SON XƏBƏRLƏR

102 il əvvəl Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyi tanınıb

2022.01.11, 12:09
102 il əvvəl Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyi tanınıb

Gunaz.tv

AXC hökuməti hələ 16 noyabr 1918-ci ildə dünya parlamentlərinə və xalqlarına, habelə ABŞ Prezidenti Vudro Vilsona gənc respublikanın müstəqilliyini tanımaq xahişi ilə müraciət etmişdi.  

28 dekabr 1918-ci ildə ölkə parlamenti Paris Sülh Konfransında iştirak edəcək nümayəndə heyətinin tərkibini təsdiqlədi və nümayəndə heyətinin rəhbəri kimi parlamentin sədri Ə.M.Topçubaşov, onun müavini isə hökumət üzvü Məhəmməd Həsən Hacınski təyin edildi.  

18 yanvar 1919-cu ildə diplomatlar viza almaq və 20 yanvar 1919-cu ildə Parisə getmək üçün İstanbula yola düşür. 

Azərbaycan diplomatları yalnız 1919-cu il mayın ortalarında Fransaya gələ bildilər. 

Parisə gələn Azərbaycan nümayəndə heyəti dərhal işə başladı. Başlıca məqsəd Paris Sülh Konfransının Ali Şurası tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması idi. 

Müharibədə qalib gələn tərəf kimi Antanta ölkələri - ABŞ, Böyük Britaniya, Fransa və İtaliya Ali Şurada əsas rol oynayırdılar. 

28 may 1919-cu ildə Azərbaycan nümayəndə heyətini ABŞ prezidenti Vudro Vilson qəbul etdi. Lakin görüşün nəticələri o qədər də ürəkaçan olmadı.

V.Vilson iclasda qeyd etdi ki, Rusiya məsələsi həll olunmayana qədər Qafqaz respublikalarının müstəqilliyini tanımaq barədə danışmaq mümkün olmayacaq. 

Lakin Qafqazda hadisələrin sürətli inkişafı Azərbaycan və Gürcüstanın müstəqilliyinin tanınmasını təxirəsalınmaz bir vəzifəyə çevirmişdi. Bu məqsədlə Böyük Britaniyanın təşəbbüsü ilə 10 yanvar 1920-ci ildə Paris Sülh Konfransının Ali Şurasının sessiyası çağırıldı. 

Konfransda hökm sürən ab-havadan aydın olurdu ki, həqiqətən, real fəaliyyətdə olan dövlətlərin tanınması üçün artıq hər cür şərait yetişib.

Yanvarın 11-də Lord Kerzonun təklifi ilə müttəfiqlərin Ali Şurası belə bir qətnamə qəbul etdi: "Müttəfiq və birləşmiş dövlətlər birlikdə Azərbaycan və Gürcüstan hökumətlərini de-fakto səviyyəsində tanıyırlar". 

Az müddətdən sonra Yaponiya Ali Şuranın qərarına qoşuldu. 

Yanvarın 15-də Azərbaycan və Gürcüstan nümayəndələri Fransanın Xarici İşlər Nazirliyinə dəvət edildilər. Azərbaycan nümayəndələri Ə.M.Topçubaşov və M.Məhərrəmov, eləcə də Gürcüstan nümayəndələri İ.Sereteli və Z.Avalov nazirliyin birinci katibi Jül Kambon, İngiltərənin nümayəndəsi Filipp Kerr və İtaliyanın nümayəndəsi Markiz del Torret tərəfindən qəbul edildilər.

Jül Kambon Ali Şuranın üzvləri və müttəfiq ölkələr tərəfindən Azərbaycanın de-fakto tanınması barədə Paris Sülh Konfransının rəsmi qərarını Ə.Topçubaşova təqdim etdi. 
 
Beləliklə, 1920-ci ilin 11 yanvarında Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin siyasi tanınması baş verdi və bu, həmin dövrdə Ə.Topçubaşovun  rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin uğurlu diplomatik fəaliyyətinin nəticəsi kimi qiymətləndirilməlidir.  

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar