SON XƏBƏRLƏR

Qaşqay türklərinin milli geyimdə parklara girişinə qadağa qoyulur

2022.06.11, 08:00
Qaşqay türklərinin milli geyimdə parklara girişinə qadağa qoyulur

Gunaz.tv

Fəallardan biri Şirazın “Baği Narincistan” parkına qaşqay geyimində gedən gənc qızın keşikçilər tərəfindən oradan uzaqlaşdırıldığını yazıb.

“Bir neçə gün bundan öncə anam və həyat yoldaşımla Şirazın “Erəm” parkına getdik. Park mühafizəçiləri anamın milli geyimdə olduğuna irad tutdu və bizi oradan uzaqlaşdırdılar.

Onlar anamın ya çadra örtməli və ya parkdan çıxmalı olduğunu dedilər. Bir neçə on illik öncəyə kimi qaşqaylara məxsus olan bağa analarımızın öz milli geyimimizdə girişinə qadağa qoyulması nə deməkdir”-deyə, başqa bir qaşqay fəal bildirib.

Qeyd edək ki, Şirazda on minlərlə türk qaşqay ailəsi yaşayır və bir neçə on illik bundan öncəyə kimi bu bölgənin torpaq və bağlarının çoxunluğu onlara məxsus idi.

Ancaq hökumətin anti-türk siyasəti nəticəsində qaşqayların asimilyasiyası sürətləndirilib.

Qaşqaylar tarixi torpaqlarında köçürülür, otlaq, əkin və bağ sahələri onların əllərindən alınır.

Son bir ildə Fars, İsfahan, Xuzistan, Kohgiluyə və Boyerəhməd əyalətlərində müxtəlif bəhanələr adı altında qaşqaylar deportasiya edilir, onlara məxsus torpaqlar mənimsənilir.

Basqıların artmasından sonra qaşqay türklərini Sımirom şəhərindən İran parlamentində təmsil edən millət vəkili Əsgər Səlimi bu ilin aprel ayının sonlarında İran hökumətini qaşqaylara qarşı ayrı-seçkilikdə ittiham edib.

“Qaşqaylar ən az imkanlara malik olmalarına baxmayaraq, xüsusilə ölkənin qida məhsulları təminatı sahəsinə ən çox bəhrə verən xalq olublar.

Onlar müharibə vaxtı bu ölkənin sərhədlərinin qorunmasında fədakarlıq göstərib, canlarını veriblər və bu gün qarşılığında evlərinin başlarına uçurulması "mükafatlandırılırlar"”-deyə, Səlimi bildirib.

Qaşqay türklərinin bütün adi imkanlardan məhrum olduğunu vurğulayan Səlimi deyib ki, onlar öz yürd-yuvalarından məcburi köçürülür, evləri dağıdılır.

İranın cənub və mərkəzi bölgələrində yaşayan qaşqay türklərinin ortalama sayı 3 milyon nəfərdən ibarətdir.

İranın Kohgiluyə və Böyirəhməd, İsfahan, Fars, Xuzistan və Buşehr əyalətlərində yaşayan qaşqay türklərinin torpaqları “Qaşqay yurd” adı ilə tanınır.

Onlar yüksək dağlıq ərazilərdə yaşayırlar və daha çox maldarlıq və toxuculuqla məşğul olurlar. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar