SON XƏBƏRLƏR

Abbas Lisaniyə məhkəmə hökmü çıxarıldığı barədə SMS göndərilib

2021.10.20, 07:36
Abbas Lisaniyə məhkəmə hökmü çıxarıldığı barədə SMS göndərilib

Gunaz.tv

GünAz TV: Təbriz İnqilab Məhkəməsinin 2-ci Şöbəsi tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaniyə SMS göndərərək barəsində hökm çıxarıldığını bildirib.

 

İnqilab Məhkəməsi sentyabrın 18-də qeyri-ənənəvi bir şəkildə Abbas Lisanini SMS vasitəsi ilə məhkəməyə çağıraraq mərhum ustad Həsən Dəmirçinin dəfn mərasimindəki çıxışı ilə bağlı mühakimə olunacağını bildirmişdir.

 

Abbas Lisani isə qanuni şəkildə və rəsmi yazılı kağızla çağırılmadığı üçün təyin edilmiş vaxtda məhkəməyə müraciət etməyəcəyini bildirmişdir.

 

Məhkəmə sentyabrın 23-də Abbas Lisaniyə SMS göndərərək barəsində hökm çıxarıldığını elan edib. SMS-də mesajın təxirlə göndərildiyi də bildirilib.

 

Qeyd etmək lazımdır ki, çağırış mesajından sonra məhkəmənin yalnız şənbə günü, o da qiyabi olaraq dosyeyə baxma imkanı olub. Rəsmi tətil olduğuna görə məhkəmə başqa günlərdə bu işə baxa bilməzdi. Bütün bunlar məhkəmə prosesinin formal və qanunsuz olduğunu göstərməkdədir.

 

Qanuna görə, müttəhimə məhkəmə iclasından azı bir həftə əvvəl xəbər verilməlidir. Abbas Lisaniyə göndərilən çağırış vərəqəsində bu qanuna da riayət edilməyib.

 

Tanınmış fəal iyulun 2-i Təbriz vaxtı ilə saat 19 radələrində öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Babək qalası yürüşünə bir neçə gün qalmış tutulan fəal Şərqi Azərbaycan Məhkəməsinin qərarı əsasında Ərdəbil prokurorluğu tərəfindən Təbrizin Ettelaat İdarəsinə intiqal edilmişdir.

Təbrizdə Şərqi Azərbaycan Prokurorluğunun 12-ci şöbəsində məhkəmənin fəala qarşı irəli sürdüyü ittiham açıqlanıb. “Mərhum Həsən Dəmirçinin dəfn mərasimində çıxış etməklə sistemin əleyhinə təbliğat aparmaq”da günahlandırılan fəal 12 gün saxlandıqdan sonra iyulun 14-də 50 milyon tümənlik mülki vəsiqə qarşılığında Təbrizin Mərkəzi Zindanından azadlığa buraxılıb.

 

Beynəlxalq Əfv Təşkilatı avqust ayında türk, fars və ingilis dillərində Babək qalası yürüşü və Savalan dağında tutulan azərbaycanlı fəallarla bağlı bəyanat yayaraq təcridxanalarda saxlanılan fəalların qeyd-şərtsiz azadlığa buraxılması və digər tutulan fəallara bəraət verilməsini tələb edib.

Bəyanatda qeyd olunan mərasimlərlə bağlı 120 nəfərin saxlandığı açıqlanıb, onlardan bir neçəsi, o cümlədən Abbas Lisani, İbrahim Nuri, Cəfər Rüstəmirad,  Kiyumərs İslami, Həmid Ədib Şəfəq, Məhəmməd Colani, Meysəm Colani, Əli xeyrcu, Möhsün İsməili, Əsgər Əkbərzadə, Rəhim Qulami, Əli Vasiqi, Səid Sadiqifər, Mehdi Huşmənd, Murtaza Pərvin, Mustafa Pərvin, Tohid Əmir Əmini, Əli Ruhbəxş, Qulam Quluzadə və Məhəmməd Azadın saxlanılması barədə ayrı-ayrılıqda araşdırma aparıldığı bildirilib.

 

Tanınmış milli-mədəni fəal Abbas Lisani Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.

 

 

N.S

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar