14 il 1 ay həbs cəzasına məhkum olunan Urmulu Hamid Qaraoğlani İran Məhkəmə sisteminin başçısı “İbrahim Rəisi”yə açıq məktub ünvanlayıb.
Gunaz.tv
Məktub və səs yazısı məhbusun vəkili Yusif Behnəmun vasitəsi ilə onun ailəsinə çatdırılıb.
Urmu (Urmiyə) həbsxanasından həmdə səs faili kimi göndərilən məktubda H.Qaraoğlani özünə qarşı irəli sürülmüş bütün ittihamları rədd edərək İbrahim Rəisiyə xitabən yazır:
“Cənab Rəisi, mənim sizdən yalnız bir xahişim var. Əgər verdiyiniz sözlərdə səmimisinizsə İran kəşfiyyat və təhlükəsizlik orqanlarının mənə və ailəmə qarşı qurduqları cəhənnəmə son verin”.
Məhbus “bundan öncə hakim, prokror və başqalarına ünvanladığım cavabsız sualları indi sizə ünvanlayıram” deyə İbrahim Rəisidən soruşur: “Cənab Rəisi, məni niyə quldurlar kimi oğurlayıb işgəncə etdilər, dərmanlarımı özümə vermədilər, ağır cinayətlər törətmiş təhlükəli məhbuslarla eyni kameraya saldılar, haqqımda edam hökmü çıxarıb 14 il həbs etdilər?”
Hamid Qaraoğlani həbsxanada cinayətlərin ayrılması prinsipinin tətbiq olunmamasına, həbsxananın 3-cü bəndində saxlanılmasına etiraz edərək əlavə edir: “Ağayi Rəisi, bilirsiniz ki mən Urmu həbsxanasının 3-cü bəndində ağır cinayətlər törətmiş, narkotik maddə istifadə edib əllərinə iti əşyalar alaraq hədə yolu ilə bac alan təhlükəli məhbuslarla eyni bölmədə saxlanıram.”
Azərbaycanlı məhbus məktubunun davamında anası və bacısına qarşı təhlükəsizlik və kəşfiyyat məmurlarının basqılarından, onlara qarşı təhqir edici davranışlarından yazaraq soruşur:
“Hansı səbəbə görə həbsxananın qapıçısından tutmuş hakiminə kimi yaşlı və təqaüdə çıxmış müəllimə anamı təhqir edirlər? Niyə bacım təhlükəsizlik məmurlarının qorxusundan ev dustağına çevrilib?”
O, İbrahim Rəisinin məhkəmə sisteminin başçısı olmadan öncə “fəsadla mübarizə” aparacağı barədə verdiyi sözləri xatırladaraq soruşur:
“yaxşı olmaz ki siz bu mübarizəni birinci özünüzün başçılıq etdiyiniz sistemdən başlayasınız? Siz həqiqətən Təhlükəsizlik və kəşfiyyat orqanlarının İranın məhkəmə sistemini girov götürdüklərindən xəbərdar deyilsiniz? Bilmirsiniz ki onlar istədikləri şəxsi qanunsuz saxlayır, qondarma məhkəmə işi quraşdırır və istədikləri qərarı hakimlərə diktə edirlər?”
Hamid Qaraoğlani məktubunun sonunda ona qarşı irəli sürülən “müxalif siyasi təşkilata” üzv olmaq ittihamını bir daha rədd edərək yazır: “Mən heç bir siyasi təşkilatın üzvü olmamışam. Heç bir siyasi təşkilata simpatiya bəsləməmişəm. Bütün bunlar ETTELAAT məmurlarının mənə qarşı hayasızcasına vurduqları yalan ittihamlardır. Mən sadəcə bir vətəndaş kimi öz vətəndaş hüquqlarımı düşünürəm. Siz verdiyiniz sözlərdə səmimisinizsə təhlükəsizlik və kəşfiyyat məmurlarının mənə və ailəmə qarşı qurduqları cəhənnəmə son verin.”
Xatırladaq ki, “Amerika, İsrailə casusluq”, “xarici mətbuatla əlaqə”, “rəhbəri təhqir etmək və Qasım Süleymaninin şəklini cırmaq”, “Xalq Mücahidləri Təşkilatına üzv olmaq”da ittiham olunan Hamid Qaraoğlani edam və həbs cəzasına məhkum edilmişdir.
2020-ci il dekabr ayının əvvəllərində işinə yenidən baxıldıqdan sonra haqqında çıxarılmış edam cəzasının ləğvi, 14 il 1 ay həbs cəzasına məhkum edilməsi barədə məhkəmə qərar qəbul etdi.
Hamid Qaraoğlani, dindirmə zamanı vəkil və digər hüquqlarından istifadə etmək haqqından məhrum olub.
Urmulu H.Qaraoğlani 1986-cı il doğumludur. O, 2016-cı ilə qədər öyrənci olub. 1995-ci ildə maddi və məişət problemləri üzündən “Şəhid Beheşti Universiteti”ndə kompüter memarlığı magistr dərəcəsində təhsilini yarımçışq tərk edib. İşləmək üçün Türkiyə Cumhuriyyətinə gedib və bir müddət Türkiyədə çalışıb.
Həbs olunduğu zaman Urmu'da "CCTV kameralar quraşdırma işində çalışırdı. İrandakı hakim vəziyyətin tənqidçisi kimi tənqidlərini sosial mediyada paylaşıb.
C.E