SON XƏBƏRLƏR

3 azərbaycanlı fəalın məhkəmə iclası keçirilib – Sulduzda

2021.10.20, 07:36
3 azərbaycanlı fəalın məhkəmə iclası keçirilib – Sulduzda

Gunaz.tv

GünAz TV: Yanvarın 16-da Sulduz Cəza Məhkəməsinin 103-cü şöbəsində hakim Əfşin Bonyadpurun sədrliyi ilə azərbaycanlı fəallar Mədinə (Ulduz) Qasimi, Cavad Əhmədi Yekanlı və Əmir Səttarinin məhkəmə iclası keçirilib.

 

2018-ci il mayın 25-də Sulduzda 2006-ci il etirazlarında (Milli Qiyam) canlarını fəda etmiş şəhidlərin məzarı başında anım mərasimi təşkil olunub. Təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalan mərasimdə bir neçə azərbaycanlı fəal, o cümlədən yuxarıda adları çəkilən fəallar saxlanmışdır.

 

Yanvarın 9-da fəallara çağırış vərəqəsi göndərilərək onlardan “qanunsuz yığıncağa qatılmaq və başqalarını aksiyaya dəvət etməklə sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə əlaqədar məhkəməyə müraciət etmələri tələb olunmuşdur.

 

Mədəni fəaliyyətinə görə hazırda Təbriz zindanında 7 aylıq həbs cəzasını çəkməkdə olan Əmir Səttariyə məhkəmə iclasına qatılmaq icazəsi verilməyib.

 

Yanvarın 16-da keçirilən məhkəmə iclasında hakim Bonyadpur fəallara qarşı irəli sürdüyü ittihamı sözdə “pantürkizm” cərəyanı ilə əlaqələndirib, bu iddia azərbaycanlı fəalların kəskin etirazı ilə qarşılanıb.

 

Fəallar özünümüdafiə mətnini türk dilində hazırlayıb, lakin həmin mətn hakim tərəfindən qəbul olunmayıb. Fəallar bu məsələyə görə məhkəmə prosesinə etiraz ediblər.

Cavad Əhmədi Yekanlı bildirib ki, məhkəməyə təqdim olunacaq mətn yalnız türk dilində olacaq.

 

Məhkəmə iclası 2 saat sürüb.

 

2006-cı ilin may ayında “İran” qəzetinin türkləri təhqir etməsinə qarşı bütün Güney Azərbaycan şəhərlərində etiraz aksiyaları keçirildi. Etirazlarda çox sayda soydaşımız təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində şəhid oldu. Sulduzda keçirilən aksiyalarda Tohid Azəryun, Hümmət İsmzadə, Hüseyn Fəthipur (17 yaşlı məktəbli) və Əsgər Qasimi adlı soydaşımız İranın təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirildi.

Hər il may ayında Sulduzda şəhidlərin məzarı başında anım mərasimi keçirilir. Ötən illərdə keçirilən mərasimlərdə azərbaycanlı fəallar təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb, onlardan bir neçəsi saxlanılıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar