SON XƏBƏRLƏR

Zəhra Nəvidpurun anası: Bizi qətli boynumuza götürməyə məcbur edirlər - VİDEO

2021.10.20, 07:36
Zəhra Nəvidpurun anası: Bizi qətli boynumuza götürməyə məcbur edirlər - VİDEO

Gunaz.tv

GünAz TV: Həyatdaykən Məlikanın sözdə millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalması, yanvar ayında isə şübhəli ölümü ilə mətbuatın gündəminə düşən Zəhra Nəvidpurun anası, ailələrinə qarşı edilən təzyiqlər barədə yeni məlumatlar açıqlayıb.

 

Mərhumənin anası bu barədə bir video yayaraq ailəsinin təhdid altında saxlandığını bildirib.

 

“Zəhra Nəvidpurun anasıyam. Övladımı əlimdən aldılar. İndi isə Cinayət-Axtarış İdarəsinin məmurları və Hacı Salmanın adamları bizi təhdid edir. Sözümüzü deməyə imkan vermirlər. Oğlumu zindana salıblar. Mən və qızımı da saxlamışdılar. Bizi buraxdılar, lakin oğlum hələ də həbsxanadadır. Bizi qətli boynumuza almağa məcbur edirlər. Axı bizim nə günahımız var! Sizi inandığınıza and verirəm, bizim dadımıza çatın”- deyə o sözlərinin bir hissəsində qeyd edib.

 

https://www.youtube.com/watch?time_continue=31&v=X2-5dgfpmWg

 

Zəhra Nəvidpurun qətlindən sonra prokurorluq hadisənin qətl deyil, intihar olduğunu iddia etmişdir. Mətbuat orqanları da prokurorluq tərəfindən yayılan məlumata istinadən Zəhra Nəvidpurun zəhərli həblər qəbul edərək intihar etdiyini yazmışdır.

 

Bir sıra mətbuat orqanı isə koordinasiya edilmiş şəkildə Zəhra Nəvidpuru əxlaqsızlıqda günahlandırmağa başladılar. Belə bir iddia əsasən cinsi təcavüzə məruz qalan qadın qətlə yetirildikdən sonra irəli sürüldü.

 

Zəhra Nəvidpur həyatdaykən Salman Xudadadiyə dəstək verdiyini deyən Məlikan prokuroru isə son vaxtlar fərqli açıqlama verərək qadının qətlə yetirildiyini bildirib. Məlum mətbuat orqanları da bu hadisəni “namus qətli” kimi qələmə verir. Baş verən cinayət hadisəsinin mahiyyəti dəyişdirildikdən, onun “namus qətli” adlandırıldıqdan sonra Zəhra Nəvidpurun qardaşı şübhəli şəxs qismində saxlanılıb.

 

Bu günə qədər Zəhra Nəvidpur və Məlikanın sözdə millət vəkili Salman Xudadadinin məhkəmə dosyesi haqda dəfərlərlə ziddiyyətli və bir-birini təkzib edən məlumatlar yayılıb. Şübhəsiz ki, bütün bunlar cinayət hadisəni ört-basdır etmək, “Sepah” və ya Ettelaat İdarəsinin qətl hadisəsində olan rolunu gizlətməyə yönəlib.

 

28 yaşlı Zəhra Nəvidpurun cansız bədəni yanvarın 6-da anasının evində tapılıb. Onun şübhəli ölümü Güney Azərbaycanda bir çox etirazlara səbəb oldu. Bununla bağlı Salman Xudadadi barəsində bir çox məsələni ifşa edən material 2018-ci il noyabrın 19-da GünAz TV-nin “165” verilişində yayımlanıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar