SON XƏBƏRLƏR

3 nəfər milli geyimə görə Ettelaat əməkdaşları tərəfindən döyülərək saxlanılıb – Güney Azərbaycanın Əhər şəhərində

2021.10.20, 07:36
3 nəfər milli geyimə görə Ettelaat əməkdaşları tərəfindən döyülərək saxlanılıb – Güney Azərbaycanın Əhər şəhərində

Gunaz.tv

GünAz TV: İranda qeyri-fars millətlərinə qarşı etirazlar səngimək bilmir.

 

Bu dəfə Güney Azərbaycanın Əhər şəhərində 3 gənc bəluç milli geyimlərindən istifadə etdiklərinə görə Ettelaat əməkdaşları tərəfindən döyülərək saxlanılıb.

 

“Bəluç fəallarının kampaniyası” tərəfindən yayılan məlumata əsasən, sentyabrın 2-də baş verən hadisədə İranşəhrdən olan Sabir Rəhmani, Milad Şirvani və Məhəmməd Moid Şirvani dövlət nömrə nişanı Bəluçistana məxsus olan avtomobillə Şərqi Azərbaycan Əyalətinin Əhər şəhərində Ettelaat əməkdaşları tərəfindən saxlanılıb.  

 

Şahidlərin dediyinə görə, Ettelaat əməkdaşları adı çəkilən şəxslərə bəluç geyimi və avtomobillərinin dövlət nömrə nişanına görə şübhələnib. Ettelaat əməkdaşları həmin şəxslərin çantalarını təhqiramiz şəkildə yoxlayaraq onların şəxsi əşyalarını ayaqlar altına atıblar. Çantalarda heç bir qadağan olunmuş əşya tapa bilməyən məmurlar bəluçları milli geyimdən istifadə etdiklərinə görə döyərək Ettelaat İdarəsinə aparıblar.

 

Gənclər yaxalanarkən “biz bəluçuq, bəluç geyimi bizim kimliyimizdir” deyə məmurlara səsləniblər.

 

Məlumata görə, yerli əhalinin etirazı ilə qarşılanan Ettelaat İdarəsi sözügedən bəluç gənclərini bir neçə saat saxladıqdan sonra sərbəst buraxıb.

 

İranın cənub-şərqində yerləşən Bəluçistan ölkənin ən yoxsul əyalətlərindən biridir. Sünni məzhəbinə mənsub olan bəluçların özünəməxsus dili var. Onlar dil və məzhəb fərqinə görə davamlı olaraq İran rejiminin ayrı-seçkilik siyasəti ilə üzləşir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar