SON XƏBƏRLƏR

Azərbaycan səfirliyinə hücuma görə beynəlxalq reaksiyalar davam edir

2023.01.28, 10:15
Azərbaycan səfirliyinə hücuma görə beynəlxalq reaksiyalar davam edir

Gunaz.tv

ABŞ Dövlət Departamenti bildirib ki, Tehran hökuməti İrandakı diplomatik mərkəzlərin təhlükəsizliyini təmin etməlidir.

Qurumun sözçüsü Ned Prays Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə edilən hücumu pisləyib.

“Hər yerdə diplomatlara və ya diplomatik mərkəzlərə edilən hər hansı hücum qəbuledilməzdir.

İrana Cenevrə Konvensiyasını xatırladaraq Tehran hakimiyyətinin xarici diplomatlarıın təhlükəsizliyini qorumaq üçün məsuliyyət daşıdığını xatırladırıq",-deyə, Prays bildirib.

BMT baş katibinin sözçüsü Stefan Dujarrik də Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib və hücum edən şəxsin məsuliyyətə cəlb olunacağına ümid etdiyini söyləyib.

Türk Dövlətləri Təşkilatının baş katibi Kobaniçbek Omuraliyev də İrandan Azərbaycan Respublikasının səfirliyinə hücumla bağlı hərtərəfli araşdırma aparmağı və onu törədənlərin müəyyən edilməsini istəyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da tvitter hesabında Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücumu iyrənc hərəkət adlandırıb.

“Türkiyə hər zaman dost və qardaş Azərbaycanın yanındadır”-Ərdoğan qeyd edib.

Türkiyə Xarici İşlər Nazirliyi də Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücumu qətiyyətlə pisləyib.

"Bu mənfur hücumun səbəbkarları dərhal müəyyən edilərək məhkəmə sisteminə təhvil verilməli və bunun təkrarlanmasının qarşısını almaq üçün bütün lazımi tədbirlər görülməlidir"-XİN bəyan edib.

İtaliyanın Tehrandakı səfirliyi isə Azərbaycan Respublikasının səfirliyinə edilən hücuma görə başsağlığı verərib, bu hücumu "məntiqsiz vəhşilik adlandırıb.

Qırğızıstanın xarici işlər naziri Azərbaycan Respublikasının xarici işlər naziri ilə telefon əlaqəsində bu ölkənin Tehrandakı səfirliyinə silahlı hücumu qətiyyətlə pisləyib.

Nazir diplomatik qurumlara və onların əməkdaşlarına qarşı hücumu beynəlxalq hüququn standartlarına zidd olduğunu bildirib. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar