SON XƏBƏRLƏR

Abbas Lisaninin 8 il həbs və 2 il sürgünə məhkum edilməsi barədə ətraflı məlumat...

2021.10.20, 07:36
Abbas Lisaninin 8 il həbs və 2 il sürgünə məhkum edilməsi barədə ətraflı məlumat...

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəalı Abbas Lisani iddianamədə qeyd olunan ittihamlardan bəraət qazandığı halda 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

 

Hökm Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsinin rəisi hakim Xudadadi tərəfindən çıxarılıb. 4 məhkəmə iclası və təxminən 6 ay saxlandıqdan sonra çıxarılan hökmə əsasən fəal 8 il həbs və 2 il Yəzd şəhərinə sürgünə məhkum olunub.

 

Tanınmış fəal iddinamədə qeyd olunan ittihamlardan bəraət qazansa da məhkəmə prosesi zamanı elan olunmayan “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qrup yaratmaq” kimi qondarma ittihamla üzləşib. İttihamda adı çəkilməyən qrup fəalın bəraət qazandığı “GAMAC Təşkilatını yaratmaq” ittihamından fərqlidir.

 

Məhkəmə hökmü iyulun 8-də Ərdəbil zindanında Abbas Lisaniyə elan olunub.

 

Fəal məhkəmə prosesi zamanı sistemə müxalif kütləvi informasiya vasitələrinə müsahibə verib və çıxış etməklə Qərbi Azərbaycanda türk qövmlərini təhrik etmək, sözdə mədəni qrup adlanan GAMAC-da (təşkilatın əsas qolu) üzv olmaq, həmçinin onun yaradılması və idarəçilində iştirak etmək, sistemə qarşı olan mətbuat orqanlarına müsahibə verərək yalan məlumat yaymaq yolu ilə sistemin əleyhinə təbliğat aparmaq kimi qondarma ittihamlarla üzləşmişdir. Lakin ittihamları sübut edən dəlil  və sənəd olmadığı üçün irəli sürülmüş bütün ittihamlara xitam verilib. Buna baxmayaraq tanınmış fəal məhkəmə prosesi zamanı elan olunmayan ittihamla üzləşib və həmin ittihama görə ağır həbs və sürgün cəzasına məhkum edilib.

 

Abbas Lisani yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxmışdır. Sonralar onun təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə Ərdəbilə aparıldığı məlum oldu. O təxminən 6 aydır ki, Ərdəbil zindanında saxlanılır. Soydaşlarımız bu müddətdə fəalın azadlığa buraxılmasını tələb edən bir çox tədbirlər həyata keçirib.

 

Abbas Iisani 20 ildən çoxdur ki, Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda mədəni mübarizə aparır. O bu müddətdə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, işgəncə edilib, uzun illər həbs olunub və müxtəlif təzyiqlərlə üzləşib.

 

Düzəliş: Ötən gün Abbas Lisani barəsində çıxarılan məhkəmə qərarı ilə bağlı yaydığımız xəbərdə onun 8 il həbs və ailəsi ilə birlikdə 2 il Yəzdə sürgün edilməsi haqda hökm çıxarıldığı qeyd olunmuşdur. Sonrakı araşdırmalarda fəalın ailəsinin sürgünə məhkum edilməsi haqda yayılan xəbərin doğru olmadığı məlum olub. Yol verilən yanlışlığa görə GünAz TV və saytımızın izləyicilərindən üzr istəyirik.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar