SON XƏBƏRLƏR

Azərbaycanın görkəmli pedaqoqu Cabbar Bağçabanın doğum günüdür

2023.05.09, 13:25
Azərbaycanın görkəmli pedaqoqu Cabbar Bağçabanın doğum günüdür

Gunaz.tv

Təbrizdən gedən atası Əsgər İrəvanda memarlıq və qənnadiliklə məşğulluğu ilə tanınıb, Cabbar da gənc yaşlarında bu peşələrə yiyələnib. 

Uşaqların və qadınların təlim-tərbiyəsinə çox önəm verən Mirzə Cabbar Əsgərzadə gəncliyindən onlara dərs deməyə başlayıb. 

Yaşadığı dövrün mühafizəkarlıq şəraitinə və risklərə baxmayaraq gizlicə qızlara evdə dərs deyib, bütün ömrü boyuca onların haqqlarını müdafiə edib.

Qəribə də olsa Cabbar Bağçaban ilk qəzetini həbsxanada buraxıb. 1905-ci ildə İrəvanda erməni-müsəlman çaxnaşmalarında ictimai fəallığına görə bir neçə aylıq həbs olunan Bağçaban həbsxanda "Molla nəhib" və "Mollabaşı" adlı həftəlik dərgilər nəşr etdirir. 

"Molla Nəsrəddin" məcmuəsində də şeir və məqalələrlə çıxış edib. İrəvan qubernatorunun 21 yanvar 1914-cü il tarixdə Mirməhəmməd Mirfətullayev və Cabbar Bağçabana verdiyi icazəyə əsasən onlar həmin il fevralın 22-də satirik "Lək-lək" jurnalının ilk nömrəsini buraxıb. 

O dövrdə Təbrizdə təkcə dini azlıqların, xristian və yəhudilərin uşaq baxçaları vardı, Bağçaban həmin dövr İranın Maarif Nazirliyinin təzyiqlərinə baxmayaraq 1924-cü ildə Təbrizin Maqsudiyyə məhəlləsində İranın ilk uşaq bağçasını açır. 

Bu İran tarixində qız və oğlan uşaqlarının birgə tərbiyə olunduğu ilk bağça idi. Bağçabanın oğlan-qız baxçası və məktəbi tezliklə Təbriz xalqını uşaqlarını məktəbə qoymağa həvəsləndirmişdi. 

Bu məktəbdə Baçxaban uşaqları gəzintiyə aparır, tamaşa göstərməkləri üçün pyeslər yazır, səhnələr qurur, nağıl oxudur, uşaqlar üçün yazdığı şeirləri onlara əzbərlədirdi.

1932-ci ildə Bağçaban ailəsi ilə birlikdə Tehrana köçür. Onun Təbrizdən çıxmasının səbəbi o dövrdə Güney Azərbaycanın maarif müdiri təyin olumuş şovinist doktor Əhməd Mövsüninin Təbriz məktblərində tələbələr və müəllimlərin farsca danışmasını tələb etməsi olub. 

1933–1935-ci illərdə Tehranda açdığı karlar və lallar məktəbində işləyir, fiziki cəhətdən qüsurlu olan uşaqlara kömək edən bir cihaz düzəldir. 

Bundan on il sonra, 1943-cü ildə o Tehranda "Lal-kar uşaqları himayə cəmiyyəti"ni də yaradır. Pedaqoji fəaliyyətlə məşğul olan Cabbar Əsgərzadə Bağçaban 1943-cü ildə müəllimlər üçün məcmuə nəşr etdirir. 

Onun çoxcəhətli yaradıcılığı – pedaqogika, poeziya, incəsənət, musiqi, mədəniyyət və səhiyyə ilə sıx bağlı idi. Ərəb, fars və rus dillərini mükəmməl bilmiş, xarici ölkə xalqlarının seçmə poeziyasından tərcümələr edib.

Azərbaycanlı pedaqoq Əsərlərini Azərbaycan və rus dillərində yazıb. Lirik şeirlərini C.Əsgərzadə, Aciz, Bağçaban, satirik şeirlərini isə "Məhkəmə pişiyi", "Noxtalı", "Leyləyin yuvadibisi", "Molla haray" və s. imzaları ilə çap etdirib. 

Onun kiçik yaşlı uşaqlar və məktəblilər üçün yazdığı mənzum hekayələri də nəşr olunmuşdur. Maarif sahəsindəki xidmətlərinə görə Tehran Universiteti ona professor adı verib.

1966-cı il noyabrın 25-də dünyasını dəyişən Cabbar Bağçaban Tehran yaxınlığında, Rey şəhərinin Səfaiyyə qəbristanlığında dəfn edilib.

Günaz.TV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar