən fəlakətlər Sovetlər dövründə Mehmandarovun qəbri yerlə yeksan edilib İlk maliyyə naziri Əmircanovun ailə üzləri bir-birlərindən ayrı düşüblər Elçin Qaliboğlu Ötən yazılarımızda Azərbaycan Xalq Cümhuriyyəti qurucularının 1920-ci ilin aprel işğalından sonra başlarına gələn, gətirilən fəlakətlər, bir neçəsinin şəxsində faciəvi aqibətləri haqqında danışmışdıq. 28 Apreldən sonra Cümhuriyyətin qurucusu, böyük ideoloq Məhəmməd Əmin Rəsulzadənin başına çoxlu hadisələr gəldi, bir neçə ölkədə yaşamağa məcbur oldu. Onun sağ qalaraq uzun müddət sovet rejiminə qarşı mübarizə aparması, əsərlər yazması az qala möcüzə oldu. Aprel fəlakətindən sonra Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Behbud xan Cavanşir və başqaları amansızcasına qətlə yetirildilər. "Şıxlinski üçbucağı" O ağır, çətin dövrdə Vətəndə qalanların aqibəti isə heç də yaxşı olmamışdı. Məşhur Azərbaycan generalları, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi cəhətdən qurulmasında fövqəladə rəşadətlər göstərmiş Səməd bəy Mehmandarov və Əliağa Şıxlinskinin taleləri bu mənada fəlakətlə sonuclananlardandır. Xalq Cümhuriyyətinin qurulduğu dövrdə bu və başqa generallarımızın olması sübut etdi ki, xalqımız döyüşkənlik ruhunu qətiyyən itirməyib. Yazıçı, tanınmış araşdırmaçı-jurnalist Şəmistan Nəzirlinin qənaəti belədir ki, fitri istedada malik, anadangəlmə hərbçi olan artilleriya generalı Əliağa Şıxlinski bütün varlığı ilə xalqımıza ömrünün sonunadək sədaqətlə xidmət edib. Təkcə general kimi vəzifəsini bitmiş hesab etməyən bu məşhur sərkərdə həm də hərb elminin görkəmli alimi idi: "Hələ ötən yüzilin əvvəllərində hərbi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilən "Şıxlinski üçbucağı"ndan təkcə Rusiyada deyil, Fransa, Avstriya, Norveç, İsveçrə və başqa ölkələrin artilleriya məktəblərində dərslik kimi istifadə olunub. Əliağa Şıxlinski yeganə azərbaycanlıdır ki, ilk dəfə Fransanın generallara məxsus fəxri "Legion" ordeni və zabitlərə verilən "Legion xaçı" ilə təltif edilib. Bir sözlə, o, generallar arasında ən yaxşı artilleriya generalı, məşhur hərb alimi olub". Əliağa Şıxlinski dörd müharibənin şahidi, üçünün iştirakçısı olub. 1904-1905-ci illərdə Port-Artur, 1914-1918-ci illərdə I Cahan Savaşında, 1918-20-ci illərdə isə torpaqlarımızın bütövlüyü uğrunda daşnak Ermənistanına qarşı döyüşüb: "Onun məşhur "Xatirələrim" kitabı bu gün də hərbi memuarın ən qiymətli nümunələrindən biri hesab edilir. İnqilabdan əvvəl və inqilabdan sonrakı dövrlərlə məşğul olan hərb elminin elə bir alimi yoxdur ki, həmin kitabdan qidalanmasın, qiymətli bir mənbə kimi ondan istifadə etməsin. Ə.Şıxlinski 1917-ci il noyabrın 15-də Qafqaza qayıdıb. İlk dəfə Tiflisdə azərbaycanlılardan ibarət milli korpus yaradıb. Bununla da o, milli Azərbaycan ordusunun təməl daşını qoyub. Tale Əliağa Şıxlinskiyə övlad nəsib etməmişdi. Sevimli həyat yoldaşı Nigar xanımın ölümündən sonra demək olar ki, yaşamaq onun üçün artıq mənasızlaşmışdı. 1931-ci ildə vəfat etmiş Nigar xanımdan sonra o, 13 il yaşadı. General 1943-cü il avqustun 18-də Bakıda vəfat edib". Səməd bəy Mehmandarovun hərb sənəti də dövlətçilik tariximizdə özünəməxsus yerə malikdir... Görkəmli sərkərdələrimizi unutmuşuq... Ş.Nəzirlinin fikrincə, hərbi xadim kimi Səməd bəy Mehmandarovun xidmətləri də əvəzsizdir: "Onun artilleriya sahəsindəki böyük nüfuzundan, qorxmazlığından, istedadından rus hərb tarixçiləri iftixarla yazıblar. Nə qədər təəssüflü səslənsə də, deməliyəm ki, son illərə qədər hər bir azərbaycanlının tanıdığı yalnız bu iki məşhur general olub. Sovet dövründə görkəmli sərkərdələrimizi unutmuşuq. Onları az tədqiq etmişik. Halbuki yadların fəxrlə söhbət açdığı bu iki generalımız Port-Arturda yaponlara, I Dünya savaşında isə almanlara qarşı vuruşaraq ulu babalarımızdan gələn döyüş ənənələrini bütün dünyaya yaymışlar. Birinə "Artilleriyanın allahı" fəxri adı, digərinə isə "Müqəddəs Georgi" ordeninin bütün dörd dərəcəsi verilib. Böyük imperiyanın minlərlə generalı arasında onların öz yeri olub". S.Mehmandarov ilk təhsilini 1875-ci ildə Peterburqdakı Konstantin Yunkerlər məktəbində alıb. Hərbi sahəyə olan güclü marağı və fitri istedadı sayəsində az vaxtda podporuçik rütbəsiylə təltif olunub. 1898-ci ildə artıq o, podpolkovnik idi. Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri olmuş Səməd bəy Mehmandarovun 1920-ci ilin 28 aprelindən sonrakı həyatı barədə oğlu Pir belə danışırdı: "Atam aprelin 27-də parlamentin iclasından evə qayıdıb özümüzlə aparmaq üçün anamın hazırladığı çemodanları gördükdə dedi: "Bunları boşalt, çünki biz heç yerə gedəsi deyilik". Anam təəccüblə soruşdu: "Necə yəni gedəsi deyilik? Bilmirsən ki, səni güllələyəcəklər?" Atam anama cavab verdi ki, parlamentin son iclası qurtaranda "Hümmət" fraksiyasının lideri Əliheydər Qarayev mənə yaxınlaşıb əmin etdi ki, Səməd bəy, başınızdan bir tük belə əskik olmayacaq. Bizimlə qalıb işləməyinizi təklif edirəm. Anam yenə də etiraz edərək dedi: "Bəs oğlunun taleyi, gələcəyi? Axı qatar Biləcəridə gözləyir". Atam bu dəfə daha qətiyyətlə bildirdi ki, biz heç yana getməyəcəyik. Deyilənə görə həmin gün Biləcəridə Müsavat hökumətinin başçılarını Tiflisə aparacaq qatar atama görə saat yarım gözləmişdi. 1920-ci il avqustun 1-dən Mehmandarov Şıxlinski ilə birlikdə Nəriman Nərimanovun böyük köməkliyi sayəsində ölümdən xilas edilərək Moskvaya göndərilirlər. Şıxlinski Ali Artilleriya Məktəbində gələcəyin marşalları Qovorova, Yakovlevə, baş artilleriya marşalı Voronova və başqalarına dərs deyib. Mehmandarov da artilleriya nizamnaməsi hazırlayan komissiyanın tərkibinə daxil edilir, Hərbi Akademiyada taktikadan dərs deyir. Bir ildən sonra Bakıya qayıdan generallar burada Azərbaycan Komandirlər Məktəbində dərs keçiblər. 1928-ci ildə səhhətinə görə istefaya çıxan general Mehmandarova dövlət yüz manat pensiya kəsmişdi. 1931-ci ilin fevralında Bakıda vəfat edən Mehmandarov keçmiş Çəmbərəkənd qəbristanlığında (indiki Şəhidlər Xiyabanında) dəfn olunub. 1939-cu ildə bolşevik Kirova heykəl qoyulanda həmin qəbiristanlıq dağıdılıb. O zaman generalın ailəsi sürgündə idi. Qəbri başqa yerə köçürülmədiyindən yerlə-yeksan edilib". Əbdüləli bəy Əmircanov faciəvi ailə taleyi yaşayıb Taleyi, ömrü acı sonluqla nəticələnənlərdən biri də Azərbaycan Xalq Cümhuriyyətinin ilk maliyyə naziri Əbdüləli bəy Əmircanov olub. Azərbaycanda Sovet hakimiyyəti qələbə çalan ərəfədə Bakını tərk etməyə məcbur olan Əbdüləli bəy faciəvi ailə taleyi yaşayıb. Bu barədə və yuxarıda sözügüdən soraqlarla bağlı Ədəbiyyat və İncəsənət arxivində xeyli qiymətli mənbələr qorunur. Əbdüləli Şirəli bəy oğlu Əmircanov 1874-cü ildə Şəkidə anadan olub. 1918-ci ilin martında Bakıda türklərə qarşı törədilən soyqırım zamanı minlərlə azərbaycanlının ölümdən xilas olunmasında, şəhərdə qırğının qarşısının alınmasında müstəsna xidmətlər göstərib. Böyük qardaşı, Moskva Universitetinin hüquq fakültəsinin məzunu, tanınmış hüquqşünas Qasım bəy Əmircanov ermənilər tərəfindən öldürülüb. Əbdüləli bəy həmin il martın 27-də yaranmış Milli Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü olur. Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra bitərəf Əbdüləli bəy Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin təşkil etdiyi ikinci koalision hökumətin kabinetində maliyyə naziri vəzifəsinə təyin edilib. Nazir işlədiyi müddətdə onun rəhbərliyi ilə Azərbaycanın ilk Milli Dövlət Bankı yaradılaraq fəaliyyətə başlayıb. 1918-ci ilin oktyabrında F.Xoyskinin hökumət kabinetində etdiyi bəzi dəyişikliklər vaxtı Əbdüləli bəy daha məsuliyyətli vəzifəyə - dövlət nəzarətçisi naziri vəzifəsinə təyin edilib. 1920-ci ildə Azərbaycanda bolşeviklər hakimiyyətə gəldikdən sonra bolşevik ənənəsinə uyğun olaraq Milli Hökumətin daşıyıcılarına qarşı ardıcıl repressiya tədbirləri həyata keçirməyə başlayırlar. Əbdüləli bəy sovetlərin qisas siyasətini duyunca onların əlində qurbana çevrilməmək üçün mühacirət etməyi qərara alır. Hadisələrin gərginləşdiyi, bolşeviklərin Azərbaycanda, xüsusən də Bakıda hakimiyyətə tamamilə yiyələndikləri bir vaxtda ölkədən xaricə çıxmaq üçün bircə çıxış vasitəsi var idi: gəmi ilə Türkiyəyə getmək. Türkiyəyə yol isə İrandan keçirdi. Həmin gün Əbdüləli bəy Əmircanov həyat yoldaşı Səltənət Əlibəyova və altı uşağı - Fuad, Rüstəm, Valiyə, Məryəm, Rəşid və Muradla birlikdə ölkəni tərk edirdilər. Hamı zorla gəmiyə can atır, özünə birtəhər yer eləmək istəyirdi. Hadisə belə baş verir: Əbdüləli bəy övladları Fuad, Rüstəm, Valiyə və Məryəmlə bir az qabaqda, həyat yoldaşı Səltənət xanım isə digər iki uşaqları Rəşid və Muradla arxada gedir. Bu zaman gəmi kapitanının gözlənilməz əmri camaat arasında çaxnaşmaya səbəb olur, sərnişinlər biri-birinə qarışır. Gəmi yola düşməkdə ikən Əmircanovlar ailəsinin üzvləri biri-birini itirirlər. Ata dörd uşağı ilə qürbətə yola düşür, ana isə iki uşağı ilə gəmiyə minə bilməyərək vətəndə qalır. Fuad Əmircanov Atatürkün yanında işləyib Ayrılıq dövründə həm Əbdüləli bəy, həm də Səltənət xanım vəziyyətdən çıxmaq üçün yollar arayırlar. Deyilənə görə, ailənin qovuşmasında Mustafa Kamal Atatürkün xüsusi rolu olub. Fuad Əmircanovun Atatürklə yaxın münasibətləri olub. Hətta onun yanında da çalışıb. Bir dəfə o, Atatürkə ailəsinin faciəsindən danışıb, Azərbaycanda qalan anası və iki qardaşının da Türkiyəyə gəlməsi üçün yardımçı olmasını ondan xahiş edib. 1936-cı ildə rəsmi şəkildə Səltənət xanıma ərinin və övladlarının yanına - Türkiyəyə getməyə icazə verilib. Türkiyəyə yola düşmək ərəfəsində ikən ona iki oğlunun ölkədən çıxmasına qəti şəkildə icazə vermirlər. Bu hadisə Rəşidlə Muradı ata-ana mehrindən birdəfəlik məhrum edir. Bu zaman Rəşidin 20, Muradın isə 18 yaşı vardı. Bütün olan-olmazını, paltarlarını da Səltənət xanım Türkiyəyə apardığı çemodana yığmışdı. Uşaqların nəinki yeməyə çörəyi, heç geyinməyə paltarları da qalmamışdı. Bir yandan da hətta qohumlar belə o dövrdə xalq düşməni hesab edilən bir şəxsin övladlarına yaxın dura bilmirdilər. Həmin vaxt sovet hökuməti Əbdüləli bəyin iki bacısını ailə-uşağı ilə birlikdə Sibirə sürgün etmişdi. Kimsəsizlik ucbatından qardaşlar təhsil ala bilməmişlər. İkinci Cahan Savaşı başlayan zaman hər iki qardaş müharibəyə yollanıb, Murad qayıdıb, Rəşid isə itkin düşüb. Əbdüləli bəy Əmircanov 1948-ci il oktyabrın 14-də vəfat edib. xalqcəbhəsi qəzeti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar