SON XƏBƏRLƏR

Abbas Musəvi: “Sərhədlərin bağlanması müvəqqətidir. Xarici İşlər Nazirliyi qonşu ölkələrlə danışıqlar aparır”

2021.10.20, 07:36
Abbas Musəvi: “Sərhədlərin bağlanması müvəqqətidir. Xarici İşlər Nazirliyi qonşu ölkələrlə danışıqlar aparır”

Gunaz.tv

GünazTV: İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi fevralın 24-də jurnalistlərə açıqlamasında koronavirus təhlükəsindən və qonşu ölkələrin İranla sərhədləri bağlamasından danışıb.

 

O bildirib ki, İranın Xarici İşlər Nazirliyi sərhədlərin yenidən açılması üçün qonşu ölkələrlə danışıqlar aparır: “Qonşu ölkələrin koronavirusun yayılmasından ehtiyatlanaraq sərhədləri bağlaması təbii haldır. Lakin hesab edirik ki, bu məsələ insanların gəliş-gedişinə və hətta ölkələr arasındakı ixracat və idxalat işinə mane olmamalıdır. Hazırda İranın Xarici İşlər Nazirliyi səfirliklər vasitəsilə qonşu ölkələrin rəsmiləri ilə danışıqlar aparır və onları əmin etmək istəyir ki, virusa yoluxmaqda şübhəli bilinən hər hansı bir şəxs sərhədlərdən keçməyəcək.

 

Güman etmirəm ki, sərhədlər uzun müddət bağlı qalacaq. Sərhəd keçid məntəqələrinin bağlanması müvəqqəti xarakter daşıyır və virusun yayılmasının qarşısını almaq üçündür.

 

Ölkədə virusa qarşı ciddi mübarizə aparıldığını nəzərə alaraq, ümid edirəm ki, biz tezliklə virusa yoluxma hallarının sürətlə azalmasının şahidi olacaq, ölkə vətəndaşlarına və qonşu ölkələrə xoş xəbərlər verəcək, onları əmin edəcəyik ki, hər hansı bir təhlükə onları təhdid etməyəcək” -deyə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi əlavə edib.

 

Son günlər Türkiyə, İraq, Azərbaycan Respublikası, Ermənistan, Pakistan, Əfqanıstan və Türkmənistan virusun yayılmasının qarşısını almaq üçün müvəqqəti olaraq İranla sərhədləri bağlayıblar.

 

 

Qeyd edək ki, İran rejimi koronavirusdan ölənlərin 12, ona yoluxanların isə 61 nəfər olduğunu bildirsə də, İranın tibb mərkəzlərində fəaliyyət göstərən müstəqil mənbələr, bu rəqəmin qat-qat çox olduğunu və hökumətin ölkədə baş verməkdə olan faciənin dəhşətli miqyasını xalqdan gizlətməyə çalışdığını bildirirlər.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar