SON XƏBƏRLƏR

ABŞ AZƏRBAYCANIN NATO-ya ÜZVLÜYÜNÜ İSTƏYİR.Rusiya isə Bakını gözləyəcək problemlər haqda xəbərdarlıq edir

2021.10.20, 07:36
ABŞ AZƏRBAYCANIN NATO-ya ÜZVLÜYÜNÜ İSTƏYİR.Rusiya isə Bakını gözləyəcək problemlər haqda xəbərdarlıq edir

Gunaz.tv
ABŞ AZƏRBAYCANIN NATO-ya ÜZVLÜYÜNÜ İSTƏYİR Rusiya isə Bakını gözləyəcək problemlər haqda xəbərdarlıq edir 2562.jpg Gürcüstan və Ukraynanın ardınca ABŞ Azərbaycanın da NATO-ya üzvlük barədə strateji seçim etməsini istəyir. Birləşmiş Ştatların Bakıdakı səfiri Enn Dersi bugünlərdə bəyan edib ki, məsələ qarşıdakı ABŞ-Azərbaycan təhlükəsizlik danışıqlarında konkret formada müzakirə olunacaq. İki ölkə arasında ənənəvi illik təhlükəsizlik danışıqlarının gələn ay Vaşinqtonda keçiriləcəyi gözlənilir. Həmin danışıqlarda Azərbaycandan xarici işlər nazirinin müavini, müdafiə, milli təhlükəsizlik, dövlət sərhəd xidməti və digər qurumlardan yüksək rütbəli rəsmilər iştirak edir. Bu danışıqları iki ölkə arasında təhlükəsizlik məsələlərinə dair əməkdaşlığın illik planlaşdırması da saymaq olar. Belə ki, danışıqları zamanı il ərzində təhlükəsizlik sahəsində hansı konkret işlərin görülməli olduğu müəyyən edilir. Bura NATO ilə tərəfdaşlıq məsələləri, sərhəd təhlükəsizliyi və digər məsələlər daxildir. Enn Dersinin bu açıqlaması Rusiyada da diqqəti cəlb edib. “Moskovskiy komsomolets” qəzetinin yazdığına görə, rəsmi Bakı indiyədək heç vaxt alyansa üzv olmaq niyyətini açıqlamayıb. Ancaq belə görünür ki, Azərbaycan NATO ilə Gürcüstan və Ukraynadan daha sıx əməkdaşlıq edir. Qəzet yazır ki, ABŞ-ın Azərbaycanı NATO sıralarında görmək marağı başadüşüləndir. Çünki Birləşmiş Ştatlar Azərbaycanın neftini təkcə almaq yox, həm də ona nəzarət etmək istəyir. Digər tərəfdən, Azərbaycanın NATO-ya üzvlüyü alyansın Xəzər regionuna çıxışını təmin edərdi. Hansı ki, öz srateji önəminə görə hətta Fars körfəzini arxada qoyur. Rusiyanın MDB İnstitutundan Cənuni Qafqaz üzrə ekspert Mixail Aleksandrov qəzetə açıqlamasında deyib ki, Azərbaycan özünün NATO-ya üzvlüyü məsələsini birmənalı şəkildə Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində görür. Yəni Bakı hesab edir ki, Qərb münaqişənin həllinə kömək edərsə NATO-ya üzvlük haqda qərar verilə bilər: “Daha doğrusu, Qərbdən tələb edilir ki, Ermənistanı Dağlıq Qarabağı qaytarmağa razı salsın. Lakin Ermənistan Rusiyanın hərbi müttəfiqi olduğundan belə variant mümkün deyil. Bununla belə, Qərb Azərbaycanın strateji önəmini başa düşərək Azərbaycanı Dağlıq Qarabağ münaqişəsi həll edilmədən də NATO sıralarına cəlb etməyə çalışır” . Qəzetin yazdığına görə, Amerika tərəfdən Azərbaycanın NATO-ya üzvlüyü haqda danışıqların aparılacağı haqda məlumat məhz Rusiya prezidenti Dmitri Medvedevin Bakıya səfəri ərəfəsində ortaya atılıb. Belə ehtimal edilir ki, Vaşinqton Bakı ilə Rusiya arasında münasibətlərin həddən çox yaxınlaşmasını istəmir: “Maraqlıdır ki, indiyədək Azərbaycan rəhbərliyi NATO-ya üzv olmaq niyyəti haqda deməyib, ancaq bunu onların əvəzindən Amerika səfiri deyir. Prinsipcə Amerika tərəfdən Azərbaycanın NATO-ya üzvlüyü məsələsinin ortaya atılması Bakıya Medvedevlə danışıqlarda əlavə rıçaq verir. Lakin Bakıda yaxşı başa düşürlər ki, NATO-ya üzv olmaq haqda real niyyətin ortaya qoyulması Azərbaycanın təhlükəsizliyi üçün çox ciddi fəsadlar ortaya çıxara bilər. Çünki bundan təkcə Rusiya yox, İran da bərk narazı qalacaq. Əgər Bakı NATO-ya üzv olmaq niyyətini bəyan etsə, ekspertlər hesab edirlər ki, bu, Azərbaycana Rusiyada yaşayan 1 milyondan çox azərbaycanlı, Qarabağ münaqişəsi, Xəzərin bölünməsi kimi məsələlərdə ciddi başağırısı verəcək”. “Newsinfo.ru” saytı isə yazıb ki, Azərbaycan NATO ilə fəal əməkdaşlıq edir. Doğrudur, Ukrayna və Gürcüstana üzlük üçün fəaliyyət planı təqdim edilmək üzrədir, Azərbaycan isə hələ bir mərhələ geridə - Fərdi Tərəfdaşlıq Planın icrasındadır. Bununla belə, Azərbaycan öz ordusunu NATO standartlarına uyğun yenidən qurur, bu prosesi alyans nümayəndələri fəal şəkildə izləyir. Rusiyalı ekspert Sergey Çernyaxovski hesab edir ki, Azərbaycanın alyansa yaxınlaşması Moskvanın düzgün olmayan siyasəti sayəsində baş verib. Belə ki, indiyə qədər Rusiya NATO-nun onun sərhədlərinə doğru genişlənməsinə müqavimət göstərəndə diqqəti Gürcüstan və Ukraynanın üzərinə cəmləyib, Azərbaycana isə bu məsələdə təzyiq edilməyib: “Lakin Rusiya anlatmalıdır ki, NATO-ya üzvlük Azərbaycana yaxşı heç nə vəd etməyəcək. Nəzəri olaraq Moskva Qarabağ məsələsindən öz maraqları üçün istifadə edə bilər. Çünki Moskvanın Ermənistana təsir imkanları böyükdür. Hələlik belə görünür ki, Azərbaycanın NATO-ya üzvlüyü məsələsi uzunmüddətli perspektiv üçün nəzərdən keçirilir, lakin bunun özü Rusiya üçün siqnal olmalıdır”. F.MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar