Amerika Birləmiş Ştatları fevralın 18-də bəyanat yayaraq, 5+1 qrupunun İranla keçirəcəyi toplantıda iştirak etməyə hazır olduğunu bildirib.
Gunaz.tv
Amerika Dövlət Departamentinin sözçüsü Ned Prays fevralın 18-də mediaya açıqlamasında deyib ki, Vaşinqton İranın nüvə probleminin diplomatik yollarla həll edilməsi məqsədilə 5+1 qurupunun İranla keçirmək istədiyi toplantıya qatılmaq üçün Avropa İttifaqının dəvətini qəbul edib.
Ned Praysın bu açıqlaması, rəsmi Parisin təşəbbüsü ilə Amerika, Almaniya, Fransa və Böyük Britaniyanın xarici işlər nazirlərinin online şəkildə keirdiyi iclasından sonra yayılıb.
Bildirilir ki, ABŞ 5+1 qrupunun İranla keçirəcəyi toplantıya qatılarsa, Amerika ilə İran rəsmiləri bir neçə il fasilədən sonra yenidən üz-üzə oturub nüvə məsələsini müzakirə etməli olacaqlar.
“New York Times” qəzetinin yazdığına görə, Amerika hökumətinin bu qərarı, Ağ evin Qərblə İran arasında imzalanmış nüvə sazışının bərpası istiqamətində atdığı mühüm bir addımdır.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays
Bunun ardınca, Amerikanın BMT-dəki müvəqqəti nümayəndəsi Təhlükəsizlik Şurasının 15 üvünə məktub yazaraq, Co Bayden hökumətinin keçmiş prezident Donald Tramp administrasiyasının İrana qarşı "tətik mexanizmi"nin işə salınması ilə bağlı qərarını, eləcə də BMT-nin İrana qarşı bütün sanksiyalarının qaytarılması ilə bağlı istəyini geri götürdüyünü bildirib.
Həmçinin adının çəkilməsini istəməyən ABŞ-ın yüksək səviyyəli rəsmilərindən biri “Röyters” agentliyinə açıqlamasında Co Bayden hökumətinin İranın Nyu-Yorkdakı diplomatlarının və onların ailə üzvlərinin Nyu-York şəhərində sərbəst hərəkətinə və onların şəhərlərarası səfərlərinə qoyduğu məhdudiyyətləri ləğv etməsindən xəbər verib.
Fransa agentliyinin bildirdiyinə görə, İran hökumətinin Amerika ilə üz-üzə danışıqlar aparmağa razılıq verib-verməyəcəyi hələlik məlum deyil.
Xatırladaq ki, Bayden hökuməti bundan əvvəl hər hansı bir yeni müzakirədən əvvəl İranın nüvə razılaşması əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini, rəsmi Tehran isə yeni nüvə danışıqlarından əvvəl Amerikanın İrana qarşı tətbiq etdiyi bütün sanksiyaları ləğv etməsini tələb etmişdi.

A.M