SON XƏBƏRLƏR

15 tanınmış siyasi şəxsiyyət İranda hakimiyyətin növünü təyin etmək üçün referendum keçirilməsini tələb ediblər

2021.10.20, 07:36
15 tanınmış siyasi şəxsiyyət İranda hakimiyyətin növünü təyin etmək üçün referendum keçirilməsini tələb ediblər

Gunaz.tv

GünAzTV: Fevralın 11-də 15 tanınmış siyasi şəxsiyyət, birgə bəyanat yayaraq İranda hakimiyyətin növünü təyin etmək üçün BMT-nin nəzarətində ümumxalq referendumunun keçirilməsini tələb ediblər.

 

Bəyanatda bildirilir ki, ölkəyə hakim ruhanilərin 40 ildir qurduğu “islam hakimiyyəti” bütün sahələrdə iflasa uğrayarayıb: “İslam respublikasının qurulmasından 40 il keçir. Bu 40 il ərzində ölkə vətəndaşlarının nəinki ağrı-acısı azalmayıb, əksinə əhali arasında ikili həyat tərzinin (evdə bir cür, çöldə başqa cür) və dini riyakarlığın geniş yayılmasına gətirib çıxarıb. Bu isə, cəmiyyəti və insanları cürbəcür böhranlarla üz-üzə qoyub. Rəsmilər, istər cəhalət (cahillik, nadanlıq), istərsə də səriştəsizlikdən və hakimiyyəti bürümüş korrupsiya ucbatından, cəmiyyətin və ölkə vətəndaşlarının ən ibtidai problemlərini belə həll etməkdə aciz qalıblar. Ölkədə ayrı-seçkilik, fəsad və korrupsiya, eləcə də hakimiyyət dairələrində külli miqdarda mənimsəmələr və oğurluqlar baş alıb gedir. Ölkəyə hakim zalimanə qanunların kökündə isə ayrı-seçkiliyə və zorakılığa rəvac verməkdən başqa bir şey yoxdur. İran Məhkəmə Sistemi isə qanunu və ədaləti icra etmək əvəzinə, bu gün siyasi dairələrin və rəsmilərin oyuncağına və onların siyasi hədəflərinin icraçısına çevrilib.

 

Bu gün, ölkənin müxtəlif təbəqələrindən olan qadınlar, vəkillər, jurnalistlər, müəllimlər, tələbələr, alimlər, fəhlələr, siyasi və ictimai fəallar, əhalini maarifləndirdiklərinə, rəsmiləri tənqid etdiklərinə və dini siyasətdən ayırmağa dəvət etdiklərinə görə, eləcə də məcburi hicabın ləğv olunmasını və qadınlara qarşı zorakılığa son qoyulmasını tələb etdiklərinə görə, təqiblərə məruz qalır, həbs edilərək, ağır cəzalarla zindanlara salınırlar.

 

Son 40 ilin təcrübəsi göstərir ki, islam respublikası rejimi islaholunmazdır. Çünki, bu sistem, ilahi məna və məfhumların arxasında gizlənərək, dindən bir vəsilə kimi istifadə edir, şəffaflığa riayət etmir və ölkədə din adı altında yalan və riyakarlığı yaymaqla məşğuldur. Bu sistem, ictimai rəyi  saymır, insan haqlarını əzib tapdalayır, azadlığı boğur, millətin hüququnu tanımır, ölkədə siyasi, iqtisadi, ictimai və mədəni böhranların ortaya çıxmasına səbəb olur. Bu sistem, İran millətinin azadlığa qovuşmasına və onun inkişaf etməsinə əsas maneədir.

 

Biz, bu bəyanatı imzalayaraq hesab edirik ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, ölkənin indiki problemlərdən yeganə çıxış yolu, xalqın azad rəyi əsasında dinc yolla sekulyar-demokratik prinsiplərə əsasən  islam respublikası sistemindən demokratiyaya keçiddir. Düşünürük ki, yeni sistemdə insan hüquqlarına tam riayət olunmalı, qadınlara, etniklərə, dini azlıqlara qarşı ayrı-seçkiliklər bütün sahələrdə aradan qaldırılmalıdır.

 

Biz, millətlərin öz müqəddəratını təyinetmə hüquq və prinsiplərinə əsaslanaraq, BMT-nin birbaşa nəzarəti altında İranda hakimiyyətin növünü təyin etmək məqsədilə ümumxalq referendumun keçirilməsini tələb edirik. Elə bir referendum ki, İran xalqı istədiyi hakimiyyətin növünü təyin etməklə öz taleyini ələ alaraq  ölkədəki problemləri aradan qaldıra bilsin”.

 

Bəyanatı imzalayanlar:

  1. Vəkil və hüquq müdafiəçisi Nəsrin Sütudə (İran)
  2. Sülh üzrə Nobel mükafatı laureatı Şirin İbadi (Böyük Britaniya)
  3. Hüquq müdafiəçisi, məhbus Nərgiz Məhəmmədi (Tehranın Evin zindanı)
  4. İnsan hüquqları üzrə beynəlxalq vəkil Pəyam Əxəvan (Kanada)
  5. Kinorejissor Cəfər Pənahi (İran)
  6. Siyasi fəal Möhsün Saziqara (Amerika)
  7. Vəkil və hüquq müdafiəçisi Məhəmməd Seyf (İran)
  8. Siyasi fəal Hüseyn Şəriətmədari (Almaniya)
  9. Siyasi fəal Heşmətullah Təbərzədi (İran)
  10. Siyasi fəal Əbülfəzl Qədyani (İran)
  11. Keçmiş axund və müxalif islamşünas Möhsün Kədivər (Amerika)
  12. Araşdırmaçı sosioloq Kazım Kərdəvani (Almaniya)
  13. Kinorejissor Möhsün Məxməlbaf (Böyük Britaniya)
  14. Siyasi fəal Məhəmməd Məleki (İran)
  15. Kinorejissor və siyasi fəal Məhəmməd Nurizad (İran)

 

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar