GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, “Azadlıq” radiosunun Azərbaycan şöbəsinin keçmiş rəhbəri, tanınmış jurnalist Mirzə Xəzərdir.
- Mirzə bəy, Sizcə, nə üçün qərb mətbuatı Güney Azərbaycan Milli Hərəkatına istəmədiyimiz səviyyədə diqqət ayırmır?
Qərb mətbuatının Cənubi Azərbaycanda baş verən hadisələrə biganə yanaşması məni qətiyyən təəccübləndirmir. Əksinə, biganə yanaşmasaydı çox təəccüblənərdim. Qərbin və Qərb mediasının İrana, İrandakı milli məsələyə, azərbaycanlıların istəklərinə, Urmu gölünün quruması ilə bağlı etiraz dalğasına lazımı səviyyədə diqqət ayırmamasının səbəbini öz təcrübəm əsasında izah etməyə çalışdım. 2001-2003-cü illərdə mənə hər tərəfdən təzyiqlər çox güclənmişdi. Məsələlərdən biri Cənub məsələsi idi. Bir yandan fars redaksiyası (şöbəsi) Cənubla əlaqədar verilişləri tərcümə edib Vaşinqton da daxil hər yerə yayır, o biri yandan da bəzi ünsürlər hər gün radionun rəhbərliyinə memorandumlar (məlumatlar) yollayırdı. „Azad Avropa/Azadlıq” radiolarının prezidenti Tomas Dayn artıq bezar olmuşdu. Məni yanına çağırdı və ona gələn bütün şikayətləri mənə göstərib izahat istədi.
- Bəs nə etmək lazımdır ki, hadisələri qərb mətbuatının diqqət mərkəzinə gətirə bilək?
- Qərbdə çox böyük Cənub diasporası var. Özlərini hansısa dövlətdən və Azərbaycan respublikasından (cümhuriyyətindən) asılı etmədən, müstəqil şəkildə xarici ölkələrdə fəal təbliğat işinə başlamalıdır. Azərbaycan respublikasını ona görə qeyd etdim ki, rəsmi Bakı dövlət maraqlarını üstün tutur və Tehranla əlaqələri gərginləşdirmək istəmir. Ümid ancaq xaricdəki minlərlə ziyalı cənubluya qalır.
- Urmu məsələsi ilə bağlı fikirləriniz nədən ibarətdir?
- Urmu gölünün qığılcımı artıq sönüb. Urmu gölü ilə Topxana arasında oxşarlıq varmı sualına vaxtı ilə cavab verərkən demişdim ki, yox, Urmu Topxana ola bilməz və olmadı. Tələsmək lazım deyil, mənim fikrimcə, bu məsələ hələ tam ortadan qalxmayıb.
- Güney Azərbaycan Milli Hərəkatının gələcəyini necə görürsünüz?
- Güney Azərbaycan Milli Hərəkatının gələcəyi var. Milli şüurun oyanmasına, milli kimliyin aşılanmasına çalışmaq lazımdır. Dil, mədəniyyət, tarix mövzularına diqqəti gücləndirmək lazımdır. Sonrası...Sonrası özü gələcək...
Söhbətləşdi: Elnur Eltürk