SON XƏBƏRLƏR

ABŞ BAKIDAKI SƏFİRLİYİNİN TƏHLÜKƏSİZLİYİNDƏN NARAHATDIR

2021.10.20, 07:36
ABŞ BAKIDAKI SƏFİRLİYİNİN TƏHLÜKƏSİZLİYİNDƏN NARAHATDIR

Gunaz.tv
Dövlət Departamenti diplomatları üçün yeni bina inşa edilməsi məqsədilə vəsait axtarır ABŞ Dövlət Departamenti hesab edir ki, Azərbaycandakı səfirliyin, eləcə də Birləşmiş Ştatların xarici ölkələrdəki daha 149 diplomatik missiyasının binaları təhlükəsizlik standartlarına cavab vermir. Diplomatik nümayəndəliklərin təhlükəsizliyinin qorunmasına hər il büdcədən 4 milyard dollar alan Dövlət Departamentinin rəhbərliyi hesab edir ki, binaların daha təhlükəsiz yerlərə köçürülməsinə əlavə 8 milyard dollar vəsait lazımdır. “Assoşeyted press” agentliyinin yaydığı xəbərdə deyilir ki, hazırda ABŞÿ Azərbaycan, Tailand, Serbiya, Rumıniya, Seneqal, BƏƏ, Əfqanıstan, Ukrayna, CAR-dakı səfirliklərinin yeni binalarının tikintisi üçün 19 layihə üzərində işləyir. Ümumilikdə isə yenidənqurmaya 256 diplomatik missiyası məruz qalacaq. Dövlət Departamentinin yaydığı məlumatda bildirilir ki, binaların köçürülməsi prosesi 2018-ci ilədək başa çatdırılacaq. “Biz Azərbaycanda ABŞ səfirliyi üçün hər hansı təhlükə görmürük. Ancaq ola bilər ki, səfirliyin təhlükəsizliyi hələ maksimum həddə deyil”. Bu sözləri isə “Azadlıq” radiosuna ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin direktoru Conatan Henik deyib. Onun sözlərinə görə, Birləşmiş Ştatların dünya ölkələrindəki səfirlik binalarının təhlükəsizliyi məsələsi 2001-ci il 11 sentyabr terror olaylarından sonra gündəmə gəlib. O, ABŞ-ın bütün səfirlik binalarının təhlükəsizliyinin ciddi nəzarətdə saxlandığını bildirib. Henik ABŞ-ın Azərbaycanda səfirlik üçün yeni bina tikintisinin də gündəmdə olduğunu deyib. Onun sözlərinə görə, indiki səfirlik binası kiçik olduğundan tələblərə cavab vermir. Hələlik binanın harada inşa ediləcəyi bəlli deyil. Bir neçə yer təklif olunsa da seçim edilməyib. Qeyd edək ki, ABŞ səfirliyinin binası “Dostluq” kinoteatrı yaxınlığında, keçmişdə kitabxana kimi fəaliyyət göstərən binada yerləşir. Bir neçə il əvvəl səfirliyin təhlükəsizliyini daha yaxşı təmin edə bilmək üçün yaxınlıqdakı yaşayış evləri köçürüldü və sahiblərinə ABŞ hökumətinin ayırdığı kompensasiya verildi. Həmin vaxt Bakı Şəhər İcra Hakimiyyətində kompensasiyaların bir hissəsinin mənimsənilməsi ilə bağlı qalmaqal da yarandı və uzun müddət davam etdi. Lakin həmin evlərin sökülməsindən sonra da səfirliyin təhlükəsizlik problemi tam həll edilməyib. Yaxınlıqdakı 9 mərtəbəli yaşayış binası düz səfirliyin həyətinə bitişikdir, həmçinin səfirliyin qarşısında sıx nəqliyyat axını var. Ötən il “əl-Qaidə” üzvü olan bir qrup şəxsin səfirliyə hücum hazırladığı üzə çıxdı və bununla bağlı diplomatik missiya fəaliyyətini bir neçə gün məhdudlaşdırdı. Həmin hücum zamanı səfirliyin giriş qapısına avtomat və qumbaralarla hücum edilməsi nəzərdə tutulurdu. Siyasət şöbəsi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar