SON XƏBƏRLƏR

13 ildir gözlənilən stadion layihəsinin gələn il istifadəyə veriləcəyi bildirildi – Qəzvində

2021.10.20, 07:36
13 ildir gözlənilən stadion layihəsinin gələn il istifadəyə veriləcəyi bildirildi – Qəzvində

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Qəzvin şəhərində 2006-ci ildə təməli qoyulan stadion layihəsinin gələn il istifadəyə veriləcəyi bildirilib, lakin yerli əhali verilən vədin yerinə yetiriləcəyinə inanmır.

 

6 min nəfərlik “Sərdar Azadəqan” stadionunun təməlqoyma mərasimi 13 il əvvəl keçirilsə də, büdcə vəsaiti çatışmazlığı səbəbindən layihənin icrası dayandırılmışdır.

 

Layihənin təkmilləşdirilməsini tələb edən yerli əhali son vaxtlar daha kəskin şəkildə etiraz bildirir. Məlumata görə, artıq stadionun istifadəyə verilməsi Qəzvin əyalətinin gəncləri arasında ümumi bir tələbə çevrilib.

 

Qəzvin Əyaləti Gənclər və İdman İdarəsinin rəisi isə icrası dayandırılmış layihədə iki il əvvəl işlərin yenidən başlandığını bildirib.

 

Abbas Əlayi qeyd edib ki, son vaxtlar layihənin müəyyən işləri görülüb. Bunun üçün 12 milyard tümən vəsait xərclənib. Stadion istifadəyə verilərsə, Qəzvin ölkə səviyyəsində keçirilən bəzi yarışlara rahat şəkildə ev sahibliyi edə biləcək.

 

Gənclər və idman naziri Məsud Sultanifər isə Qəzvinə etdiyi bir günlük səfərində projeyə baxış keçirib. O bildirib ki, büdcə vəsaiti çatışmazlığından ötən illərdə layihənin icrası dayandırılmışdır. Hazırda işlər bərpa olunub, ümid edirik ki, stadion gələn il istifadəyə veriləcək.

 

Nazirin sözlərinə görə, hal-hazırda layihənin 45 faiz işləri görülüb, qalan işlər də gələn ilin sonunadək yekunlaşacaq.

 

Qeyd edək ki, Güney Azərbaycanın bütün əyalətlərində səhiyyə, idman, təhsil və s. kimi sahələrə aid bir çox layihənin təməlqoyma mərasimi keçirilib. Layihələrin əksəriyyəti təbliğat xarakteri daşıyır, onların bir çoxunun icrasına heç bir zaman başlanılmır, bəziləri isə müəyyən işlər görüldükdən sonra yarımçıq buraxılır. Hökumət rəsmiləri isə öz ənənələrinə sadiq qalaraq layihələrin istifadəyə verilməsi haqda davamlı olaraq yalan vədlər verir, bu vədlər heç vaxt yerinə yetirilmir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar